Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"TikTok" da canlı yayım açan şagird bütün məktəblilərin başını bəlaya salıb? Foto-Video

© AP Photo / Kiichiro SatoTikTok, arxiv
TikTok, arxiv - Sputnik Azərbaycan, 1920, 18.01.2025
Abunə olmaq
Pilot layihələrin tətbiq olunduğu məktəblərin direktorları smartfonların yığılmasına əvvəl etiraz edənlər olsa da, indi valideynlərin razılıq etdiyini söyləyirlər.
BAKI, 18 yanvar — Sputnik. "Gəncədə baş verən hadisədən sonra bütün məktəblərdə şagirdlərə mobil telefonların qadağan olunması ilə bağlı yayılmış məlumatlar şaiyədir. Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub".
Bunu Sputnik Azərbaycan-a ümumtəhsil müəssisələrində son günlər mobil telefonlardan istifadənin qadağan olunduğu barədə yayılmış məlumatlara aydınlıq gətirən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı söyləyib.
Mobil telefonlara bütün məktəblərdə qadağa xəbəri şaiyədirmi?
Qeyd edək ki, Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı görüntülər səs-küyə səbəb olub. Bundan sonra sosial platformada bütün məktəblərdə şagirdlərə mobil telefona qadağa qoyulduğu barədə məlumatlar yayılıb.
Z.Sevdimalı isə bildirib ki, şagird davranış qaydalarının əhatə etdiyi müəssisələrin əhatə dairəsi genişləndiriləcək, daha çox məktəbdə bu qaydalar tətbiq ediləcək.

"Xüsusi hallar istisna olmaqla, ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar və digər bu tip elektron cihazların istifadəsi isə tövsiyə olunmur. Bu və bu kimi digər istiqamətlərdə mütəmadi olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən digər aidiyyəti qurumlarla da birlikdə məktəblərdə monitorinq və yoxlamalar aparılır, müvafiq profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir. Məktəb daxilində və məktəbdənkənar ərazilərdə davranış qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılır, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi aparılır", - deyə Agentlik sözçüsü bildirib.

© Photo : Social media page of Zenfira SevdimaliZenfira Sevdimalı
Zenfira Sevdimalı  - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Zenfira Sevdimalı
Dərsdə canlı yayım açan məktəbli ilə bağlı araşdırmaya başlandı
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

"Hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, şagirdin valideyni ilə təhsil müəssisəsində görüş keçirilib, maarifləndirici söhbət zamanı belə halların yolverilməz olduğu diqqətə çatdırılıb", - deyə İdarədən bildirilib.

Mobil telefonlar şagirdin diqqətini yayındırır, amma...
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlərin dərs vaxtı telefon və digər ağıllı cihazlardan istifadəsinin qadağan edilməsi qərarı təhsil sistemində müəyyən müsbət təsirlər yarada biləcək addım kimi qiymətləndirilsə də, qərarın uzunmüddətli təsirləri və onun effektivliyi ilə bağlı müzakirələr davam edir.
Ekspert bildirib ki, bu qadağanın əsas məqsədi tədris prosesində intizamı təmin etmək, şagirdlərin diqqətini dərs materialına yönəltmək və təhsil keyfiyyətini artırmaqdır. Lakin qərarın həm qanunvericilik çərçivəsində təhlili, həm də dünya təcrübələri ilə müqayisəsi müəyyən suallar doğurur.
© Sputnik / Murad OrujovTəhsil üzrə ekspert Kamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Təhsil üzrə ekspert Kamran Əsədov

"Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununa əsasən, təhsil sistemi şagirdlərin hərtərəfli inkişafını təmin etməyi, onların intellektual, emosional və fiziki inkişafını tarazlaşdırmağı qarşısına məqsəd qoyur. Şagirdlərin dərs zamanı telefonlardan istifadəsinə qoyulan qadağa intizamı artırmaq məqsədi daşısa da, bu yanaşmanın texnologiyanın təhsildəki rolu və rəqəmsal savadlılığın artırılması baxımından nə dərəcədə uyğun olduğu məsələsi açıq qalır. Qadağa müəyyən mənada tədris prosesində diqqəti yayındırıcı amilləri azaltmağa xidmət etsə də, texnologiyanın təhsil mühitinə inteqrasiyasını məhdudlaşdırdığı üçün şagirdlərin gələcək rəqəmsal dünyada rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərə bilər", - deyə ekspert bildirib.

