CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni İlin ilk günü zəhərlənmədən necə qorunmaq olar?

© pixabay / jill111Yeni il süfrəsi
Yeni il süfrəsi - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
A.Maqsudov bildirir ki, Yeni İl süfrəsində balıq, xüsusən də hisə verilmiş balıq məhsullarına diqqətlə yanaşmaq lazımdır.
BAKI, 1 yanvar — Sputnik. Yeni ildə əsasən tutmalardan, şorabalardan zəhərlənmə halları baş verir. Ötən ilin ilk günü bu qida məhsulları ilə bağlı müraciətlər üstünlük təşkil edirdi. Bundan başqa, kolbasa məhsulları, şirniyyatlardan da zəhərlənmə halları baş verib. Odur ki, bu məhsulları uzun müddət soyuducuda saxlamaq məsləhət deyil. Xüsusən də şirniyyatların tərkibində krem olduğundan qida zəhərlənməsi riski yaranır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, qida zəhərlənmələrindən qorunmaq üçün xüsusən də konservləşmiş məhsullara həssaslıqla yanaşmaq lazımdır:
"Əks halda çox ağır, kütləvi qida zəhərlənmələri baş verə bilər. Həkimlər belə olan halda çox böyük çətinliklə baş verə biləcək arzuolunmaz halın qarşısını ala bilirlər".
O bildirir ki, Yeni İl süfrəsində balıq, xüsusən də hisə verilmiş balıq məhsullarına diqqətlə yanaşmaq lazımdır. Yeni ilin ilk günlərində isə bayram axşamından qalmış boyat yeməklər, salatlarla bağlı da diqqətli olmaq şərtdir.
Toksikoloqun sözlərinə görə, baş verən qida zəhərlənməsi ilə bağlı AQTA-ya məlumat verilir, fakt araşdırılır, məlum olur ki, məhsulun vaxtı ötməyib, sadəcə, saxlanma şəraitinə düzgün əməl edilməyib.
"Qidaların saxlanma şəraiti düzgün olsa, zəhərlənmə yaratmırlar", - deyə o, əlavə edib.
A.Maqsudov bildirir ki, ötən il uşaqlar arasında Yeni İl süfrəsində şirniyyatdan zəhərlənmə halı olmasa da, allergik reaksiyalarla müraciətlər olub: "Yeni İl hədiyyələrinə gəldikdə, uşaqlarda şirniyyatlara qarşı həssaslıq varsa, uşaqlara belə qidalar alınmasın".
Xatırladaq ki, dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib.
Onlardan 126 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.
Xəbər lenti
0