Qadın sahibkarlar azad olunmuş ərazilərdə çalışmaq istəyirlər - VİDEO
© Sputnik / Murad OrujovAzərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının sədri Səkinə Babayeva
© Sputnik / Murad Orujov
Abunə olmaq
Səkinə Babayeva bildirib ki, son vaxtlar reklam menecmentində, rəqəmsal iqtisadiyyatda, kənd təsərrüfatının müxtəlif sahələrində, eko turizmdə qadınların iştirakı artır.
BAKI, 8 mart — Sputnik. "Azərbaycanda son 13 ildə qadın sahibkarlarının sayında 25 faiz artım var. Son statistik məlumatlara görə, bu rəqəm 30-32 faizə çatıb". Bu sözləri martın 7-də Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində qadın sahibkarlığının cəmiyyətin sosial və iqtisadi həyatında tutduğu rol mövzusunda çıxışında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının sədri Səkinə Babayeva bildirib.
O, ölkəmizdə qadın sahibkarların sayının daha da artması, onların cəmiyyətdə rolunun güclənməsi üçün Gələcəyə Baxiş İnkişaf Konsepsiyası və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlik proqramların həyata keçirildiyini bildirib.
S.Babayeva həmçinin bildirib ki, Azərbaycanda sahibkarların sayının günü-gündən artması cəmiyyətin inkişafına mühüm töhfə verir.
Assosasiya rəhbəri qeyd edib ki, əvvəllər qadın sahibkarlar məhdud sahələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərirdilərsə, son illər onların fəaliyyət arealı genişlənib:
"Əvvəllər Azərbaycanda qadınlar əsasən tibb və təhsil sahələrində sahibkarlığa daha çox meyillənirdilər. Amma son vaxtlar reklam menecementi, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatının müxtəlif sahələri və eko turizmdə də qadınların iştirakını görürük. Hətta hazırda onlar arasında müəyyən rəqabət mühiti formalaşıb".
© Sputnik / Murad OrujovAzərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının sədri Səkinə Babayeva
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının sədri Səkinə Babayeva
© Sputnik / Murad Orujov
S.Babayeva onu da vurğulayıb ki, sahibkarlıqda qadınların təkcə sayı yox, keyfiyyəti də artır.
Assosasiya rəhbəri son illər qanunvericilikdə də sahibkarların hüquqlarının qorunması istiqamətində müsbət dəyişikliklərin öz əksini tapdığını bildirib.
Onun sözlərinə görə, vergilərlə bağlı Assosasiyanın qaldırdığı problemlərin çoxu artıq öz həllini tapıb. Sahibkarların tenderlərdə iştirakının artırılması üçün banklarla tender komissiyaları arasında kommunikasiya qurulub. Artıq bankların verdiyi məktubları tender komissiyaları birbaşa görə biləcək.
"Qadınların evdə məşğulluğu istiqamətində də xeyli işlər görülüb. Sosial sahibkarlıq və korporativ mədəniyyətin formalaşdırılması yönündə də böyük irəliləyişlər var", - deyə S. Babayeva qeyd edib.
S.Babayeva onu da vurğulayıb ki, həssas təbəqədən olan qadınlar arasında sahibkarlığa dəstək göstərirlir. O, 44 günlük müharibədə övladını, ailə başçısını itirən qadınların Assosasiyaya cəlb edilərək sahibkara çevrilməsində dəstək göstərildiyini, onların lazımi avadanlıqlarla təmin edildiyini dilə gətirib.
Təşkilat rəhbəri işğaldan azad olunmuş ərazilərdə çalışmaq üçün sahibkar qadınların fəallıq nümayiş etdirdiyini söyləyib. Qeyd edib ki, bununla bağlı 114 sahibkar qadın müvafiq qurumlara müraciət ünvanlayıb.
"Tikinti, kənd təsərrüfatı və sənaye sahələrində 15 layihənin qadınlar tərəfindən icrası üzərində iş aparılır".
S.Babayeva həmçinin ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə bağlı bir sıra sualları da cavablandırıb. Onun qadın sahibkarlığı mövzusunda çıxışı Sputnik Azərbaycan səhifəsində Tik Tok və Facebook* sosial şəbəkələrində yayımlanıb.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.