CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pul köçürmələri, dövlət satınalmaları ilə bağlı qanun layihələri müzakirə olunub

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Dövlət satınalmaları haqqında" qanun layihəsi və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi müzakirə olunub.
BAKI, 22 iyun — Sputnik. Azərbaycanda dövlət satınalmalarına nəzarəti həyata keçirən orqanın səlahiyyətləri müəyyən edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Dövlət satınalmaları haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin səlahiyyətlər atınalma zamanı nəzarət orqanının satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları), satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək, satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək, satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək, satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək, bu qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək, satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etməkdir.
Bundan başqa, həmin orqana satınalma müqaviləsi bağlananadək nəzarət orqanı satınalmaların bu qanunun tələbləri pozulmaqla keçirilməsinə dair təchizatçıların əsaslandırılmış müraciəti olduqda və araşdırma zamanı həmin müraciətdə göstərilənlər təsdiqini tapdıqda, keçirilən satınalma ilə bağlı təqdim olunan sənədlərdə bu qanunun tələblərinin pozulduğunu aşkar etdikdə, portalda satınalan təşkilatın keçirilən satınalma ilə bağlı bu qanunun tələblərinə zidd hərəkət və ya hərəkətsizliyi aşkar etdikdə, qanunda göstərilən hallarda nəzarət orqanı aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini, satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik) etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək, satınalan təşkilatın qanunazidd inzibati aktını "İnzibati icraat haqqında" qanununa uyğun olaraq ləğv etmək, satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd hərəkətini (hərəkətsizliyini) dayandırmaq hüququ verilir.
Azərbaycanda dövlət satınalmaları zamanı əməliyyatların valyutası müəyyən olunur
Azərbaycanda təchizatçılar (qeyri-rezident hüquqi və fiziki şəxslər istisna olmaqla) satınalma təkliflərində qiymətləri Azərbaycanın pul vahidi – manatla göstərməlidir.
Bu, adıçəkilən qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, qeyri-rezident hüquqi və fiziki şəxslərin satınalma təklifləri şərtlər toplusunda müəyyən edilmiş xarici valyuta ilə göstərildikdə, satınalma təkliflərinin təqdim edilməsinin son gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.
Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq
Azərbaycanda ödəniş xidmətini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini təmin etməli olacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bunun üçün aşağı tədbirlərdən azı birinin görülməsi lazım olacaq:
- pul vəsaiti alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürülmədiyi təqdirdə, ölkə fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında bu məqsədlə açılmış ayrıca hesabda saxlanmaqla və (və ya) Azərbaycan Mərkəzi Bankını müəyyən etdiyi aşağı riskli likvid aktivlərə investisiya etməklə;
- qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməklə.
- qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təminatı üsullarından asılı olmayaraq, ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə elektron pul təşkilatı qanuna uyğun olaraq müvafiq icra sənədlərinin icrasını təmin etməlidir.
- ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyi bu qanunda nəzərdə tutulan üsulla təmin edildikdə ödəniş xidməti istifadəçilərindən və ya digər ödəniş xidməti təchizatçılarından ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesaba elektron pul təşkilatı öz vəsaitinin mədaxil edilməsinə yol verə bilməz və həmin hesab üzrə icra sənədi yalnız elektron pul təşkilatının ödəniş xidməti istifadəçisi qarşısında öhdəliyinin icrası ilə əlaqədar yönəldilə bilər.
- ödəniş təşkilatının və ya elektron pul təşkilatının digər kreditorlarının tələbləri, o cümlədən icra sənədləri (iflas prosesində irəli sürülən tələblər də daxil olmaqla) ödəniş xidməti istifadəçilərinin pul vəsaitinə və həmin vəsait hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Ödəniş təşkilatının və elektron pul təşkilatının iflas prosedurunun digər xüsusiyyətləri "Müflisləşmə və iflas haqqında" qanunla tənzimlənir.
- xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının ləğvi zamanı xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı yerli filialın öhdəlikləri üçün tam məsuliyyət daşıyır.
- xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı barəsində ləğvetmə proseduruna başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın ölkə ərazisində ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı yaranan öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.
Azərbaycanda dövlət satınalmaları zamanı sənədlərin dili müəyyənləşdirilir
Azərbaycanda satınalan təşkilat tərəfindən satınalmalara dair sənədlər dövlət dilində tərtib olunmalıdır.
Adıçəkilən qanun layihəsində qeyd olunub ki, sənədə əsasən, satınalma komissiyasının qərarı ilə satınalmalara dair sənədlər xarici dillərdən birinə (bir neçəsinə) tərcümə oluna bilər. Bu halda, satınalmalara dair sənədlər arasında ziddiyyət yaranarsa, dövlət dilində tərtib olunmuş sənədlərə üstünlük veriləcək.
Həmçinin qeyri-rezident təchizatçılar tərəfindən sənədlər (məlumatlar) uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda nəzərdə tutulduqda həmin xarici dildə təqdim oluna biləcək.
