Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Sülhməramlıların Qarabağı tərk etməsi Rusiya və Azərbaycan liderlərinin birgə qərarı idi"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda
Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
Prezident İlham Əliyev Üçtərəfli bəyanatın niyə məhz noyabrın 10-da imzalanmasına və Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsinin səbəblərinə aydınlıq gətirib.
BAKI, 25 aprel — Sputnik. "Rusiya sülhməramlılarına gəlincə, Rusiya və Azərbaycan prezident administrasiyaları tərəfindən artıq açıqlama verilib ki, onlar Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk edirlər. Bu, Rusiya və Azərbaycan liderlərinin birgə qərarı idi".
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda deyib.
İlham Əliyev Azərbaycan-Ürmənistan-Rusiya Üçtərəfli bəyanatının niyə məhz noyabrın 10-da imzalanmasının səbəblərinə aydınlıq gətirərkən deyib:
"Mən, həmçinin sizə bu məsələ ilə bağlı necə danışıqlar apardığımız barədə məlumat verə bilərəm. Düşünürəm ki, bu, maraqlı olardı. Mən artıq bir neçə dəfə azərbaycanlı jurnalistlərlə görüşlərimdə açıqlamışam ki, noyabrın 9-u günü biz Prezident Putinin vasitəçiliyi ilə, - çünki bizim erməni həmkarımızla heç bir təmasımız yox idi, - üçtərəfli Bəyanatla bağlı danışıqlar zamanı bir neçə telefon danışığı apararaq üçtərəfli Bəyanatın hər bir bəndini razılaşdırdıq. Ona görə də bu, demək olar ki, noyabrın 10-u səhərədək davam etdi. Ona görə biz həmişə deyirik ki, Bəyanat noyabrın 10-da imzalanıb. Çünki artıq Bakı vaxtı ilə gecə saat 2 və ya 3-ün yarısı idi. Rusiya sülhməramlıları məsələsi təqdim olunmuşdu və Ermənistanın mövqeyi ondan ibarət idi ki, onlar üçün vaxt məhdudiyyəti olmamalıdır. Başqa sözlə, onlar orada həmişəlik qalmalıdırlar. Biz bununla razılaşa bilməzdik və israr etdik ki, vaxt məhdudiyyəti olmalıdır. Bu, hər iki tərəfin razılaşa bilmədiyi ən çətin hissələrdən biri idi. Bizim üçün bu, Bəyanatın ən prinsipial hissələrindən biri idi və bizim mövqeyimiz ondan ibarət idi ki, əgər biz buna razılaşmasaq, Bəyanat olmayacaq və müharibə davam edəcək.
Həmin vaxt bizim qoşunlarımız Xankəndinin yaxınlığında idi. Biz qondarma Laçın dəhlizinə de-fakto nəzarət edirdik və biz Şuşanı azad edəndən sonra mühasirəyə alınmış 15 min erməni hərbçinin aqibəti hər kəsə tamamilə aydın idi. Onlar ya təslim olmalı idilər, ya da onlar üçün daha da pis olacaqdı. Biz dedik, yaxşı, əgər heç bir razılaşma olmayacaqsa, biz davam edirik, bir neçə saata Xankəndiyə daxil olacağıq. Beləliklə, Ermənistan razılaşmalı oldu. Zənnimcə, onlar indi başa düşürlər ki, biz haqlı idik. Beləliklə, 5 illik müddət və heç bir tərəf etiraz etmədiyi təqdirdə uzadılma, əslində, qoşunların çıxarılmasının başlanğıc nöqtəsi oldu. Əgər həmin cədvəlimiz olmasaydı, vəziyyət necə olardı, biz bunu ancaq təxmin edə bilərik".
Prezident sülhməramlı kontingentin vaxtından əvvəl Qarabağ regionunu tərk etməsinə belə izahat verib:
"Amma yenə də qeyd edirəm ki, qoşunların vaxtından əvvəl çıxarılması Azərbaycanla Rusiya arasında məsləhətləşmələrə əsasən qəbul olunmuş qərar idi. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir. Bizim mövqeyimiz ondan ibarət idi ki, əgər orada 2025-ci ilin noyabrı yazılıbsa, bu, elə 2025-ci ilin noyabrı da olmalıdır. Lakin, eyni zamanda, hər iki tərəf - Rusiya və Azərbaycan açıq-aydın başa düşürdü ki, əslində, onlar daha tez tərk edə bilərlər. Lakin yenə də bu, birgə verilmiş qərar idi və düşünürəm ki, bu qərar Rusiya-Azərbaycan əlaqələrini yalnız gücləndirdi".
Prezident onu da vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji məzmunu hər iki ölkənin, eləcə də regionun xeyrinədir:
"Bildiyiniz kimi, dünən mən Rusiyada idim. Ona görə də biz görüşümüzün vaxtını dəyişdik. Mən bu səhər saat 3-ün yarısı qayıtmışam. Bu səbəbdən sizdən görüşü səhər keçirməməyi xahiş etdim. Beləliklə, əminəm ki, bu qərar bizim əlaqələrimizi, həmçinin ikitərəfli əlaqələrin ictimaiyyət tərəfindən qəbulunu və qiymətləndirilməsini gücləndirdi. Çünki bu onu göstərir ki, ölkələrin normal kommunikasiya kanalları olanda, onlar bir-birinə hörmət bəsləyəndə, əməkdaşlıq edəndə, bir-birinə qarşı heç nə etməyəndə ən həssas məsələlərlə bağlı razılığa gələ bilərlər və bu nümunə bunun bariz göstəricisidir. Dünən biz Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji məzmununu bir daha təsdiqlədik və əminəm ki, bu, bizim ölkəmizin, Rusiyanın və regionun xeyrinədir".
23.04.24, 18:25
Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir
Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib.
Dövlət başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib.
***
Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik.
APA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib.
Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır” - deyə dövlət başçısı əlavə edib.
***
Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edir.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.
Xəbər lenti
0