CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müzakirələrə səbəb olan heykəl bu qədim paytaxtda qoyulacaq - Detallar

© Photo : Facebook / Azik HuseynliNəsiminin heykəli
Nəsiminin heykəli - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Heykəli hazırlayan karxananın rəhbəri bildirib ki, heykəlin Şuşaya aparılacağı barədə məlumat doğru deyil.
BAKI, 18 oktyabr — Sputnik. Bir neçə gündür ki, müxtəlif sosial şəbəkələrdə şair Molla Pənah Vaqifin olduğu iddia edilən heykəlin hazırlanması geniş müzakirələrə səbəb olub. Bir qisim bu heykəlin Şuşada qoyulacağını, bəziləri isə heykəlin Şamaxıya gətiriləcəyini bildirir. Heykəlin Lənkəranda hazırlandığı vurğulanıb.
Sputnik Azərbaycan heykəlin kim tərəfindən, harada hazırlandığını, eləcə də heykəlin haraya aparılacağını araşdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Şovu kənd inzibati ərazi dairəsinin nümayəndəsi Arzu Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heykəl Təngivanda yerləşən daş karxanasında hazırlanır. O, heykəlin sifarişçisi barədə məlumatlı olmadığını söylədi.
Apardığımız araşdırma zamanı məlum oldu ki, heykəl “PROFCO” MMC tərəfindən hazırlanır. “PROFCO” MMC-nin direktoru Şaiq Həsənov Sputnik Azərbaycan-a heykəlin hazırda MMC-nin Təngivanda yerləşən daş karxanasında olduğunu təsdiqləyib: "Bu heykəli yoldan keçənlər çəkərək sosial şəbəkədə paylaşıb. Heykəlin sifarişçisi barədə məlumat vermək ixtiyarımız yoxdur. Amma qeyd edə bilərəm ki, bu heykəl metaldan hazırlanır, hazırda bizim Təngivandakı daş karxanamızdadır. Amma Molla Pənah Vaqifin yox, Azərbaycan şairi Nəsiminin heykəlidir. Biz sifarişçi qarşısında öhdəlik götürdüyümüzdən, bu barədə geniş açıqlama verə bilmərik".
Sifarişi icra etdiklərini bildirən MMC rəhbəri onu da bildirib ki, bu böyük bir abidədir. Artıq abidə üzərində son tamamlanma işləri gedir: "Biz işi yekunlaşdırırıq. Onu deyə bilərəm ki, bu Azərbaycanda ən böyük abidə olacaq. Şuşaya aparılacağı barədə məlumatlar doğru deyil".
Həmçinin bildirildi ki, abidə Şamaxı şəhərində qoyulacaq.
Şamaxı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə abidə barədə onlarda bir məlumat olmadığını bildirdilər.
Mədəniyyət Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil.
Qeyd edək ki, Şamaxı IX-XI əsrlərdə Şirvanşahlar dövlətinin paytaxtı olub.
Xəbər lenti
0