Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19 xəstələrinin evdə qalma müddəti uzadılacaq? Rəsmi açıqlama

© AP Photo / Evgeniy MaloletkaCOVID-19 xəstəsi
COVID-19 xəstəsi - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
DİN-dən bildirilib ki, COVID-19 xəstələri təcrid müddətinə əməl etmədikdə onlara qarşı Cinayət Məcəlləsinə görə cəza müəyyən edilir.
BAKI, 16 yanvar — Sputnik. COVID-19 simptomu olan xəstələrin on gün müddətinə təcrid edilməsi təklif olunur. Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının "ÜST COVID-19 Kliniki idarəetmə"si ilə bağlı hazırladığı tövsiyələr planında yer alıb. ÜST simptomları olmayan xəstələrin isə 5 gün təcrid olunmasını təklif edir. Bundan başqa, izolyasiya müddətini azaltmaq üçün sürətli antitel testindən istifadə də təklif edilir.
Qeyd edək ki, pandemiyanın tüğyan etdiyi dövrdə Azərbaycanda koronavirusa yoluxan xəstələrin təcridinə ciddi yanaşılırdı. COVID-19-a yoluxduğu barədə sms göndərilən şəxs həmin gündən 14 gün müddətində təcrid olunurdu. Həmin müddətdə onun evdən çıxmasına, ictimai yerlərdə gəzməsinə görə cəza da müəyyənləşmişdi. Belə şəxslər karantin müddətini gözləmədən evdən bayıra çıxdığı halda hətta cəzalandırılırdılar da. Bəs görəsən hazırda ölkəmizdə koronavirusa yoluxmuş şəxslərin karantin müddəti nə qədərdir? Bu müddət ÜST-ün tövsiyyəsinə görə artırıla bilərmi?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Sputnik Azərbaycan-a bildirdilər ki, COVID-19 xəstələrinin karantin müddəti 2020-ci ildə 14 gün müəyyən edilib. Koronavirusa yoluxma sayı azaldıqdan, vaksinasiya tədbirləri sürətləndirildikdən sonra bu müddət azaldılaraq 7 günə endirilib. Bununla belə karantin müddətinin uzadılıb-uzadılmaması koronavirusa yoluxmuş şəxsə nəzarət edən həkimin verəcəyi qərardan asılıdır. Virusa yoluxmuş şəxs 7 gün ərzində tam sağalmadığı təqdirdə sahə həkimi təcrid müddətini uzada bilər.
RGEM-dən onu da bildirdilər ki, vətəndaşın adı xəstəlikdən sağalandan 7 gün sonra COVID-19 xəstəsi kimi sistemdən çıxardılır. Bu halda vətəndaş evdən çıxa, ictimai yerlərdə hərəkət edə bilər.
Yeni ştamla bağlı COVID-19 xəstələrinin təcrid müddətinin uzadılması ilə bağlı ÜST-ün təklifinə gəlincə RGEM-dən bildirdilər ki, hələki ölkəmizdə bu ştama yoluxma qeydə alınmayıb. Əgər qeydə alınarsa ÜST-ün tövsiyyələrinə baxıla bilər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması" maddəsi hələ də qüvvədədir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinə əlavə olunan "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması"na dair 139-1.1-ci maddədə isə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Adıçəkilən rejimlərin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Qeyd edək ki, hazırda dünyanın 29 ölkəsində koronavirusun yeni "XBB.1.5" alt növü tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus isə virusla bağlı nikbin proqnoz açıqlayıb. Onun sözlərinə görə, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymaq üçün ümidlər var.
Xatırladaq ki, "Omicron XBB.1.5" ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Virusun tüğyan etməyə başladığı ilk vaxtlarda təcrid müddəti 14 gün idi. Sonradan bu müddət 7 gün oldu.
Xəbər lenti
0