Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri qəbul edilib

manat - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev ümumi xərclərin 97%-nin və ya 6 milyard 77 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcəyini qeyd edib.
BAKI, 25 noyabr - Sputnik. Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi cənab Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir.
© Photo : Teleqraf / Elchin MuradMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Millət vəkili Musa Quliyev
Bildirilib ki, Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.
Fondun gəlirlərinin strukturuna diqqət çəkən Musa Quliyev qeyd edib ki, gəlirlərin 4 mlrd. 783,6 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 9,7%, yaxud 422 milyon manat çoxdur.
Orta aylıq əmək haqqının cari ilin sonuna 838 manat təşkil edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacağını vurğulayıb.
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev ümumi xərclərin 97%-nin və ya 6 milyard 77 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcəyini qeyd edib. Bildirilib ki, gələn il əhaliyə ödənişlərin nəzərdə tutulmuş proqnozu ötən ilin təsdiqlənmiş proqnozundan 646,4 milyon manat, yaxud 12% çoxdur, eyni zamanda əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 423 manat təşkil edəcəyi gözlənilir.
“İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, gələn ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.
Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 159,6 milyon manatı, yaxud 74,9 %-i işsizlikdən sığorta haqları üzrə yığımın, 53 milyon manatı, yaxud 24,9%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsaitin hesabına formalaşacaqdır. Sığorta haqları üzrə yığımın 71,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev növbəti ildə də özünə məşğulluq layihəsinin davam edəcəyini bildirib. Beləliklə də özünəməşğulluq layihəsi ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq. Vurğulanıb ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müzakirəyə təqdim olunan qanun layihələri barədə fikirlərini açıqlayıb. Bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi və rifah halının yaxşılaşdırılması ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Prezidentin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 46 faizə çatdırılması, o cümlədən son 5 ildə bu istiqamətdə ayrılan vəsaitin mütləq ifadədə 2 dəfə artırılması bunun əyani sübutudur.
© Sputnik / Murad OrujovSahil Babayev
Сахиль Бабаев — Министр труда и социальной защиты населения Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Sahil Babayev
Nazir diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin gəlirlərindən 658 milyon manat və ya 12 faiz çoxdur. Gəlirlərin 76 faizi və ya 4 milyard 784 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşacaq. Bu isə cari ildən 422 milyon manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2023-cü il üçün daxilolmalar 1 milyard 783 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 3 milyard manat proqnozlaşdırılır. Ümumilikdə 2022-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2023-cü il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 5 faiz və ya 88 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13 faiz və ya 334 milyon manat artacaq.
Qeyd edilib ki, dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 milyard 468 milyon manat müəyyən edilib. Eyni zamanda, sosial sığorta haqlarının yığımının proqnoza nisbətən çox olması, habelə sosial sahədə inzibatçılığın təkmilləşdirilməsi və əsassız ödənişlərin qarşısının alınması nəticəsində cari ilin yekunları üzrə Fondun ciddi ehtiyat yastığının formalaşması proqnozlaşdırılır.
Bildirilib ki, növbəti ildə fondun xərcləri gəlirlərinə bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da 2022-ci ilə nisbətən 658 milyon manat və ya 12 faiz çoxdur. Qeyd olunub ki, növbəti il üçün pensiyaların orta aylıq məbləği 423 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 456 manat olaraq proqnozlaşdırılır.
Sahil Babayev diqqətə çatdırıb ki, 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı da ilk dəfə olaraq bərabərləşdirilir və 246 manat məbləğində müəyyən edilir.
Sonra Sahil Babayev İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, Fondun gəlirləri və xərcləri 212,7 milyon manat proqnozlaşdırılıb. Sığorta haqları üzrə gəlirlər 159,6 milyon, cari ildən qalıq vəsait 53 milyon manat olaraq planlaşdırılır. O qeyd edib ki, Fondun əsas fəaliyyət istiqamətini məşğulluq proqramlarının icrası, xüsusilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi təşkil edir. Məşğulluq xidməti tərəfindən son 4 il ərzində 400 mindən çox şəxs işlə təmin edilib. Özünəməşğulluq proqramının icrasına 87 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır və bu, 10 min 600 ailənin kiçik və mikro biznesinin qurulmasına sərf ediləcək.
Müzakirələrin yekununda “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0