CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tikilən binalarda niyə zəlzələ izolyatorlarından istifadə edilmir?

© Sputnik / Zulfiyya GuluyevaYaşayış binasının tikintisi
Yaşayış binasının tikintisi - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Dövlət qurumundan bildirdilər ki, Azərbaycanda bu metoddan istifadə edilməsə də, binaların özülü ana süxura bərkidilir.
BAKI, 28 fevral — Sputnik. Türkiyədə baş vermiş güclü zəlzədən sonra dünyanın əksər ölkələrində yeni inşa ediləcək binalara zəlzələ izolyatorlarının qoyulması gündəmə gəlib. Buna səbəb Kahramanmaraşda zəlzələdən sonra zəlzələ izolyatorlarından istifadə edilən binaların zərər görməməsidir. Hətta zəlzələnin şiddətini azaldan bu mexanizm sayəsində Adıyaman, Qaziantep, Adana və Malatyadakı şəhər xəstəxanalarında zəlzələdən sonra bir çat belə yaranmayıb.
Türkiyənin Fəlakətlərin İdarə Edilməsi İnstitutunun İnşaat Mühəndisliyi fakültəsinin müəllimi Fatih Sütçü türk mətbuatına açıqlamasında zəlzələ izolyatorlarının əhəmiyyətindən danışıb. O, bildirib ki, binanın altına zəlzələdən təcrid edən dayaqlar yerləşdirirlər. Bu sistem zəlzələ ilə struktur arasındakı birbaşa əlaqəni kəsir. Yəni zəlzələnin yaratdığı yer hərəkətinin idarəli şəkildə binaya ötürülməsini təmin edir. Mütəxəssis yeni inşa olunacaq binalarda bu avadanlıqdan istifadəni zəruri hesab etdiyini söyləyib.
Azərbaycanda da istifadə edilməsi təklif edilir
Məsələ Azərbaycanda da aktuallaşıb. Milli Məclisin fevralın 24-də keçirilən iclasında deputat Naqif Həmzəyev təklif edib ki, binaların zəlzələ izolyatorları ilə tikilməsi tələbi də qoyulmalıdır. O, bildirib ki, bu tikinti xərclərini artırsa da, aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır.
"İnanıram ki, tikinti şirkətləri daha çox pul qazanmaq naminə vətəndaşları təhlükəyə atmayacaqlar" deyə deputat vurğulayıb.
Bəs görəsən Azərbaycanda tikintidə zəlzələ izolyatorlarından istifadə oluna bilərmi? Bu tikinti xərclərini nə qədər artıra bilər?
Zəlzələ izolyatorlarından istifadə tikinti normalarına salınmalıdır
İnşaat üzrə mütəxəssis Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə də yaşayış və inzibati binalar inşa olunarkən zəlzələ izolyatorlarından istifadə edilə bilər. Amma ilk növbədə bunun üçün qanuni əsaslar olmalıdır:
"Türkiyədə baş verən zəlzələ təcrübədə göstərdi ki, bu izolyatorlar yeraltı təkanlar zamanı binaların dağılmasının qarşısını alır. İnsanların həyatlarını xilas edən zəlzələ izolyatorlarından Yaponiyada, eləcə də dünyanın bir sıra ölkələrində istifadə edilir. Azərbaycanda isə hər hansı tikinti şirkəti bu avadanlığı inşaat zamanı istifadə edə bilməz. Əks halda bina Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilməyəcək. yaxud həmin binanın inşası dərhal dayandırılacaq".
Həmsöhbətimiz deyir ki, zəlzələ izolyatorlarından inşaatda istifadə üçün normativlərə əlavə edilməlidir. Yalnız tikinti normativlərində zəlzələ izolyatorları öz əksini tapdıqdan sonra bu avadanlıqdan istifadə edilə bilər.
O, həmçinin elmi-tədqiqat institutlarında da bununla bağlı araşdırmaların aparılmasının vacibliyini vurğuladı.
Zəlzələ izolyatorları həyatımızı xilas edə bilər
Memar Cahid Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu izolyatorlar yeraltı təkan zamanı binanın struktura təsir edən zəlzələ yüklərini və sürətlənmələri azaldır. Düzgün layihələndirmə işləri aparılarsa bu izolyatorlar istifadə can və mal itkisinin qarşısını alır.