K.Əsədovun sözlərinə görə, telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərarlar müxtəlif ölkələrdə fərqli yanaşmalarla icra olunur:
"Məsələn, İngiltərədə məktəblərdə telefon qadağası tətbiq edildikdən sonra, 2018-ci ildə aparılan tədqiqat nəticələrinə görə, şagirdlərin akademik göstəricilərində 6-8% artım qeydə alınıb. Bu nəticələr xüsusilə zəif nəticələr göstərən şagirdlər arasında daha nəzərə çarpan olub. Bu yanaşma şagirdlərin dərs zamanı diqqətini dərs materialına yönəltmək üçün effektiv üsul kimi qiymətləndirilib. Lakin digər tərəfdən, Sinqapur və Finlandiya kimi ölkələrdə texnologiyanın tədris prosesində aktiv istifadəsi təşviq olunur. Bu ölkələrdə ağıllı cihazlar dərs zamanı yalnız yayındırıcı vasitə kimi deyil, həm də tədris resurslarına asan giriş imkanı və interaktiv öyrənmə platforması kimi istifadə edilir".
Xaricdə şagirdlər mobil telefondan dərsdə istifadə edir
Müsahibimiz deyir ki, Finlandiyada ağıllı cihazlar dərs prosesində qrup işləri, virtual laboratoriyalar və dərs materiallarının müzakirəsi üçün geniş istifadə olunur. Bu yanaşma tədrisin interaktivliyini artırmaqla yanaşı, şagirdlər arasında texnoloji bacarıqların inkişafına da töhfə verir. Sinqapurda isə hökumət texnologiyanın tədris prosesinə inteqrasiyasını dövlət səviyyəsində dəstəkləyir. Şagirdlərə rəqəmsal savadlılıq dərsləri keçirilir və texnologiyanın tədris prosesinə uyğunlaşdırılması üçün xüsusi proqramlar hazırlanır. Bu yanaşmalar texnologiyanın təhsildə yayındırıcı təsirlərini minimuma endirməklə yanaşı, onun potensial faydalarını maksimum dərəcədə istifadə etməyə imkan yaradır.
© SputnikMəktəblərdə mobil telefonlara bütün məktəblərdə qadağa
Məktəblərdə mobil telefonlara bütün məktəblərdə qadağa  - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Məktəblərdə mobil telefonlara bütün məktəblərdə qadağa

"Azərbaycanda telefon qadağasının tətbiqində əsas narahatlıqlardan biri bu cür tədbirlərin şagirdlərin rəqəmsal bacarıqlarına necə təsir edəcəyidir. Rəqəmsal texnologiyalar artıq müasir dünyanın ayrılmaz hissəsidir və şagirdlərin gələcəkdə texnologiyadan düzgün istifadə etməsi onların karyera imkanları və şəxsi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Qadağa tətbiq etməklə yanaşı, şagirdlərə texnologiyadan səmərəli istifadə qaydalarını öyrətmək vacibdir. Bu məqsədlə, məktəblərdə texnologiyanın istifadəsinə dair təlimatlar hazırlanmalı və müəllimlər bu sahədə xüsusi təlimlərdən keçməlidir", - deyə o, bildirib.

Fövqəladə hallarda qadağa problem yarada bilər
K.Əsədov bildirir ki, telefonların tamamilə qadağan edilməsi fövqəladə hallar zamanı müəyyən problemlər yarada bilər:

"Şagirdlərin valideynləri ilə dərhal əlaqə qurmaq ehtiyacı olan vəziyyətlərdə bu cür qadağa əlavə narahatlıqlara səbəb ola bilər. Bu baxımdan, qadağa tətbiq edilərkən xüsusi hallar üçün alternativ mexanizmlərin nəzərdə tutulması vacibdir. Məsələn, məktəblərdə xüsusi telefon məntəqələrinin yaradılması və ya təcili zənglər üçün cihazlardan məhdud şəkildə istifadə qaydalarının tətbiqi daha balanslı yanaşma kimi çıxış edə bilər. Beləliklə, Azərbaycanda tətbiq edilən telefon qadağası təhsil sistemində müəyyən intizam yaratmaq baxımından müsbət addım olsa da, onun uzunmüddətli təsirləri və effektivliyi ilə bağlı müəyyən qeyri-müəyyənliklər mövcuddur. Qadağanın yalnız məhdudlaşdırıcı tədbirlər kimi deyil, həm də texnologiyanın tədris prosesinə düzgün inteqrasiyası ilə müşayiət olunması daha məqsədəuyğun ola bilər. Şagirdlərə texnologiyadan səmərəli və təhlükəsiz şəkildə istifadə qaydalarını öyrətmək, eyni zamanda onların akademik göstəricilərini artırmaq və rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün vacib addım olacaqdır. Bu yanaşma, həmçinin Azərbaycan təhsil sisteminin beynəlxalq təcrübələrlə uyğunlaşmasına və müasir tədris tələblərinə cavab verməsinə imkan yaradacaq".

"Əvvəl etiraz edirdilər, indi razılıq edirlər"
Bakı şəhəri 193 saylı məktəbin direktoru Nihal Hacıyeva Sputnik Azərbaycan-a bildirib ki, üç ildir ki, məktəbdə şagird davranış qaydası pilot layihəsi tətbiq olunur. Direktorun sözlərinə görə, davranış qaydası üzrə təlimatın bəndlərindən biri də məktəblərdə smartfonlara qadağadır.
© Sputnik193 saylı məktəbin direktoru Nihal Hacıyeva
193 saylı məktəbin direktoru Nihal Hacıyeva - Sputnik Azərbaycan, 1920, 17.01.2025
193 saylı məktəbin direktoru Nihal Hacıyeva

"Əvvəl bəzi şagirdlər və valideynlər buna etiraz etsə də, indi heç bir etiraz yoxdur. Əksinə indi valideynlər razılıq edirlər ki, smartfonlar dərs prosesini pozur, şagirdin diqqətini dərsdən yayındırır. Smartfonlar hər gün dərs başlamazdan öncə yığılır, dərslər başa çatdırdan sonra şagirdlərə təhvil verilir", - deyə direktor bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şagirdlər, arxiv - Sputnik Azərbaycan, 1920, 29.08.2024
TƏHSİL
Məktəblilərə yeni qadağalar: Mobil telefon və digər elektron cihazlardan istifadə olmaz
Xəbər lenti
0