Aİ mülki müşahidə missiyası bölgədə kimlərə təhdid yaradır?
© Photo : X / European Union Mission in ArmeniaAİ-nin missiyas

© Photo : X / European Union Mission in Armenia
Abunə olmaq
Simonyanın açıqlamasından görünür ki, Ermənistan Aİ missiyasının mövcudluğundan Azərbaycana qarşı istifadə etmək niyyətindədir.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının fəaliyyətini tənqid etmişdi. Prezident, Aİ-nin qondarma müşahidə missiyasının müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını bildirib. Prezident Əliyev, həmçinin, ötən il ərzində Aİ-nin normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutduğunu vurğulayıb.
Azərbaycan rəsmiləri dəfələrlə Aİ missiyasının fəaliyyətinin regionda sabitliyi pozduğunu və Ermənistanın təxribatlarına haqq qazandırdığını qeyd ediblər. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, artıq Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməsinə ehtiyac yoxdur.
Ermənistanda isə fərqli düşünürlər. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Aİ-nin Ermənistandakı müşahidə missiyasının işini müsbət qiymətləndirib. Bununla yanaşı Simonyan ümid edir ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddəti uzadılacaq.
Simonyanın açıqlamasından görünür ki, Ermənistan Aİ missiyasının mövcudluğundan Azərbaycana qarşı istifadə etmək niyyətindədir. Azərbaycanın missiya ilə bağlı konkret mövqeyi qarşısında rəsmi İrəvanın Azərbaycana təzyiq elementi və sülh müqaviləsinin hansısa müddəasının dəyişdirilməsi və ya əlavə edilməsi üçün şantaj vasitəsi kimi istifadə etməsi aydın olur.
Xatırladaq ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının müddəti 2025-ci ilin fevralında başa çatır. Avropa İttifaqı 2023-cü il yanvarın sonunda Azərbaycanla sərhədin Ermənistan tərəfində mülki müşahidəçilərin yerləşdirilməsinə icazə verib.
Azərbaycanın Aİ missiyasına qarşı olduğu bir şəraitdə missiyanın fəaliyyətini uzatmaq planı sülh prosesinə necə təsir edəcək?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, sülh müqaviləsinin imzalanmasına mənfi təsir göstərən amillərdən biri Azərbaycan-Ermənistan şərti sərhədində visual kəşfiyyatçıların yerləşdirilməsidir:
"Sülh müqaviləsinin imzalanması üçün şərtləri təqdim edəndə bir nömrəli şərt kimi məhz bu silahlı dəstənin oradan çıxarılmasını qabartmışıq. Lakin Ermənistan və onun havadarları Azərbaycana təzyiq etmək üçün Avropa İttifaqının müşahidə missiyasından istifadə edirlər. Fransa, Almaniya və digər dövlətlərin iştirakı bu missiyanın mövcudluğunu genişləndirir. Əldə olan məlumata görə, onların müşahidə missiyasına hücum silahlarının toplanması da gündəmdədir. Buna görə də, Aİ missiyasının mandatının uzadılması ilk növbədə Rusiyanı və İranı düşündürməlidir. Çünki missiyanın iştirakçıları NATO ölkələrini təmsil edir. Onların bölgədə olması Rusiya və İrana təhdid yarada biləcək amillər sırasındadır".
© Sputnik / Murad OrujovArzu Nağıyev, arxiv

Arzu Nağıyev, arxiv
© Sputnik / Murad Orujov
Politoloq İlyas Hüseynov isə bildirib ki, Aİ-nin dırnaqarası mülki missiyası Ermənistanda qeyri-qanuni fəaliyyət göstərir:
"Bu missiyanın fəaliyyyəti üçün heç bir əsas yoxdur. Saxta Ermənistan narrativinin məqsədi budur ki, Azərbaycan Ermənistana təcavüz etmək istəyir, guya Azərbaycanın bölgədə həyata keçirdiyi siyasət aqressivdir. Lakin bu saxta və həqiqətdən uzaq yanaşmalardır".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov

İlyas Hüseynov
© Photo : From personal archives of the İlyas Huseynov
Politoloq vurğulayıb ki, Aİ missiyası bölgədə fərqli məqsədlər güdür:
"İran, Türkiyə, Rusiya və Azərbaycana qarşı xüsusi hazırda fəaliyyəti icra etməkdədirlər. Hətta bu proseslər Gürcüstana da təsirsiz ötüşmür. Missiyanın kəşfiyyat məlumatları toplaması və ayrı-ayrı mərkəzlər tərəfindən bölgədəki siyasi modelləşmə üçün istifadə etməsi də hər kəsə bəllidir. Bu baxımdan, missiyanın müddətinin uzadılması, maliyyə mənbələrinin tapılması hesabına missiyanın müddəti iki illik uzadıla bilər. Lakin Azərbaycan və Ermənistan arasında keçirilən danşıqlar trekində, eləcə də sülh müqaviləsinin mətnində görünür ki, üçüncü dövlətlərə aid qüvvələrin sərhəddən çəkilməsi məsələsi açıq bənd kimi qalır. Bu missiya əgər regionda daha iki il qalacaqsa, regionda sülhə və sabitliyə, ümumilikdə isə sülh prosesinə böyük zərbə olacaq. Məhz missyanın Brüsseldə olan kuratorları buna ümid edərək missiyanı uzatmaq məqsədlərini güdürlər. Avropanın özündə baş verən iqtisadi çətinliklər və çatışmazlıqlar fonunda missiyanın fəaliyyəti üçün maliyyənin ayrılması ciddi geosiyasi məqsədlər daşıdığını deməyə əsas verir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.