Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Eli Kohenin Bakı səfəri nə ilə yadda qaldı: Tehranı narahat edəcək məqamlar varmı?

© AP Photo / Markus SchreiberEli Kohen
Eli Kohen - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Abunə olmaq
Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın istənilən ölkə ilə qurduğu diplomatik münasibətlər onun daxili işidir və bütün bu münasibətlər beynəlxalq konvensiyalara uyğun olaraq həyata keçirilir.
BAKI, 24 aprel — Sputnik. Aprelin 18-də İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana gəldi. İsrail XİN rəhbərinin Azərbaycana səfəri çox mühüm dövrə təsadüf edirdi. Artıq bir müddətdir ki, Azərbaycan-İran münasibətlərində gərginliyin müşahidə olunduğu ərəfədə belə bir səfərin baş tutmasını sadəcə rəsmi diplomatik səfər kimi xarakterizə etmək yetərincə doğru olmaz.
Elə İsrail XİN rəhbəri də Bakıda vacib mesajlar verdi. Eli Kohen Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman bildirib ki, İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır. Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib.
Eli Kohenin Bakı səfərinin yekunları ilə bağlı millət vəkili Ceyhun Məmmədov Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, Azərbaycanın İsraillə münasibətlərinin yüksək səviyyədə olmasına başqa ölkələrin münasibəti bizi maraqlandırmır. Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın istənilən ölkə ilə qurduğu diplomatik münasibətlər onun daxili işidir və bütün bu münasibətlər beynəlxalq konvensiyalara uyğun olaraq həyata keçirilir:

"Biz bu gün diplomatik münasibətlərimizi hansı dövlətin hansı dövlətlə münasibətləri necədir deyə qurmuruq. Azərbaycan müstəqil şəkildə öz strateji müttəfiqlərini müəyyənləşdirir. Bu baxımdan Azərbaycanın İsraillə əməkdaşlığı uzun illərə söykənən tarixə malikdir. Hər keçən dövr ərzində münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Azərbaycan bu məsələyə dəfələrlə öz münasibətini bildirib ki, bu əlaqələr heç bir dövlətin əleyhinə yönəlməyib".

Millət vəkili İsrail XİN rəhbərinin Bakıya səfəri zamanı onu müşayiət edən geniş nümayəndə heyətinə diqqət çəkib və qeyd edib ki, Eli Kohenlə birgə səfərdə İsrailin 20 yaxın şirkətinin nümayəndəsi iştirak edirdi:
"Azərbaycan-İsrail münasibətləri bu gün bir çox istiqamətlər üzrə inkişaf etdirilir. İsrail biznesmenləri Aəzrbaycanda fəaliyyətlərini genişləndirməyə maraq göstərirlər. Azərbaycanın cəlbedici investisiya mühiti, regional kommunikasiyaların qovşağında yerləşməsi, təbii ehtiyatlarının zənginliyi israilli biznesmenlər üçün buranı daha da cazibədar edir".
Deputat Azərbaycan-İsrail münasibətləri və İran-Ermənistan münasibətləri arasında paralellərin aparılmasının əleyhinə olduğunu ifadə edib:

"Ermənistan Azərbaycan torpaqlarını işğal edib, ancaq İsrail İran ərazisini işğal etməyib. Bu gün Azərbaycan İrana müharibə etmək üçün İsrailə hər hansı hərbi-siyasi dəstək göstərmir".

"Bu gün İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq ən yüksək səviyyədədir. İsrail Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyir. Eyni zamanda bu günlərdə mətbuata da bu barədə məlumat verildi ki, Azərbaycan və İran XİN rəhbərləri arasında danışıqlar aparılır. Azərbaycan bütün qonşuları ilə bərabərhüquqlu, mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlər qurmaq siyasəti aparır. Bu baxımdan İrandan da gözləntilərimiz var", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0