Azərbaycanda elektron pul emissiya ediləcək
Azərbaycan ərazisində elektron pulun emissiyasının həyata keçirilməsinə icazə veriləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, emissiyanı aşağıdakılar həyata keçirə bilər:
- banklar və xarici bankların yerli filialları;
- poçt rabitəsinin milli operatoru;
- elektron pul təşkilatları.
Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibi tərəfindən istifadəsinə imkan yaradır.
Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Azərbaycan Mərkəzi Bankının (AMB) normativ xarakterli aktları ilə müəyyən edilir.
Emitent elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl azı aşağıdakı məlumatları kağız və ya digər davamlı daşıyıcıda təqdim edir:
- emitentin adı və hüquqi ünvanı;
- elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları;
- elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydaları və tətbiq edildikdə elektron pulun geri ödənilməsi üzrə tutulan haqlar;
- elektron pul sahibinin müraciətlərinin qəbulu və onlara baxılması qaydası;
- elektron pulun istifadəsi üzrə təhlükəsizlik tələbləri;
- elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi qaydası.
Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fərdi sahibkar tərəfindən elektron pul yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə əldə edilə bilər.
Emitent elektron pul sahibini məsafədən autentifikasiya etmək üçün onu fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edir.
Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə daxili qaydalara malik olmalıdır.
Emitent elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal geri qaytarmalıdır.
Hüquqi şəxsə, xarici hüquqi şəxsin yerli filialına və ya fərdi sahibkara elektron pulun qalıq dəyəri geri qaytarıldıqda pul vəsaiti yalnız nağdsız formada hüquqi şəxsin, xarici hüquqi şəxsin yerli filialının və ya fərdi sahibkarın ödəniş hesabına köçürülür.
Emitentin lisenziyası ləğv olunduğu hal istisna olmaqla, emitent elektron pul sahibi ilə bağlanılan müqavilədə nəzərdə tutduğu halda, elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə aşağıdakı hallarda xidmət haqqı tətbiq edə bilər:
- qalıq dəyərinin geri ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən əvvəl tələb olunduqda;
- qalıq dəyərinin geri ödənilməsi müqavilənin bitmə tarixindən 1 (bir) ildən sonra tələb olunduqda.
Emitentin lisenziyası ləğv edildikdə AMB-nin bu barədə qərarı emitentə təqdim edildikdən dərhal sonra emitent tərəfindən elektron pulun emissiyası dayandırılmalı və elektron pulların qalıq dəyərləri elektron pul sahiblərinə hər hansı haqq tutulmadan geri qaytarılmalıdır.
Azərbaycanda dövlət satınalmalarında iştirak üçün sənəd və yaxud məlumat tələb edilməyə bilər
Azərbaycanda dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilməyəcək.
Adıçəkilən qanun layihəsində qeyd olunub ki, sənədə əsasən, belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya təchizatçı tərəfindən təmin edilir.
Qanunla satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə bu qanunda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunacaq. Elcə də portal vasitəsilə keçirilən satınalmalar zamanı bu qanunla nəzərdə tutulan sənədlər (məlumatlar) yalnız portal vasitəsilə göndərilir.
Satınalma kağız daşıyıcılarında həyata keçirildikdə nəzərdə tutulan sənədlər (məlumatlar) kağız daşıyıcılarında göndəriləcək.
Azərbaycanda təchizatçıların dövlət satınalmalarında iştirakına yol verilmədiyi hallar müəyyənləşir
Azərbaycanın beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycanın diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalarda iştirak edə biləcək.
Adıçəkilən qanun layihəsinə görə, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu qanuna əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.
Bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
Həmçinin sənəddə deyilir ki, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:
- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;
- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;
- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.
Aşağıdakı şəxslər satınalmalar zamanı satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi, kənar məsləhətçisi və ya satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola, o cümlədən satınalmaya dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər:
- təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan şəxslər;
- keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər.
- Bu qanunda nəzərdə tutulmuş hallar aşkar edildikdə satınalma komissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırır və həmin satınalma ilə bağlı komissiyada iştirak etmir.
- Bu qanunun müddəaları ehtimal olunan qiymətlərin hesablanması zamanı satınalan təşkilat tərəfindən sorğu verilmiş və qiymətlər barədə məlumat alınmış təchizatçılara şamil olunmur.
- Bu qanunda qeyd olunan məlumatlar nəzarət orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilir.
- Satınalan təşkilat bu qanunda qeyd olunan məlumatları təchizatçıların təqdim etdiyi sənədlərd (məlumatlar), dövlət orqanlarının (qurumlarının) rəsmi internet səhifələri və digər etibarlı, müstəqil mənbələr vasitəsilə yoxlayır.
Azərbaycanda ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir
Azərbaycanda ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Azərbaycan Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən edilir.
Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu qanunla müəyyən edilmiş tələblər şamil edilmir.
Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur
Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək.
Adıçəkiklən qanun layihəsinə əsasən, həmin təşkilatlar aşağıdakılardır:
- Azərbaycan Mərkəzi Bankı;
- banklar və xarici bankların yerli filialları;
- Bank olmayan kredit təşkilatları;
- Poçt rabitəsinin milli operatoru;
- Ödəniş təşkilatları;
- Elektron pul təşkilatları.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0