SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Donald Trampı təbrik edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda
İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və xanımının adından təşkil olunmuş qəbulda - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Azərbaycan prezidenti əmindir ki, Trampın gələcək fəaliyyəti dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq.
BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.
Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.
ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.
Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.
İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.
Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Qeyd edək ki, Donald Tramp rəsmən ABŞ Prezidentidir. O, bazar ertəsi Kapitoliyada keçirilən andiçmə mərasimində ABŞ prezidenti kimi rəsmən and içib.
Andiçmə mərasimini ABŞ Ali Məhkəməsinin sədri Con Roberts həyata keçirib.
Tramp ənənəvi and içərək əlini ailəsinin İncilinə və Avraam Linkolnun İncilinə qoyub.
İnauqurasiya ABŞ-nin bütün aparıcı televiziya kanallarında yayımlanıb.
Dünən Vaşinqtonda tərəfdarları qarşısında çıxış edən Tramp ölkə iqtisadiyyatını bərpa edəcəyini, milli təhlükəsizliyi gücləndirəcəyini və dünya səhnəsində Amerika maraqlarını müdafiə edəcəyini vəd edib.
Artıq 2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Donald Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, XIX əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisi olub.
Dekabrın 17-də Tramp ABŞ prezident seçkilərində qalib gəlmək üçün lazım olan Seçicilər Kollegiyasının səslərini toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0