Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dərs saatı az olan müəllimlərin əmək haqqında artım olacaq?

© Sputnik / Murad OrujovMəktəbdə dərs prosesi, arxiv şəkli
Məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
Kamran Əsədov deyir ki, müəllimin 6 saat dərsi olsa belə, o sertifikasiyadan keçərək müvafiq balı toplaya bilibsə, əmək haqqı artırılır.
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycanda sertifikasiya imtahanından keçmiş müəllimlərin əmək haqqı artımı müəyyən anlaşılmazlıqlara səbəb olub. Xüsusilə rayon məktəblərində sertifikasiyadan keçmiş müəllimlər dərs saatı 18 saatdan aşağı olduqda əmək haqqı artımın onlara şamil olunmadığı barədə Sputnik Azərbaycan-a müraciət ediblər.
Bəs görəsən, dərs saatları sertifikasiyadan keçən müəllimlərə əlavə maaşların verilməsində məhdudiyyət yaradırmı?
Sputnik Azərbaycan sertifikasiyadan keçmiş müəllimlərin əmək haqlarına artıma dərs yükünün təsirinin olub-olmadığını araşdırıb.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikasiyadan keçmiş müəllimin dərs saatının onun əmək haqqı artımına heç bir aidiyyatı yoxdur. Müəllimin 6 saat dərsi olsa belə, o sertifikasiyadan keçərək müvafiq balı toplaya bilibsə, əmək haqqı artırılır:
"Sadəcə olaraq müəllimin dərs saatı onun əmək haqqında artımın məbləğinə təsir edir. Dərs saatı çox olan müəllimin əmək haqqında artım da çox olur".
K. Əsədov bununla belə sertifikasiya imtahanında iştirak edərək müvafiq bal toplamış heç bir müəllimin əmək haqqı artımından kənarda qalmadığını söyləyib.
Elm və Təhsil Nazirliyindən də bildirdilər ki, sertifikasiyadan keçən müəllimlərin həftəlik dərs saatına əsasən, maaşının hesablanma qaydası var. Həmin qaydaya görə, prosesdən keçən və həftəlik 6 saat dərs yükü olan müəllimlərin orta aylıq maaşı 150 manatdırsa, ona 10% əlavə olduqda 165, 35% olduqda isə 203 manat təşkil edəcək. 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta aylıq əməkhaqqı 310 manatdırsa, ona 10% əlavə olunduqda 340, 35% əlavə edildikdə isə 420 manat təşkil edəcək. 12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta aylıq əməkhaqqı 535 manatdır.
Sertifikasiyadan keçdikdən sonra onların məvacibi 10% əlavə ilə 590, 35% əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır. 10% əlavə tətbiq edildikdə nəvacib 830, 35% əlavə olduqda isə 1020 manat olacaq. Eyni zamanda 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1100 manatdır. 10% əlavə olunduqda onlar 1210, 35% əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaqlar.
Qeyd edək ki, hazırda ibtidai sinif müəllimləri sertifikasiyadan keçirilir. Müəllimlər mərhələli şəkildə həm test, həm də müsahibə mərhələsindən keçirlər. Digər fənlər üzrə isə təhsil işçilərinin sertifikatlaşdırılması davam edəcək.
Xatırladaq ki, sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur. Direktor və direktor müavinlərinin əmək haqlarında artım təhsilalanların sayına görə, təhsilverənlərin əmək haqları isə sertifikatlaşdırmanın nəticəsinə görə artımla veriləcək.
Xəbər lenti
0