CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kosmetoloq, yoxsa estetik cərrah? Qadınları bıçaq altına salan səbəblər

© Sputnik / Денис Абрамов / Mediabanka keçidKosmetoloq, arxiv
Kosmetoloq, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Plastik və estetik cərrah Vaqif Qələndərli deyir edir ki, pasiyentlər həkimi "Instagram"dan yox, araşdırıb seçməlidirlər.
BAKI, 23 yanvar — Sputnik. Estetik plastik əməliyyat qurbanlarının sayının artması kosmetoloji prosedurlarla üz qüsurlarının aradan qaldırılmasına marağı artırır. Bəs görəsən, müasir kosmetologiya estetik cərrahi əməliyyatları əvəzləyə bilirmi?
Tanınmış kosmetoloq Elnarə Rzayeva Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, müasir kosmetologiya üzdə bir sıra qüsurların aradan qaldırılmasına kömək etsə də, bəzən gecikmiş müraciətlər bunu mümkünsüz edir. O, hətta bildirib ki, aşırı kosmetoloji prosedurlardan yararlanmaq sonda estetik cərrahiyyəyə səbəb olur.
"Qadınları üç qrupa bölmək olar. Birinci qrup-heç vaxt kosmetoloqa və estetik cərraha müraciət etməyənlər, ikinci qrup kosmetoloqa üz tutanlar, üçüncü qrup isə ancaq estetik cərrahiyyəyə üz tutanlardır. Qadınlara demək istəyirəm ki, normasında kosmetoloji prosedurlardan yararlanmaqdan qorxmasınlar. Dəriyə vaxtında qulluqla erkən qocalma prosesinin qarşısını almaq mümkündür. Amma çox təəssüf ki, bu gün Azərbaycanda qadınlar bəzən aşırı kosmetoloji prosedurlardan istifadə edirlər. Ehtiyac oldu-olmadı üz, dodaq, burun dolğularına müraciət edirlər. Hialuron turşusundan normadan artıq istifadə edirlər. Bizim təbii dərimizdə 10 qramdan artıq hialuron turşusu yoxdur. Amma kosmetoloqlar pasiyentlərə ilk dəfəyə 20-30 qram hialuron turşusu tətbiq edirlər. Bu isə sifətin enlənməsinə səbəb olur. Dəri dartıldığından, növbəti ildən daha çox hialuron turşusuna ehtiyac yaranır. Bu da hər kəsin eyni sifət quruluşuna sahib olmasına səbəb olur. Dartılmış qaşlar və gözlər, kiçik burun sanki son illərin dəbinə çevrilib. Bunlar getdikcə fəsadlara səbəb olur. Bəzən kosmetoloji prosedurlardan nekrozlaşma plastik əməliyyatlara gətirib çıxardır", deyə kosmetoloq bildirib.
© Sputnik / Zulfiyya GuluyevaElnarə Rzayeva
Elnarə Rzayeva - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Elnarə Rzayeva
O, pasiyentlərin kosmetoloqlara müraciət edərkən simasına diqqət yetirməyin vacib olduğunu söyləyib. Bildirib ki, kosmetoloqlar özlərinə hansı proseduru edirlərsə, pasiyentlərini də çox vaxt özlərinə bənzədirlər:
"Ona görə də kosmetoloqun siması müştəriyə çox informasiya verir. Əgər kosmetoloq öz simasına aşırı dolğu vurubsa, demək ki, müştərisinə də bunu tətbiq edəcək. Odur ki, müştərilər kosmetoloq seçdikdə onun simasına, təbiiliyini necə qoruduğuna diqqət yetirsinlər".
E. Rzayeva bildirib ki, son illər estetik cərrahiyyəyə təlabat kəskin artıb. Qadınlar bir gündə bir neçə estetik əməliyyat üçün saatlarla narkoz altında qalmağa razı olurlar.
"Hər bir əməliyyat riskdir. Pasiyentlər hər əməliyyat masasına uzananda ölümə imza atırlar. Cərrahiyyə əməliyyatlarında isə tromblaşma ola bilər ki, bu da insan həyatının sonu deməkdir", deyə kosmetoloq bildirib.
Onun sözlərinə görə, əslində kosmetoloqun köməyi ilə burunda qüsurları aradan qaldırmaq olar. Lakin qadınlar çox vaxt burun formasını tam dəyişməyi seçirlər: "Qadınlar çox təəssüf ki, özlərinə, öz valideynlərinə oxşamaq istəmirlər. Onlar burun formasını tam dəyişməyi seçirlər. Hansı ki, bu qadınların 90 faizi ömründə bəlkə də bir dəfə səhhətinə görə vacib müayinələrdən keçməyib. Halbuki, insanlar ilk növbədə səhhətlərinə görə müayinələrdən keçməlidirlər. Amma bu gün pullarını toplayıb estetik cərrahiyyəyə müraciət edirlər".
E. Rzayeva bəzən estetik cərrahların qadınları ehtiyac olmadığı halda əməliyyat etdiyini söyləyir.
"Qadınlar bəzən buxaqlarını götürmək üçün estetik cərrahlara üz tuturlar. Onlar isə pul qazanmaq üçün gələn bütün pasiyentləri buxaq əməliyyatı edirlər. Hansı ki, müasir kosmetologiya sayəsində buxağın əridilməsi mümkündür. Az sonra yenidən buxaq əvvəlki vəziyyətinə qayıdır, həkim onlara kosmetoloqa müraciət etməyi məsləhət görürlər. Eyni vəziyyət üzgərmə əməliyyatlarında da var. Xanımlar qırışlardan xilas olmaq üçün üzgərmə əməliyyatı edirlər. Az sonra, üzdən ödem çəkildikdən sonra sifətdə yenidən qırışlar meydana gəlir. Bu dəfə estetik cərrahlar pasiyentə botoks etdirməyi tövsiyyə edir. Hansı ki, üzdə mimik qırışları olanların üzgərmə əməliyyatı etməsi doğru deyil. Əgər pasiyent üzgərmədən sonra yenidən botoksa müracət edirsə, bu zaman əməliyyat üçün boşuna pul xərcləmiş, saatlarla narkoz altında qalmış olur. Bu məqamları çox təəssüf ki, estetik cərrahların çoxu pasiyentlərinə bildirmir. Burada isə artıq həkimin vicdanlı olması böyük rol oynayır".
© Photo : Social media page of Vagif GalandarliVaqif Qələndərli
Vaqif Qələndərli - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Vaqif Qələndərli
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndərli Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bütün əməliyyatlarda olduğu kimi, estetik cərrahiyyədə də risklər mövcuddur. Onun sözlərinə görə, estetik əməliyyata müraciət edənlər çox vaxt tam sağlam insanlar olsa da, onların səhhətindəki problemlər yoxlanılmalıdır. Onlardan qan analizləri alınmalı, kardioloji müayinələrdən keçirilməlidirlər:

