Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtda tıxacın səbəbi nədir? Deputatdan açıqlama

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Vüqar Bayramov fərqli iş saatlarının tətbiq edilməsinin çıxış yollarından biri olduğunu bildirib.
BAKI, 19 oktyabr — Sputnik. Bakının tıxac problemi hər kəsi narahat edən məsələyə çevrilib. Bu problemi kimi avtomobil sayının artması, kimi də paytaxtda əhalinin artımı ilə izah edir.
Millət vəkili Vüqar Bayramov paytaxt yollarındakı tıxaclarla bağlı maraqlı fikir açıqlayıb. O bildirib ki, bu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 349 minə çatıb. Ümumi avtomobillərin sayı isə 1.7 milyondur. V.Bayramov deyib ki, ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Bu ilin ilk 9 ayında isə sahibkarlar Azərbaycana 45 min 519 avtomobil gətiriblər. Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır.
"Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zelandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrindən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızıstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil. Etiraf etmək lazımdır ki, xüsusən son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb. Aydındır ki, infrastruktur genişlənməsəydi, o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərinin 70.0 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmləri göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir, baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu, hələlik ciddi çətinlik hesab olunmur".
Deputat əlavə edib ki, tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirilən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır: "CNN kanalının hesablamalarına görə, ABŞ-ın iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman Los-Ancelesdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ildə 250 saat tıxacda keçirir".
Tıxacın azaldılması üçün nələrin edilməsinə ehtiyac var?
V.Bayramovun fikrincə, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirə layiqdir. Onun sözlərinə görə, bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib. Digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər. Digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır".
Deputat bildirib ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhfə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir: "Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər".
Xəbər lenti
0