CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Baş naziri Həştərxanın qubernatoru ilə nə danışıb?

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib.
BAKI, 10 aprel — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib.
Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyindən məmnunluq ifadə olunub.
İştirakçıları Azərbaycan gəlmiş "Xəzər – dostluq dənizi" motoyürüşünün əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiyası, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və humanitar qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
"Xəzər – dostluq dənizi" motoyürüşünün iştirakçıları Bakıya gəliblər
Xatırladaq ki, aprelin 8-də "Xəzər – dostluq dənizi" motoyürüşünün iştirakçıları Xəzər dənizi ətrafında böyük məsafə qət edərək Bakıya çatıblar. Yürüş Həştərxanda başlayıb, iştirakçıların yolu isə Qazaxıstanın Aktau və Atırau, Türkmənistanın Aşxabad və Türkmənbaşı, İranın Babolsər və Rəşt, nəhayət, Azərbaycanın Astara və Bakı şəhərlərindən keçir.
Motokolonnaya başçılıq edən Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin jurnalistlərə müsahibəsində deyib: "Biz Xəzər ətrafında ilk dəfə bu məsafəni qət etdik. Motoyürüşün adı – "Xəzər – dostluq dənizi" təsadüfən seçilməyib. Bununla göstərmək istədik ki, biz Xəzər ətrafında bizləri ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq. Bizim bütün marşrutumuz beş min kilometr təşkil edir. Yolumuza Həştərxan kremlindən başladıq və Qazaxıstan, Türkmənistan, İran ərazilərindən keçdik. Bu gün Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçiririk. Hər bir ölkədə qonşularımızla iqtisadi, humanitar əməkdaşlıq məsələlərinin müzakirə etmək üçün dayanacaqlar elan etdik".
Həştərxanın ətrafında bütün yerlərdən keçdiklərini qeyd edən vilayətin qubernatoru yeni marşrutun meydana gəlməsi səbəbindən də danışıb: "Bizim vahid komandamız var. Çox əsaslı hazırlıq işləri görmüşük. Texnikamız bütün növ yollara uyğundur. Bütün səyahət boyu görüşlər keçirmişik. Bizi hər yerdə çox səmimi qarşılayıblar. Biz özünəməxsus mədəniyyətlərin şahidi olduq, insanlarla tanışlıq yarandı, bu yolu yüksək əhvali-ruhiyyə ilə qət etdik".
"Xəzər – dostluq dənizi" motoyürüşü beynəlxalq layihədir. Onun məqsədi Xəzəryanı ölkələr arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsidir.
Xəbər lenti
0