DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fələstin və İsrail üçün sülhə nail olmağın yolu iki dövlətli həlldən keçir - Fidan

© AFP 2024 / ATTA KENAREHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Fidan deyib ki, Türkiyə olaraq hər zaman hər platformada kimin və hansı məqsədlə olmasından asılı olmayaraq, günahsız mülki vətəndaşları hədəf alan hücumları bəyənmədiyimizi ifadə etmişik
BAKI, 1 noyabr — Sputnik. "Türkiyə olaraq dostlarımızla koordinasiyalı şəkildə əvvəlcə atəşkəs, sonra isə daimi sülhün bərqərar olması üçün üzərimizə düşəni etməkdə qərarlıyıq. Bunu Türkiyə XİN rəhbəri Hakan Fidan bildirib.
"Qəzza faciəsi iranlı həmkarımla ən mühüm gündəmimiz idi. Təəssüf ki, Fələstinli qardaşlarımızı ən elementar hüquqlarından məhrum edən İsrail tərəfindən Qəzzada qeyri-qanuni mühasirə davam edir. Qəzzalılar günlərdir şiddətli bombardmana məruz qalıb, elektrik və su kəsilib, ərzaq və dərman vasitələri tükənib. Evləri dağıdılan insanlar bütün dünyanın gözü qarşısında vəhşicəsinə, açıq şəkildə qətlə yetirilir. Təəssüf ki, hətta qaçqın düşərgələri, məktəblər, ibadət yerləri və xəstəxanalar hədəfə alınır. İnsanlar öz evlərindən deportasiya olunurlar. Qəzzalı qardaşlarımıza qarşı bu qeyri-insani addımlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu qırğın və zülm qarşısında susmağımız mümkün deyil. Əslində, şənbə günü İstanbulda hamımızın qatıldığı Böyük Fələstin mitinqi, məzlum Qəzza xalqının yanında olduğumuzun ən konkret göstəricilərindən biri idi", - deyə o bildirib.
Fidan deyib ki, Türkiyə olaraq hər zaman hər platformada kimin və hansı məqsədlə olmasından asılı olmayaraq, günahsız mülki vətəndaşları hədəf alan hücumları bəyənmədiyimizi ifadə etmişik: "Oktyabrın 7-dən etibarən müvafiq tərəflərlə, o cümlədən qərblə intensiv diplomatiya aparırıq. Biz hər bir məsələdə prinsipial və ədalətli davranmağı əsas götürürük. Ukrayna üçün ayrıca standart, Fələstin üçün ayrıca standart ola bilməz. Əgər ədalətli dünya istəyiriksə, həmişə prinsipial və ardıcıl hərəkət etməliyik.
İsrail dərhal tutduğu yanlış yoldan dönməli və zorakılığa son qoymalıdır. İsrail indi anlamalıdır ki, təhlükəsizliyi zorakılıqla təmin etmək olmaz. İsrail anlamalıdır ki, fələstinlilərə məhəl qoymamaq və daha çox qan tökmək heç bir nəticə verməyəcək. Dünən Prezidentimizin vurğuladığı kimi, Qəzzada tezliklə atəşkəs yaradılmalı, bundan sonra daimi sülhə yol açılmalıdır. Bəzi ölkələrin Qəzzada törədilən qətliamı açıq şəkildə dəstəkləməsi və zorakılığa təşviq etməsi qəbuledilməzdir. Qəzzada baş verən insan faciəsinin bölgə ölkələrinə təsir edəcək müharibəyə çevrilməsini istəmirik. Buna görə də biz regionumuz daxilində və xaricində bütün aktorları davamlı və ədalətli sülhü təşviq etməyə çağırırıq".
"Biz bu regionun aktorları olaraq regional problemlərimizin həllini başqalarına həvalə etməməliyik. Biz siyasi yollar hazırlamaqla və öz imkanlarımızı nümayiş etdirməkdə uğur qazanmalıyıq. Həll yönümlü alternativ fikirlərin müzakirə oluna biləcəyi zəmin yaratmalıyıq. Beynəlxalq Sülh Konfransının bu iş üçün ən uyğun platforma olacağını düşünürük. Biz Türkiyə olaraq dostlarımızla koordinasiyalı şəkildə əvvəlcə atəşkəs, sonra isə daimi sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə qərarlıyıq. Biz həm də müqavilənin icrası zmanı zamin kimi məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Bütün bu səylərin məqsədi paytaxtı Şərqi Qüds olmaqla, coğrafi bütövlüyünə malik suveren Fələstin dövlətinin yaradılmasıdır. Həm Fələstin, həm də İsrail üçün sülhə nail olmağın yolu iki dövlətli həlldən keçir", - deyə Fidan qeyd edib.
Xəbər lenti
0