Bununla belə C.Həsənov binanın özülünün möhkəm olmasının, tikintidə istifadə edilən materialların keyfiyyətinin yüksək olmasının vacibliyini vurğuladı: " Əgər binanın dayaq sütunları möhkəm deyilsə təkcə bu izolyatorlara güvənmək olmaz. Tələb olunan normada betondan, texniki konstruksiyadan istifadə edilməlidir ki, zəlzələ zamanı sütunlar ağırlığı daşıya bilsin".
C.Həsənov binaların zəlzələyə davamlığını təmin etmək üçün Yaponiyanın təcrübəsindən istifadənin effekt verdiyini bildirdi.
Ən azı seysmik ərazilərdə istifadə edilməlidir
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəlzələ izolyatorları Azərbaycanda da seysmik aktiv ərazilərdə tikintidə istifadə edilə bilər: "Zəlzələ izolyatorları təcrübədə effekt verirsə istifadə edilə bilər. Bu avadanlıq zəlzələ zamanı binaya təsiri azaldır. Çox yaxşı olar ki, ölkəmizdə də gələcəkdə istifadə edilsin. Əgər Türkiyə, Yaponiya kimi ölkələr bundan istifadə edib zəlzələ zamanı faydasını görürlərsə, Azərbaycan da bu təcrübədən gələcəkdə yararlana bilər".
Azərbaycanda tikintidə niyə istifadə edilmir?
Qeyd edək ki, zəlzələ izolyatorlarından istifadə Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarında öz əksini tapmayıb. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, zəlzələ izolyatorları binanın zəlzələyə davamlığını təmin edən vasitələrdən biridir. Azərbaycanda bu metoddan istifadə edilməsə də, binaların özülü ana süxura bərkidilir. Bu binanın zəlzələyə davamlığını artırır. Qurumdan əlavə etdilər ki, Agentliyinin rəis müavini Elxan Əsədov da mətbuata açıqlamasında Azərbaycanda binaların 8 ballıq zəlzələyə davamlı olduğunu bildirib.
Binanın inşaat xərclərini artırsa da...
Gələcəkdə Azərbaycanda zəlzələ izolyatorlarından istifadə edilib-edilməyəcəyi sual altında olsa da, ekspertlər bu izolyatorlardan istifadənin tikinti xərclərini xeyli artırdığını bildirir. Türkiyədə seysmik izolyatorların istehsalı və satışı ilə məşğul olan "Özdekan Kauçuk A. Ş" dan Sputnik Azərbaycan-a bildirdilər ki, bu izolyatorların bir ədədinin qiyməti 6 min ABŞ dollarınadır. Dörd binadan ibarət beş mərtəbəli bina üçün 40 daşıyıcı zəlzələ izolyatorundan istifadə olunur. Bu isə binanın xərcini 400 min manatdan çox artırır.
Zəlzələ izolyatorları nə işə yarayır?
Qeyd edək ki, zəlzələ izolyatorları zəlzələnin sürətini üç dəfə azaldır. Zəlzələ izolyatorları möhkəmləndirici polad plitələrlə ayrılmış bir sıra vulkanlaşdırılmış rezin təbəqələrdən ibarətdir. Kauçukun əsas xüsusiyyəti onun enerjini yaymaq qabiliyyətidir. Bina və ya körpü tirlərinin altında yerləşdirildikdə, onlar strukturun əsas vibrasiya müddətini artıraraq, seysmik fəaliyyətin hər hansı təsirini əhəmiyyətli dərəcədə azaldır. Hazırda dünyada zəlzələnin binaya təsirini önləyən ən təsirli mexanizmlərdən sayılır.
Məlumat üçün bildirək ki, yüksək amortizasiyalı rezin podşipniklər (HDRB) 1985-ci ildə Berklidəki Kaliforniya Universitetində professor Ceyms Kelli tərəfindən hazırlanıb. Özdekan bu texnologiyanı Türkiyədə istehsal edən və tətbiq edən ilk şirkət olub, 2014-cü ildə Türkiyənin Ankara şəhərində AFAD binası üçün istifadə edib. İzolyasiya sistemi mühəndislərin məsləhəti ilə hazırlanıb.
Xəbər lenti
0