Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş nazir Laçına ilk köçün baş tutacağı tarixi açıqladı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidLaçın
Laçın - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Baş nazir diqqətə çatdırıb ki, birinci mərhələdə 66 ailənin, indiyə qədər isə 86 ailənin Ağalıya köçürülməsi təmin olunub.
BAKI, 17 mart - Sputnik. "Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırılacaq".
Bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır: "Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilib. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir".
Azad olunmuş ərazilərin bərpasına 6,5 milyard manat yönəldilib
O bildirib ki, bütövlükdə, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib. 2022-ci ildə 4,3 mlrd.manat xərclənib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına, məşğulluğa və davamlı iqtisadi aktivliyin təmin olunmasına töhfə verəcəkdir.
Minatəmizləmə əməliyyatlarına 4 yerli özəl şirkət cəlb olunub
Baş nazir diqqətə çatdırıb ki, təbii olaraq genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin vacibliyini nəzərə alaraq Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunub. Həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli özəl şirkət də cəlb olunub.
"Görülən tədbirlər nəticəsində ümumilikdə 65 min hektar, o cümlədən 2022-ci ildə 44 min hektar ərazi təmizlənib", - deyə o əlavə edib.
Xəbər lenti
0