Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisdə diplomatik xidmət ilə bağlı yeni qanun qəbul edildi

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidDiplomat, arxiv
Diplomat, arxiv - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Abunə olmaq
Qeyd edilib ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra dünya miqyasında ölkəmizin yeri və rolu diplomatik xidmətin müasir tələblərə uyğun qurulmasını tələb edir.
BAKI, 27 dekabr— Sputnik. Milli Məclisin iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə baxılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə Prezidenti tərəfindən təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
© Sputnik / Talekh MakhmudovMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Komitə sədri vurğulayıb ki, bir çox sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın müasir diplomatik xidmətinin də təməli Ulu Öndər Heydər Əliyev tərəfindən onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qoyulub. İndiki dövrdə Prezident İlham Əliyev tərəfindən bu siyasət daha da inkişaf etdirilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması uğurlu hərbi və döyüş taktikası ilə yanaşı, həm də uzaqgörən xarici siyasətin vəhdəti nəticəsində baş tutdu. Bu dövr ərzində Azərbaycan xalqı və geniş ictimaiyyət ölkə Prezidentinin xarici siyasətində və diplomatiyasında uğurlu hücum taktikasını müşahidə etdi.
Əli Hüseynli qeyd edib ki, bu siyasətin həyata keçirilməsi mükəmməl diplomatik xidmətin təşkilinə və diplomatik xidmət əməkdaşlarının peşəkarlığına söykənir. Hazırda bu məsələlərin 2001-ci ildə qəbul edilmiş “Diplomatik xidmət haqqında” qanunla tənzimləndiyini deyən komitə sədri, yeni qanun layihəsinin hazırlanmasını zəruri edən hallar barədə danışıb. O, bir sıra məsələlərin mövcud qanunvericilikdə tənzimlənmədiyi üçün diplomatik xidmət sahəsində “Dövlət qulluğu haqqında” qanunun normalarına istinadən edildiyini və bu halın aradan qaldırılması üçün çoxlu sayda dəyişikliklər edilməsinə ehtiyac olduğunu söyləyib. Komitə sədri 2001-ci ildə qəbul edilmiş qanunun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq yenidən işlənilməli olduğunu deyib. O, diplomatik xidmət orqanlarının hazırkı dövrdə, o cümlədən Vətən müharibəsindən sonra ölkə Prezidentinin tapşırığı ilə daha geniş və spesifik fəaliyyət göstərdiyini, Xarici İşlər Nazirliyi əməkdaşlarının beynəlxalq məhkəmələrdə Azərbaycanın maraqlarını peşəkarlıqla qoruduqlarını bildirib. Həmçinin qeyd edib ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra dünya miqyasında ölkəmizin yeri və rolu diplomatik xidmətin müasir tələblərə uyğun qurulmasını tələb edir.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi 5 fəsil, 31 maddədən ibarətdir:

"Sənəddə əsas anlayışlar, diplomatik xidmət haqqında qanunvericilik, diplomatik xidmətin prinsiplərinə dair müddəalar öz əksini tapıb. Habelə, diplomatik xidmət orqanlarının sistemi, onların fəaliyyət istiqamətləri və funksiyaları müəyyən edilir. Layihədə, habelə diplomatik xidmət orqanı əməkdaşlarının vəzifə və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, həvəsləndirilmə tədbirləri, intizam məsuliyyəti, əməyin ödənilməsi ilə bağlı məsələlər ehtiva olunur. Diplomatik xidmət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarına, səlahiyyət dairəsinə və tutulması üsullarına, habelə müvafiq diplomatik xidmət orqanının struktur quruluşuna və ştat cədvəlinə uyğun olaraq müəyyən edilir. Daimi diplomatik xidmətə qəbul edilən diplomatik xidmət əməkdaşlarına tutduqları diplomatik vəzifəyə uyğun diplomatik rütbə verilir. Müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ vardır. Diplomatik xidmətə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Sənəddə diplomatik xidmətdə staj, sınaq keçmə, rotasiya, fəaliyyətin qiymətləndirilməsi, attestasiya, əməkdaşın geri çağırılması və xidmətinə xitam verilməsi kimi məsələlər də yer alıb. Qanunda diplomatik xidmət orqanları əməkdaşlarının və onların ailə üzvlərinin təminatı ilk dəfə olaraq BMT sisteminə uyğunlaşdırılır".

