Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ceyhun Bayramov və Hakan Fidan birgə mətbuat konfransında nə deyiblər?

© Photo : Turkish MFACeyhun Bayramov və Hakan Fidan
Ceyhun Bayramov və Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 18.01.2025
Abunə olmaq
Ceyhun Bayramov deyib ki, Azərbaycan Suriyaya lazımi dəstəyi verəcək və Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa edəcək.
BAKI, 18 yanvar — Sputnik. “İkitərəfli və geniş tərkibli görüşlərimizdə bir daha iqtisadi sahədə əldə olunmuş uğurlar qeyd edildi”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, bir sıra birgə layihələr həyata keçirilir: “Türkiyə şirkətləri tərəfindən indiyədək Azərbaycana 16 milyard dollardan çox investisiya qoyulub.
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, artıq 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Bunların sırasında azad edilmiş ərazilərdə çox fəal fəaliyyət göstərən Türkiyə şirkətləri var. Mən bu Türkiyə şirkətlərinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm”.
Nazir Azərbaycanla Türkiyənin birgə iştirakı ilə həyata keçirilən qlobal layihələrin nəqliyyat-logistika xəritələrini dəyişdirdiyini söyləyib.
Nazirlərin görüşündə Azərbaycan qazının Türkiyə və Avropa bazarına ixracının artırılması və bu istiqamətdə iş birliyinin həyata keçirilməsi də müzakirə olunub.
Ceyhun Bayramov deyib ki, hazırda Azərbaycan qazının coğrafiyası 12 ölkədən ibarətdir: “Ümid edirik ki, növbəti illərdə ixrac olunan Azərbaycan qazının həmi və ixrac edilən ölkələrin sayı genişlənəcək”.
Nazirlər yaşıl enerjinin Avropaya çatdırılmasına dair də müzakirə aparıb.
"Xəzər bölgəsi və Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində də Azərbaycanla Türkiyə arasında çox yaxşı iş birliyi potensialı mövcuddur", - Ceyhun Bayramov bildirib.
Azərbaycan Suriyaya yardım edəcək
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Suriyaya müxtəlif istiqamətlərdə yardımlar göstərəcək.
Suriyanın beynəlxalq münasibətlər sistemində tam yer alması vacibdir.
“Bu sahədə də Suriyaya tam dəstək göstərməyə hazırıq”, deyə o vurğulayıb.
Bayramov həmçinin qeyd edib ki, Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq. 2012-ci ildən Azərbaycanın Suriyada heç bir diplomatik təmsilçiliyi olmayıb, səfirlik fəaliyyətini dayandırıb.
Onun sözlərinə görə, hazırda səfirliyin fəaliyyətinin bərpa olunması üçün müvafiq addımlar atılır: “Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə nümayəndə heyətimiz Suriyada oldu, görüşlər keçirildi. Biz istənilən növ fəaliyyətin həyata keçirilməsi, diplomatik təmsilçiliyimizin fəaliyyətinin bərpasında marağımızı ortaya qoyduq. Azərbaycanın Suriyada səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək, ilk mərhələdə müvəqqəti işlər vəkili təyin olunacaq”.
Türkiyə xarici işlər naziri Hakan Fidan da öz növbəsində deyib ki, Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq.
"Azərbaycan və Türkiyə regional sülh və sabitlik üçün güclərini birləşdirir. İki ölkə bu güc və potensiala malikdir. COP-29 zamanı Azərbaycanın göstərdiyi potensial və bacarıq hər cür təqdirə layiqdir. Bundan başqa çoxtərəfli formatlarda da əməkdaşlıq genişlənib. Türkiyə Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasında lazım olan dəstəyi verəcək" - Fidan bildirib.
Hakan Fidan Qəzzada qətliamın dayandırılmasını təqdir etdi
Hakan Fidan onu da qeyd edib ki, Qəzzada 15 aydır davam edən qətliamın dayanması önəmlidir.
Fidanın sözlərinə görə, Qəzzada qətliamlar beynəlxalq qurumlara etimadın sarsılmasına səbəb olub:
“Ümid edirik ki, Qəzzada atəşkəs davam edəcək, humanitar yardımlar çatdırılacaq. Qəzzalıların evlərinə dönməsi vacibdir, söhbət evlərindən çıxmağa məcbur olmuş 2 milyon insandan gedir. Bu istiqamətdə Türkiyə digər dövlətlərlə birgə əlindən gələni etməyə hazırdır. Türkiyə iki dövlətli həll yolunu dəstəkləyir”.
Fidan onu da əlavə edib ki, iki dövlətli həllin təmin olunması vacibdir və Türkiyə bu məsələdə əlindən gələni etməyə davam edəcək.
Türkiyə Azərbaycanın haqlı narahatlıqlarını anlayır
Hakan Fidan mətbuat konfransında Azərbaycan- Ermənistan münasibətlərinə də toxunub. “Cənubi Qafqazda sülh hər kəsin xeyrinədir” - o, deyib.
Hakan Fidan onu da qeyd edib ki, Ceyhun Bayramovla görüşdə Azərbaycanla Ermənistan arasında delimitasiya, münasibətlərin normallaşması da diqqət mərkəzində olub. Türkiyə Azərbaycanın Erməistanla bağlı haqlı narahatlıqlarını anlayır.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyasının işə başlaması barədə əldə olunan razılıq önəmli addımdır.
XİN başçısı 30 illik işğal dövründə Türkiyənin Azərbaycanın yanında durduğunu da xatırladıb.
Deyib ki, bundan sonra da Azərbaycan və Türkiyə eyni yolda irəliləməyə, qədər birliyinə davam edəcək.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
Görüşdə təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət gündəmin əsas mövzusu olub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanı qarşılayıb. Bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş olub.
17.01.25, 23:14
Türkiyə XİN Hakan Fidanın Azərbaycana səfəri öncəsi açıqlama yaydı
Azərbaycanla çoxşaxəli və strateji səviyyədə inkişaf edən əlaqələrimiz 2010-cu ildə ölkə başçıları səviyyəsində "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" mexanizminin təsis olunması ilə zirvəyə çatdırılıb. Şuşa Bəyannaməsi ilə isə əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Əlaqələrin gücləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. Azırtac xəbər verir ki, bu fikirlər Türkiyə XİN-nin açıqlamasında yer alıb.

"Türkiyə və Azərbaycan üçtərəfli və dördtərəfli əməkdaşlıq mexanizmləri ilə yanaşı, 3+3 regional əməkdaşlıq platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxşaxəli platformalar vasitəsilə də regional sabitlik, sülh və rifaha töhfə verməkdədir", - açıqlamada deyilir.

Açıqlamada həmçinin qeyd olunub ki, Azərbaycanın 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini 2023-cü ildə bərpa etməsi ilə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün yaranmış tarixi fürsətin qiymətləndirilməsi istiqamətində səylər sürətlənib:
"Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və yaxşı qonşuluq münasibətlərinin qurulmasını arzulayır".
Bildirilib ki, Türkiyə Azərbaycanda qeyri-neft sektorlarına ən çox investisiya qoyan ölkədir və birbaşa investisiyalarının ümumi məbləği 17 milyard ABŞ dollarını ötüb. Azərbaycandan isə Türkiyəyə 21 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0