Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda və Abşeronda 11 minədək istismar müddəti bitən bina var - Ekspert

© Sputnik / Anar MustafayevBakıda yaşayış binası
Bakıda yaşayış binası - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Ekspertin sözlərinə görə, Türkiyədə zəlzələ olan ərazilərdəki binaların keyfiyyəti Azərbaycandakı binaların keyfiyyətindən aşağıdır.
BAKI, 10 fevral — Sputnik. "Azərbaycanda çoxmənzilli binalar yüksək keyfiyyətlə tikilir və onların keyfiyyətinə sərt nəzarət var. Hər mərtəbə tikiləndə betonun, armaturun keyfiyyəti, sayı, ölçüləri yoxlanılır. Əgər standartlardan kənara çıxılarsa, tikintiyə icazə verilmir".
Bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a ölkəmizdə binaların tikintisində inşa normalarının necə tətbiq edildiyi barədə danışarkən deyib.
O bildirib ki, bizdə də sıx şəkildə tikinti aparılan ərazilər var: "Yaşayış binalarının çox sıx olması yaxşı hal deyil. Çünki tıxac, yanğınsöndürən maşınların yanğın ərazisinə girməsinə çətinlik yaradır. Amma Türkiyədə zəlzələ olan ərazilərdəki binaların keyfiyyəti Azərbaycandakı binaların keyfiyyətindən aşağıdır".
Onun sözlərinə görə, Azərbaycanda həmçinin köhnə tikili binalar mövcuddur: "Hazırda Bakıda və Abşeron ərazisində 11 minə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası və minlərlə istismar müddətini bitirməmiş binalar var. Lakin 150-yə qədər aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınan çoxmənzilli yaşayış binası mövcuddur və onların söküntüləri mərhələli şəkildə aparılır. 2016-cı ildən başlayaraq istismar müddəti bitmiş binaların söküntüsü aparılır, onlar yeni tikili binalarla əvəzlənir. Bir binanı sökərək yerində yenisinin inşası ən azı 2-3 il çəkir. Həmin qəzalı binaları söküb tikmək on illərlə vaxt alır. Ona görə də ən azı həmin binalarda söküntüyə qədər möhkəmləndirmə işləri aparmaq olar".
"Zəlzələ və yanğın zamanı açıq ərazilər yəni parklar, idman meydançaları və s. olmalıdır", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ çoxmərtəbəli binaların zəlzələyə davamlılığı məsələsini aktuallaşdırıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, ölkədə tikintinin keyfiyyəti yüksək səviyyədədir və baş verə biləcək zəlzələlərə davamlıdır. Onun sözlərinə görə, hətta bu gün Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar.
E.Əsədov qeyd edib ki, ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Türkiyədə zəlzələdə ölənlərin sayı 18342 nəfərə çatıb. Zəlzələ nəticəsində yaralananların sayı 74242 nəfərdir.
Xəbər lenti
0