Əli Hüseynli onu da qeyd edib ki, son illərdə parlamentlə Xarici İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı parlament diplomatiyasının həyata keçirilməsinə öz töhfəsini verir. O, bildirib ki, müzakirəyə çıxarılan yeni qanun ölkə Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün mükəmməl hüquqi baza rolunu oynayacaq.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir. Təqdim edilən layihədə diplomatik xidmətdə tənzimlənməsinə ehtiyac duyulan əsas məsələlərin, o cümlədən əməkdaşa öz vəzifə borcunu yerinə yetirə bilməsi üçün müvafiq xidməti şəraitin yaradılması və xaricdə xidmət dövründə onun ailəsinin birliyi üçün önəm daşıyan məsələlərin əməkdaşın qanuni maraqları çərçivəsində baxılaraq həll edilməsi nəzərdə tutulur.
© Photo : Teleqraf / Elchin MuradMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan, 1920, 27.12.2024
Millət vəkili Musa Quliyev
Qeyd edilib ki, qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadan əməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraq əməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlki işlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinə səbəb olur. Bunu nəzərə alaraq, qanun layihəsində təklif olunan dəyişikliklər nəticəsində diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
"Diplomatik xidmət haqqında" yeni qanunda nələr var?
Bu qanun Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
Diplomatik xidmət orqanlarının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunması;
Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunması və təmin olunması;
Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişaf etdirilməsi;
beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək verilməsi;
xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiəsi;
Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətinin təhlili;
Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrinin, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinin həyata keçirilməsi;
xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsi;
Azərbaycan Respublikasının dövlət protokolunun təmin olunması;
konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsi.
Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş digər istiqamətlərdə də fəaliyyət göstərə bilərlər.
Diplomatik xidmət orqanının əməkdaşları aşağıdakı əsas hüquqlara malikdirlər:
xidməti vəzifələrini yerinə yetirmək üçün həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən xidmət şəraiti ilə təmin olunmaq;
Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə etmək;
xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icrası məcburi olan göstərişinin və ya əmrinin qanuniliyi və ya dürüstlüyü şübhə doğurursa, onların yazılı şəkildə verilməsini tələb etmək;
dövlət məvacibi almaq;
əlavə təhsili və xidməti vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla xidmətdə irəli çəkilmək iddiasında olmaq;
öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, onların surətlərini əldə etmək, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
şərəf və ləyaqətinə xələl gətirən məlumatların təkzib edilməsi üçün xidməti araşdırmanın aparılmasını tələb etmək;
müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;
elmi və yaradıcılıq fəaliyyəti ilə, həmçinin xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa);
həmkarlar ittifaqlarında birləşmək;
normativ hüquqi aktlarda başqa hal nəzərdə tutulmayıbsa və bu, diplomatik xidmət orqanı əməkdaşının vəzifələrinin icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərə üzv olmaq;
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına əlavə təhsil almaq və müvafiq təlim keçmək;
normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada məzuniyyət və sığorta hüquqlarından istifadə etmək, pensiya, müavinət və kompensasiyalar almaq.
Diplomatik xidmət orqanı əməkdaşlarının aşağıdakıları etməsinə məhdudiyyət qoyulur:
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirə biləcək hərəkət və davranışlara yol verməsinə;
tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməsinə;
diplomatik xidmətinə xitam verildikdən sonra normativ hüquqi aktlarla müəyyən edilmiş müddət ərzində öz xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməsinə;
xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə;
əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutmasına;
xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına;
dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına;
xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə edilməsi üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla);
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə.
Diplomatik xidmət əməkdaşının andı
İlk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir:

“Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.

And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
Diplomatik xidmətdə olmanın yaş həddi
Vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.
65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilər.
Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0