CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşmüş alpinistlərlə bağlı açıqlama: "Mümkün deyil"

Klub dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməmələri barədə xəbəri təkzib edib
Sputnik

BAKI, 4 yanvar — Sputnik. "Gilavar" Hava və Ekstremal İdman Klubu itkin düşən alpinistlərin əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, klubun rəsmi "Facebook" səhifəsində məlumat paylaşılaraq, dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verilməməsi barədə yayılmış xəbər təkzib edilib.

Hərbçidən itkin düşmüş alpinistlərlə bağlı ilginc açıqlama

"Alpinistlərimizin axtarışı bu gün də davam edir. Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edir. Birbaşa Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır" — deyə məlumatda bildirilir.

"Hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reyting xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hissləri ilə oynayır. Üstəlik "Xəzər" TV kimi yetəri qədər izləyici kütləsi olan bir kanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir" — qeyd olunur.

Daha sonra əlavə edilir: "Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayın. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək".

"Digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verilməməsidir. Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər. Ümidimizi üzmür, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq" — klub rəsmən bəyan edir.