"Estetik cərrahiyyə kənardan asan görünsə də, əslində çox çətin əməliyyatlardır. Estetik əməliyyatlar ixtisaslı mütəxəssis tərəfindən aparılmalıdır. Çünki, cərrahiyyə əməliyyatlarında risklər qaçılmazdır. Pasiyentin gizli xəstəliyi ola bilər ki, bu, narkoz altında üzə çıxa bilər. Odur ki, pasiyentlər hərtərəfli müayinədən keçirilməlidirlər. Əməliyyatdan sonrakı dövr də çox əhəmiyyətlidir. Bundan sonra da pasiyent nəzarət altında olmalıdır. Ona görə də, pasiyentlər həkimi instaqramdan yox, araşdırıb seçməlidirlər".

O, instaqramda fotoşopla şəkilləri düzəltməklə pasiyentlərin aldadıldığını bildirib: "Pasiyentlərə tövsiyəm odur ki, həkimin ixtisaslı mütəxəssis olduğunu araşdırsınlar. Həkimlərin kurs keçməsi yaxşıdır. Amma bu kurslar onlara ixtisas vermir. İxtisasları üzrə peşəkarlaşdırır. Plastik cərrah işləyən şəxsin plastik cərrahiyyə üzrə diplomu olmalıdır. Pasiyentlər bunu mütləq şəkildə nəzərə almalıdırlar".
V.Qələndər son illər ölkəmizdə əsasən burunun estetik əməliyyatlarının geniş yayıldığını söyləyib.
Xəbər lenti
0