CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda İlaxır çərşənbə qeyd olunur

© Sputnik / Murad OrujovÇərşənbə
Çərşənbə - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir
BAKI, 14 mart — Sputnik. Bu gün Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu - İlaxır çərşənbə qeyd olunur.
İlaxır çərşənbə həm də Torpaq çərşənbəsi adlanır. Sudan, havadan, günəşdən sonra bar-bəhərin, bərəkətin anası torpaq oyandığından İlaxır çərşənbə bəzi bölgələrimizdə Novruz bayramının özündən daha təntənəli keçirilir.
Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuğun, şaxtanın olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.
Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.
Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar, ağacların dibi bellənər. İlaxır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.
Bundan başqa, İlaxır çərşənbə gecəsinin dan qaranlığında, yəni sübhün gözü açılar-açılmaz axar su üstünə gedilər. Suya salam verib "ağırlığım-uğurluğum tökül" deyə-deyə 3 dəfə suyun üstündən hoppanırlar. Sonra sudan bir səhəngə doldurub gətirər həyət-bacaya, ev-eşiyə, paltar-palaz, mal-qara üstünə səpilir. Bu ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir.
Axır çərşənbədə un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət payalananda bağlı qalmasın.
Axır çərşənbə gecəsi ərgən qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə atarlar. Ayaqqabının burnu qapıya tərəf düşsə, demək yaxın vaxtda ərə gedəcək.
Axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuç duzu və bir-iki qara pulu kuzəyə qoyub damadan atarlar. Deyilənə görə, kömür qara günün, duz gözüşorluluğun, acgözlüyün, qara pul da yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda niyyət qara gündən, gözüşorluqdan, yoxsulluqdan qurtulmaq arzusudur.
İlaxır çərşənbədə baltanın küpüynən meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyərlər: "Nə yatmısan, oyan, bərəkət payını götür". Deyirlər, həmin il ağacların bəhəri, məhsulu bol olar.
Bayram tonqalı yanıb axıra yetəndə ocaqdakı közlərin üzərinə üzərrik səpib deyirlər: "Odumuza, ocağımıza kəm baxanın gözləri bax beləcə partdasın, özü də oda düşüb çatdasın".
Yurdumuz ilaxır çərşənbənin ardından baharı qarşılamağa hazırlaşır. Bu bahar elimizə-obamıza sevinc, şadlıq gətirsin! İnsanlarımızın üçü gülsün, vətənimiz bütövləşsin, məcburi köçkünlərimiz bir an əvvəl yurd-yuvalarına qayıtsın! Dünyamıza sülh, əmin-amanlıq gəlsin.
Süfrəniz bərəkətli, ruziniz bol, ürəyiniz təpərli olsun, ocağınız gur yansın!
İlaxır çərşənbəniz mübarək!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0