Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

MSK sədri bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb

© Sputnik / Murad OrujovMəzahir Pənahov
Məzahir Pənahov  - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılıb və səsvermə 19:00-a qədər davam edib.
BAKI, 29 yanvar — Sputnik. Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir. Ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında – saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə səhifəsində yerləşdirilib.
Diqqətə çatdırılıb ki, bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir.
Məzahir Pənahov əlavə edib ki, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdələrindən qısa müddətdə çox yüksək səviyyədə gəliblər. Qalan cüzi məlumatlar daxil olduqca MSK-nın internet səhifəsində yerləşdiriləcək.

“Dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq. Bundan sonra biz ilkin protokollar əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik”, - deyə Məzahir Pənahov vurğulayıb.

29.01.25, 20:46
Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 874 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.
Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Qeyd edək ki, bələdiyyə seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib, səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
29.01.25, 19:14
Yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.
Hazırda seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, 685 bələdiyyə yeri üçün seçkilərində 8071 namizəd mübarizə aparıb.
Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
29.01.25, 18:02
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1 715 291 nəfər səs verib, seçici fəallığı 28.77% faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
29.01.25, 16:21
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 1 473 005 nəfər səs verib, seçici fəallığı 24.71% faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
29.01.25, 12:42
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumatlar açıqlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan məlumata görə, seçicilərin 17,11 faizinin (1 milyon 20 min 231 nəfər) səs verdiyini bildirib.
© SputnikMSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov - Sputnik Azərbaycan, 1920, 29.01.2025
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
29.01.25, 09:13
Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.
Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.
Sədr bildirib ki, bələdiyyə seçkilərində ümumilikdə 71 min 209 nəfərin səsverməni müşahidə etmək hüququ var. Onların sırasına media nümayəndələri daxil deyil.
Komissiya sədri qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib. Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir.
Onun sözlərinə görə, bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb. Ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur.
O qeyd edib ki, seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Vurğulanıb ki, bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə bu gün saat 08:00-da başlayıb, 19:00-da başa çatacaq.
29.01.25, 08:34
Yanvarın 29-da səhər saat 8:00-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
Seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də məcburi köçkün vətəndaşlarımız var. Ümumilikdə 400 minə yaxın məcburi köçkün seçici bələdiyyə seçkilərində səsvermədə iştirak etmir.
Seçicilərin azad və sərbəst səs verməsi üçün hər cür zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılıb. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir.
Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Səsvermə saat 19:00-da başa çatacaq.
29.01.25, 00:00
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq. Seçkilərdə 70 625 nəfər yerli müşahidəçi olacaq. Media nümayəndələri heç bir quruma müraciət etmədən seçkini işıqlandıra bilərlər.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilirlər:
1) əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü;
2) əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü;
3) əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü;
4) əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə - 11 bələdiyyə üzvü;
5) əhalisi 10.000-dən 19.999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü;
6) əhalisi 20.000-dən 49.999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü;
7) əhalisi 50.000-dən 99.999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü;
8) əhalisi 100.000-dən 299.999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü.
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
əhalisi 99.999-dan çox olan ərazidə - 150;
əhalisi 49.999-dan çox olan ərazidə - 100;
əhalisi 19.999-dan çox olan ərazidə - 75;
əhalisi 9.999-dan çox olan ərazidə - 50;
əhalisi 4.999-dan çox olan ərazidə - 30;
əhalisi 4.999-dan az olan ərazidə - 15 seçici imzası toplamalıdır.
Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.
Xəbər lenti
0