Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın siqaret ixracından gəlirləri kəskin artıb: Hansı ölkələrə satırıq?

© Sputnik / Konstantin ChalabovSiqaret satışı, arxiv
Siqaret satışı, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Bu il "Virciniya" sortu yaş tütünün hər tonuna görə fermerə 36 manat subsidiya ödəniləcək.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın siqaret ixracı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin yanvar-noyabr aylarında Azərbaycandan 30 milyon dollar dəyərində 1,9 milyard ədəd siqaret ixrac edilib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 3,3 dəfə, miqdar baxımından isə 2,3 dəfə çoxdur.
Azərbaycan hansı ölkələrə siqaret ixrac edib?
Hesabat dövründə Azərbaycan Gürcüstana, Qazaxıstana, Qırğızıstana, Rusiyaya, Amerika Birləşmiş Ştatlarına, Birləşmiş Ərəb Əmirliklərinə, Çinə, Gürcüstana, İraqa, Omana, Türkiyəyə, Bolqarıstana siqaret ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanın cəmi siqaret ixracının 9,8 faizi Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Belə ki, ölkəmizdən Rusiyaya 96,38 milyon ədəd, Qırğızıstana 83,54 milyon ədəd, Qazaxıstana 8 milyon ədəd siqaret ixrac edilib. Bu ildən başlayaraq Azərbaycan Qazaxıstana və Qırğızıstana siqaret ixrac edir.
Siqaret istehsalı artıb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanda siqaret istehsalı illik müqayisədə 2,4 faiz artıb.
Nazirlik: "Tütün becərilməsi üçün subsidiyalar ayrılır"
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2024-cü ilin yanvar-oktyabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 34 faiz çoxdur: "Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib. Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür".
Bildirilib ki, Azərbaycanda tütün becərilməsi üçün subsidiyalar ayrılır: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə becərilən və tədarük məntəqələrinə təhvil verilən "Virciniya" sortu yaş tütünün hər tonuna görə fermerə 36 manat vəsait ödəniləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilib təhvil verilən "Vircinya" sortu tütünün hər tonuna görə isə fermerə 34 manat məhsul subsidiyası ödənilməsi nəzərdə tutulur. Müasir suvarma sistemləri ilə təmin olunmuş və təmin olunmamış sahələrdə becərilib təhvil verilən quru tütünün hər tonuna görə isə fermerə analoji olaraq 220 manat və 200 manat məhsul subsidiyası veriləcək. Yaş tütünə görə analoji olaraq 22 manat (müasir suvarma) və 20 manat (adi suvarma) məhsul subsidiyasının verilməsi nəzərdə tutulub".
Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında" qanuna görə, ölkədə tütünə və tütün məmulatına dair dövlət siyasətinin əsas istiqamətləri tütün istehsalı sahəsində fəaliyyətin qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə, tütünün və tütün məmulatının ixracının artırılmasına, daxili tütün məmulatı bazarının qorunmasına, idxal olunan tütün xammalının yerli xammalla əvəz edilməsinə yönəldilməsi və əhalinin tütün məmulatının zərərli təsirindən qorumaq tədbirlərinin gücləndirilməsidir.
Ötən il "Tütün və tütün məmulatı haqqında" qanun dəyişib
Xatırladaq ki, keçən il Prezident İlham Əliyev "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Yenilənmiş qanuna əsasən, tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair tələbləri dövlət müəyyən edir. Bundan başqa, yeni qanunla ölkədə siqaret istehsalçılarının reyestrinin yaradılması nəzərdə tutulub. Qeydiyyata alınmış sahibkarlıq subyektləri reyestrə daxil edilir və həmin subyektlərə reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir.
Həmin dəyişikliklər ilə bağlı Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir: "Bu dəyişikliklər əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına, yerli xammaldan istifadənin genişləndirilməsinə imkan yaradacaq".
"Azərbaycan tütün tələbatını daxili istehsalla təmin edib"
Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deyib ki, Azərbaycanda ümumi istehlakın 98 faizi yerli istehsalla, 2 faizi xaricdən idxalla təmin olunub: "Hazırda Azərbaycanda yüksək keyfiyyətli tütünlər əkilir. İxrac potensialının böyüdülməsi üçün "Tütün və tütün məmulatı haqqında" qanunda tələblər qoyulub. Öz daxili istehsalımızı artıq təmin etmişik".
Əlavə edək ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin mərhələli şəkildə artırılması və optimallaşdırılması nəzərdə tutulur.
Siqaret sındıran qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 13.12.2024
CƏMİYYƏT
Siqaret kötüyünün yerə atılmasına görə cərimə kəskin artırıldı
Xəbər lenti
0