QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzuli rayonunda dövlətin inşa edəcəyi evlərin sayı açıqlandı

© Sputnik / Murad OrujovTikinti işləri
Tikinti işləri - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavininin sözlərinə görə, mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur.
BAKI, 12 aprel — Sputnik. "2026-cı ilə qədər Füzuli rayonunda 5678 evin - 2326 mənzilin və 3352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır".
Bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
Onun sözlərinə görə, mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur.
Bundan başqa, sədr müavini deyib ki, Füzuli şəhərinin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 kilometr (km) olacaq: "Bunun 18 km-də layihələndirmə işləri başa çatıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Çox güman ki, bu ayın sonunda layihə ekspertizadan çıxacaq və Füzuli şəhərində yol-küçə şəbəkəsinin inşasına başlanılacaq".
"2022-ci ildə Füzulidə 1 536 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin bu ilin yanvar ayında verdiyi sərəncamına əsasən, yaşayış məntəqələri üzrə ümumilikdə 2 620 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu ilin I rübündə 622 hektar ərazi minalardan təmizlənib. Bütün bunlar inşaat işlərinə başlamağa şərait yaradır", - deyə N.Hümmətov qeyd edib.
Xatırladaq ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.
Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədiblər.
Xəbər lenti
0