Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarə qəzasında həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib

© Photo : AZERTAGTəyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Abunə olmaq
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
BAKI, 29 dekabr - Sputnik. Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninov və kapitan pilot İqor Kşnyakin II Fəxri xiyabanda dəfn olunublar.
***
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi başlayıb.
Dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın edirlər.
Baş nazir Əli Əsədov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov II Fəxri Xiyabandadırlar.
© Sputnik / Zulfiyya GuluyevaAktauda aviaqəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi
Aktauda aviaqəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Aktauda aviaqəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi
***
Prezident və birinci xanım Bakı-Qroznı reysinin həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
***
Aktauda qəzaya uğrayan ekipaj üzvlərinin ruhuna hörmət əlaməti olaraq müxtəlif qurumlar tərəfindən 2-ci Fəxri Xiyabana əklillər gətirilir.. Onların içərisində stüardessa Hökümənin atasının işlədiyi Kəlbəcər Rayon 67 saylı məktəbin kollektivinin gətirdiyi əklil də var.
© Sputnik / Zullfiye GuluyevaTəyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - Sputnik Azərbaycan, 1920, 29.12.2024
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir
***
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başlayıb.
"Report"un məlumatına görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
***
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin nəşi tibbi ekspertiza məqsədilə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılıb. Bu bsrədə Report xəbər verir.
***
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirilib”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq:
“Nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb. Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.
***
AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
Cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
***
AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir.
Cənazələri gətirən təyyarə Aktau hava limanından yola salınıb. Cənazələri gətirən hava gəmisinin Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.
Həlak olan həmyerlilərimizin nəşlərinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Xəbər lenti
0