CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə 3 manata olan dərman Azərbaycanda 39 manata satılır - Deputat

© AFP 2024 / MICHELE SPATARIDərman, arxiv şəkli
Dərman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Bunun qarşısını Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır, - deyə Əli Məsimli diqqətə çatdırıb
BAKI, 24 yanvar — Sputnik. Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar. Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün Məcəllənin qəbul olunması önəmlidir:

"Süni surətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur. Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır. Əvvəl illik inflyasiya 4% proqnozlaşdırılmışdı, 14,6% oldu".

Ə.Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur:
"İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədə qiyməti 3,2 manat olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını düşünürəm ki, Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır". (Report)
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 28 dekabr 2022-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
İclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 7.1-ci bəndinə və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Şuradan bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb.
Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır.
Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb.
Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur. Dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər.
Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb.
Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin ("Fungipar", "Diasmet", "Rosapar" və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır.
Digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan "Diabeton MR" dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır. Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir. Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır.
Onu da bildirək ki, bundan öncə Milli Məclisdə dərmanların baha olması məsələsi qaldırılıb. Deputat Vahid Əhmədov Türkiyədən gələn dərmanların baha olduğunu söyləyib. Onun sözlərinə görə, qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir.
"Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burada olan dərmanların qiymətində 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamalıdır. Bu əhalini ən çox narahat edən problemdir", - deyə Vahid Əhmədov bildirmişdi.
Deputat Fazil Mustafa da Azərbaycanda dərman vasitələrinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu diqqətə çatdırıb.
"Təsəvvür edin ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, bu, vətəndaşın yaşamında özünü hiss etdirmir", - deyə deputat əlavə edib.
Baş nazir Əli Əsədovun sözlərinə görə, Azərbaycan dərman məhsullarının 95 faizindən çoxunu idxal edir. Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir.
Xəbər lenti
0