İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 3 yanvar — Sputnik. Yeni ilin ilk günlərini yaşayırıq. Hər yeni ildə hər birimiz öncə geridə qoyduğumuz ilə nəzər salır, dəyərləndirmə aparırıq. Bundan sonra isə yeni il üçün yeni planlar qurur, başladığımız ilin uğurlu olmasını diləyirik. Həmçinin yeni ilin astanasında qarşımıza reallaşdırmaq üçün bəzi məqsədlər qoyuruq və bununla bağlı qərarlar veririk.
Amerikada aparılan bir araşdırmada iştirak edən 200 min insanın 90 faizi əvvəllər yeni ildə həyata keçirmək üçün qərarlar aldığını bildirib, lakin çox az adam qərarlarını reallaşdıra bildiyini etiraf edib. Yəni heç də hər şey insanın düşündüyü, planlaşdırdığı, qərarlaşdırdığı kimi olmur. Bunu nəzərə alan mütəxəssislər qərarları həyata keçən insanlar üzərində yenidən araşdırma aparıblar. Onların bu qərarları həyata keçirə bilmə qabiliyyətlərinin nədən qaynaqlandığını müəyyənləşdirməyə çalışıblar.
Sputnik Azərbaycan-a danışan psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, insanlar yeni ildə hər zaman yeni qərarlar alırlar: "Bəzən Yeni ilə az qalmış belə insanlar həyatlarını düşünür və il başlayana qədər qərar verməyə çalışırlar. Məsələn, "Yeni ildə gözəl olmalıyam", "Yeni ildə yeni sevgilim olmalıdır", "Yeni il başlayana qədər arıqlamalıyam", "bu il bu adamdan ayrılmalıyam" və s. düşüncələrlə yaşayırlar".
Psixoloq bildirir ki, insanların yeni ilə yeni arzularla daxil olması psixoloji baxımdan onlar üçün çox yaxşıdır. Çünki yeni ilə yeni düşüncələrlə keçən insanlar elə düşünür ki, yeni ilə necə keçərsənsə, ilin də elə keçər. Amma düşüncələrin reallaşması üçün də xüsusi bir neçə nüansa diqqət etmək lazımdır.
F.Mehmanqızı həmin vacib nüansları da açıqlayır: "Hədəflərinizi təyin edərkən cümlələri müsbət dildə qurun. Çalışın ki, sözlər müsbət enerjili olsun. Mənfi enerji verən sözlərdən istifadə etməyin. "Mən daha ağır yeməklər yeməyəcəyəm" əvəzinə "mən daha yağlı, qovurulmuş, kalorili yeməklər yeməyəcəyəm" deyə bilərsiniz. Və yaxud, avtomobil almaq istəyirsinizsə, onun rəngini, markasını və ilini belə müəyyənləşdirin. "Mən bu il avtomobil alacağam", deyə keçməyin. Ev arzusundasınızsa, ərazini, arzuladığınız evi konkret olaraq canlandırırn. Çünki ruhumuz elə proqramlaşdırılıb ki, istədiklərimiz konkret olanda onu əldə edə bilirik. Bu səbəbdən də hədəfləriniz və qurduğunuz cümlələr dəqiq olmalıdır".
Psixoloqun sözlərinə görə, əgər yeni ildə ailə qurmağı arzulayırsınızsa, "bu il ailə quracağam" deyə hədəfləyin, "bəlkə ailə qurdum" hədəfi yayındırır: "Məsələn "mən bundan sonra ailəmə vaxt ayırmağı düşünürəm" demək yerinə, "mən ailəmə daha çox vaxt ayıracağam" deyin. Eləcə də digər arzularınız da, idmana getmək, arıqlamaq, yeni sevgili tapmaq, arzuladığınız işə daxil ola bilmək hədəfiniz konkret olmalıdır".
Ekspert, həmçinin hədəflərinizi yazmağı da məsləhət görür: "Hədəflərinizi yazın. İki-üç sürətini çıxarıb, yataq otağının, evin, soyuducunun qapısına, qısacası, gözünüzün görə biləcəyi hər yerə vurun. Hədəfləriniz elə olmalıdır ki, gözünüz hər yerdə onları görsün. Ən başlıcası, həyatdan nə istədiyinizə qərar verin. Nə istədiyini bilməyən insan heç nə əldə edə bilməz".
Psixoloq onu da vurğulayır ki, hədəflərinizi təyin etdiyiniz zaman büdcə də mütləq nəzərə alınmalıdır: "Büdcənizə, sizin üçün nə qədər önəmli olduğuna, ailənin ehtiyaclarına da diqqət edin. Əks halda arzularınız xəyal olaraq qala bilər. Məsələn, ayda 300 manat qazanan insan özü üçün 200 min manatlıq avtomobil hədəfləyə bilməz və yaxud savadsız, bacarıqsız insan hansısa yüksək vəzifəni arzulaya bilməz. Arzulayarkən belə özünüzə, gücünüzə fikir verin".
Həmsöhbətimiz bildirir ki, bütün bunlardan sonra xüsusi cədvəl tərtib edilməlidir: "Bundan sonra isə özünüz üçün cədvəl hazırlayın. Hədəflərin həyata keçməsi üçün özünüzə və ailənizə bir zaman cədvəli hazırlamalısınız. Hədəflərinizi hansı zamana qədər reallaşdıra biləcəyinizi təxmin edərək həmin cədvəldə qeyd edin. Və hər bir istəyinizə çatdıqca qeyd etdiyiniz hədəfi işarələyin. Bu cədvələ baxıb etdiklərinizi görmək sizi ruhlandıracaq".
Fərqanə Mehmanqızı sonda hədəflərə çatmaq üçün özünəinamın böyük rol oynadığını deyir və oxucularımıza bir neçə məsləhət verir: "Ən başlıcası, hədəflərinizə çatmaq üçün özünüzə inanın. Hədəflərinizi ailənizlə paylaşın. Ən çox da reallaşan hədəflərinizdən danışın. Mənfi vərdişləriniz varsa, siqaret, spirtli içki, narkotik maddə istifadəsi və s. bunlardan uzaqlaşın. Tərgitməyi qarşınıza məqsəd qoyun. Vaxtınızı hədəflərinizə, özünüzə və ailənizə sərf edin. İdmana daha çox vaxt ayırın. İctimai media və televiziya izləmə saatlarını məhdudlaşdırın. İnsan kimi yaşamağa çalışın. O zaman hədəflərinizə daha tez çatacaqsınız".