QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ separatçıları məhkəmədən ev dustaqlığına buraxılmalarını xahiş ediblər

© Photo : AZƏRTACErmənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi
Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi
 - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.
BAKI, 21 yanvar — Sputnik. Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsdən 350 nəfəri iştirak edib.
Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.
Məhkəmədə Davit Babayanın vəkili vəsatətlə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.
Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.
Dövlət ittihamını müdafiə edən prokuror vəsatətlərə münasibət bildirərək təqsirləndirilənlərin şəxsiyyətinin, onların ittiham olunduqları əməllərin ağırlığının və xarakterinin, habelə həbsin ev dustaqlığı ilə əvəz olunmasının obyektiv məhkəmə baxışının aparılmasına mane olacağını nəzərə alaraq, qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını və vəsatətin təmin olunmamasını xahiş edib.
Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək vəsatətlərə təmin olunmamasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.
Zərərçəkmişin nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı həkimlər var: “Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtlı-vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı heç bir prosessual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilməsin”.
Zərərçəkmişin nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: “Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkənin hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmamasını xahiş edirəm”.
Zərərçəkmişin nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar: “Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəsi qalır”.
Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: “Sağlamlıqla bağlı problem olduqda təcridxanada həll olunur. Ümumiyyətlə”, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməmişəm”.
İttiham olunanlar Arkadi Qukasyan, Bako Sahakyan, Melikset Paşayan, Davit Allahverdiyan vəsatətlərin təmin olunaraq ev dustaqlığına buraxılmalarını xahiş ediblər.
Digər təqsirləndirilən şəxslər vəsatətin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərlə bağlı qərarlar elan olunacaq.
***
Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
Hazırlıq iclası Bakı Hərbi Məhkəməsində yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib.
Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam edəcək. Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub. İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
11.10.24, 18:12
Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadılıb
Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Xatırladaq ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
Xəbər lenti
0