Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın fındıq ixracından gəlirləri artır - Əsas bazar Rusiyadır

© Sputnik / Tomas Thaytsuk / Mediabanka keçidFındıq satışı, arxiv
Fındıq satışı, arxiv - Sputnik Azərbaycan, 1920, 05.02.2025
Abunə olmaq
2025-ci ilin yanvarın 1-dən mayın 31-dək Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda salınan intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat əkin subsidiyası veriləcək.
BAKI, 5 fevral — Sputnik. Azərbaycanın kənd təsərrüfatı məhsulları arasında fındıq mühüm yer tutur və ixrac potensialına görə qərzəkli meyvələr arasında birinci yerdə qərarlaşıb. Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 129 milyon dollar dəyərində fındıq ixrac edilib. Bu da 2023-cü illə müqayisədə 4,6 faiz çoxdur. Ölkəmizdən Rusiya, Belarus, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İsveçrə, Türkiyə, Almaniya, İtaliya, Polşa və digər ölkələrə fındıq ixrac olunub.
Fındıq bağlarına görə subsidiya verilir
Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək salınan intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat məbləğində əkin subsidiyası veriləcək. Həmçinin 2025-ci ilin yanvarın 1-dən mayın 31-dək Quba-Xaçmaz Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda salınan və sahəsi azı 1 hektar olan intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat əkin subsidiyası veriləcək.
Azərbaycan fındığı Avropa bazarlarında...
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, AQTA idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir: "Həmin çərçivədə AQTA tərəfindən həyata keçirilən, o cümlədən fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı görülən işlər müsbət nəticə verir. Keçən il Avropa İttifaqının (Aİ) "Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi"ndə ölkəmizdən İttifaqa üzv olan dövlətlərə ixrac edilən fındıqda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu, respublikamızda qida məhsullarının ixracı zamanı tətbiq olunan nəzarət tədbirlərinin gücləndirilməsinin birbaşa nəticəsidir. Eyni zamanda, ölkəmizdə fındıq istehsalı və ixracı sahəsində təhlükəsizlik və keyfiyyətin artırılmasına, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsinə, qida təhlükəsizliyinin daha yüksək səviyyədə qorunmasına dair həyata keçirilən genişmiqyaslı tədbirlərin uğurlu göstəricisidir. Əldə olunan nəticə isə respublikamızda istehsal edilən fındığın Avropa bazarlarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək".

"Məhsul yığımı və emalı mərhələlərində fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınması məqsədilə AQTA tərəfindən "Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları" adlı tənzimləmə sənədi qəbul olunub. Fındığın vaxtında və optimal şəraitdə yığılması, optimal temperaturda və rütubətdə, kif göbələklərinin yayılmasının qarşısını alan şəraitdə qurudulması məhsulun minimum keyfiyyət və təhlükəsizliyinin qorunmasını təmin edir. Bununla yanaşı, respublikamızda ixrac üçün nəzərdə tutulan fındığın laboratoriya analizlərinin sayı artırılıb, istehsalçılarla ixracatçıların maarifləndirilməsi və təlimatlandırılması həyata keçirilib. Bu da öz növbəsində bu sahədə görülən tədbirlərin daha səmərəli təşkilinə və fındıq ixracı imkanlarının genişləndirilməsinə gətirib çıxarır", - məlumatda bildirilib.

"Azad olunan ərazilərdə 200 hektardan artıq fındıq bağı salınıb"
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli deyib ki, son illər azad edilmiş ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağları salınıb və bu bağlara görə əkin subsidiyası ödənilib.
Fındıq bağlarını sığortalamaq mümkündür
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi fındıq bağlarını çoxsaylı risklərdən qorumağa imkan verir. Aqrar Sığorta Fondu təsis olunduğu tarixdən etibarən ölkədə fındıq bağlarını sığorta etməyə başlayıb. Fındıq bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Təminat verilən risklər sırasına dolu, donvurma, sel-su basma, ildırım, yanğın, qasırğa və digər hallar aiddir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin 11 ayında Azərbaycanın cəmi fındıq ixracının 58,7%-i Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 12 aylıq məlumatları hələlik açıqlamayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 24.07.2022
İQTİSADİYYAT
Azərbaycanda fındıq qalıqlarından bioenerji alına bilər
Xəbər lenti
0