Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-ın Cənubi Qafqazda mövcudluğu hansı nəticələr doğura bilər?

© AP Photo / Patrick SemanskyABŞ bayrağı, arxiv
ABŞ bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Abunə olmaq
Görünən odur ki, Ermənistan Cənubi Qafqaz uğrunda geosiyasi savaşın episentrinə çevrilir.
BAKI, 17 yanvar — Sputnik. Yanvarın 14-də ABŞ Dövlət katibi və Ermənistan XİN rəhbəri strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. Maraqlısı odur ki, artıq beş gün sonra bu sənədi Ermənistanla imzalayan Bayden administrasiyasının fəaliyyət müddəti başa çatır. ABŞ Dövlət Katibi Antoni Blinken yaxın həftələrdə ABŞ-ın Ermənistana sərhəd təhlükəsizliyi üzrə mütəxəssislər göndərəcəyini açıqlayıb.
ABŞ-ın regionda mövcudluğunu rəsmiləşdirilməsi kimi qiymətləndirilən sənəd region ölkələrini narahat etməyə bilməz. Sənədə əsasən ABŞ Ermənistanla bir neçə istiqamət üzrə əməkdaşlıq edəcək. Ermənistan daxilində də bu sənədə münasibət birmənalı deyil. Artıq sənədin Ermənistanı fəlakətə sürükləyəcəyi ilə bağlı bəyanatlar verilir. Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib ki, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək.
Görünən odur ki, Ermənistan Cənubi Qafqaz uğrunda geosiyasi savaşın episentrinə çevrilir. Regionda Rusiya və İranın maraqlarının nəzərə alınmadan atılan addımlar ilk növbədə Ermənistanın öz milli təhlükəsizliyini sual altında qoyur.
Millət vəkili Zahid Oruc bildirir ki, bütün bu proseslər anti-Azərbaycan qərarların qaynağının Dövlət Departamenti olduğunu bir daha üzə çıxardı: "İndiki halda Paşinyanı hakimiyyətə gətirən ABŞ onu müttəfiqlik sənədi ilə mükafatlandırıb deyə bilərik. ABŞ Paşinyanı qanadı altına almaq istəyir. Regionda qırmızı xətləri cızan İran və hər zaman ABŞ-ın qarşısında dayanan Rusiya bu prosesə rəvac verdi deyə bilərik. Soros elitası Ermənistan hakimiyyətində öz yerlərini möhləmləndiriblər".
© Photo : courtesy of Zahid OrujMillət vəkili Zahid Oruc
Zahid Oruc, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Millət vəkili Zahid Oruc
Zahid Oruc deyir ki, biz artıq yeni təhlükəsizlik çağırışını görməkdəyik.
"Ermənistan artıq hüquqi baxımdan ABŞ-dan ağır silahlar almağa imkan qazandı. Bu sənədin mahiyyəti budur. Ermənistanın KTMT üzvü olaraq bu cür amorf bir addım atması həm də Azərbaycanın xeyrinə işləyəcək. Bu dövlətin Rusiya və MDB məkanı ilə münasibətləri kəskin şəkildə pisləşəcək. O cümlədən İranın düşmən elan etdiyi ABŞ artıq onun sərhədlərinə yerləşmiş olur. Proqnozlaşdırmaq olar ki, ABŞ hərbi bazaları və NATO infrastrukturu Ermənistana gələcək. Bu məqamda narahat olmalı olanlar İran və Rusiya olmalıdır", millət vəkili vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Rusiya ilə toqquşmanın nəticəsi olaraq Ermənistan siyasətində yeni bir mərhələ başlayır: "Azərbaycan bu proseslərdə passiv müşahidəçi kimi qalmır. Trampın dövründə hazırkı sazişin nə qədər reallaşacağı suallar doğurur. Bu baxımdan baş verənlər regional siyasətdə çox dərin izlər buraxacaq. Bizə aid riskləri yaxşı bilirik və bunun qarşısını almaq üçün tədbirlər görülür. Bəzi ehtimallar var ki, bir çox proseslər Trampın yanaşmasından asılı olmayaraq baş verəcək. Azərbaycan bütün bunları nəzərə alaraq kompleks tədbirlər görür. Bununla belə regionun taleyi İrəvanda deyil, Bakıda həll olunur".
Politoloq Tofiq Abbasov isə bildirir ki, Qərb Ermənistandan istifadə etmək üçün müxtəlif formatlar tətbiq edir.
© Sputnik / Murad OrujovPolitoloq Tofiq Abbasov
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan, 1920, 15.01.2025
Politoloq Tofiq Abbasov
Onun sözlərinə görə, Qərb Ermənistanı proseslərə cəlb etmək üçün çox da əziyyət çəkmir, çünki bu ölkə özü başqalarının buyruğunu, təlimatlarını həyata keçirməyi könüllü seçir: "Azərbaycan Bayden administrasiyanın fəaliyyətini böyük narazılıqla qarşılayırdı. İndiki zəmində bir çox mütəxəssislər deyir ki, bu işlər ona hesablanıb ki, Tramp administrasiyası üçün problemi bir vəziyyət yaratsınlar. Mən bu fikirlə qismən razıyam. ABŞ dövlət siyasətində erməni məsələsinə münasibət həmişə eynidir. Erməni seqmentindən ABŞ siyasətində uğurla istifadə etmək üçün bunu etməlidirlər. Buna görə də Ermənistanın problemləri diqqətdə saxlanılır. Bu sazişlər Ermənistan öz müqəddəratını bütünlüklə qərbə təslim etmiş oldu".
"Bu sənəddə narahatedici məqamlar var və bu regional təhlükəsizliyə təhdidlər gətirəcək. Digər tərəfdən Rusiya və İran, Türkiyə faktorunu nəzərə alsaq, kənar qüvvənin bölgəyə gəlməsi yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, Qərb Ermənistandakı boşluqlardan istifadə edərək qonşularına problemlər yaradacaq. Bu baxımdan sənədin müddəalarının narahatlıqverici olduğu qeyd edilməlidir. ABŞ öz problemlərini həll etmək üçün bölgəyə gəlir. Bu baxımdan Ermənistanın gözləntiləri ABŞ və Aİ üçün ən sonuncu yerdə dayanır. Ermənilər həqiqətən də təhlükəsizliyi qorumaq istəyirlərsə özlərinə güvənməlidirlər. İranın hələlik baş verənlərlə bağlı səsi çıxmır. Amma o da məlumdur ki, İran heç nə edə bilməyəcək və qırmızı xəttin tapdanması ilə razılaşmalı olacaq", politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0