Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası necə gedir?

© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Ağalı kəndində ilk ailə təsərrüfatları
Ağalı kəndində ilk ailə təsərrüfatları - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına gələn il 3 milyard manat ayrılacaq. Növbəti mövsümdə azad olunmuş torpaqlarda əkin sahələrinin daha da genişləndirilməsi gözlənilir.
BAKI, 27 sentyabr — Sputnik. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Prezident İlham Əliyevin dediyi kimi, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Lakin sonra bu vəsait 21,36 faiz artırılaraq 2 milyard 670 milyon manat olub.
2022-ci ilin ilk altı ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1172,4 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 53,3 faizinə bərabərdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tərkib hissəsi kimi əhalinin dayanıqlı məskunlaşması ərazilərdə ilkin şərtlərin yaradılması, "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması kimi mühüm tədbirlərin mərhələli şəkildə, prioritetlik prinsipi ilə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla icrası üçün zəruri maliyyə təminatının yaradılması da növbəti illərdə büdcə siyasəti qarşısında duran əsas çağırışlardandır.
Bununla yanaşı, növbəti illərdə aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə daha çox texnoloji komponentli kreditlərin cəlb edilməsi, ayrılacaq kreditlərdən özəl sektorun bəhrələnməsi, həmçinin kredit layihələrinin seçimi prosesində yerli xam mal və materialların geniş istifadəsi, eləcə də valyuta amili nəzərdə saxlanılacaq.
Milli xərc prioritetlərinə daxil olan, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması sahəsində görüləcək işlər dəstəklənəcək.

Azad olunmuş ərazilərin bərpasına gələn il 3 milyard manat ayrılacaq

Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz və ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.

"Ağıllı kənd"ə qayıtmış sakinlər arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür

Azad olunmuş torpaqlarda ilk "Ağıllı kənd"in inşasının birinci mərhələsi başa çatıb. Zəngilan rayonunun Ağalı kəndi "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulub, burada "Smart village" konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Artıq kənd sakinlərinin 30 illik işğal dövründən sonra öz yurdlarına qayıtması təmin edilib və bu gün onlar Qarabağ bölgəsində quruculuq işlərinin fəal iştirakçılarına çevriliblər.
"Ağıllı kənd"ə qayıtmış sakinləri arasında məşğulluğun təmin olunmasında aqrar sahənin payı böyükdür. Kənddə salınmış intensiv meyvə bağları, heyvandarlıq kompleksi, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri Ağalı sakinlərinin davamlı gəlir əldə etməsinə və işlə təmin olunmasına hesablanıb. "Ağıllı kənd" layihəsi çərçivəsində aqrar emal müəssisələrinin inşası burada istehsal olunan məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yaradacaq.

Növbəti mövsümdə azad olunmuş torpaqlarda əkin sahələrinin daha da genişləndirilməsi gözlənilir

İşğaldan azad olunmuş torpaqlarda 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb, bu rəqəmin növbəti mövsüm daha da artacağı gözlənilir.
Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il ilk dəfə Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə icra olunub. Bu il isə layihənin miqyası genişləndirilib, yaylaq mövsümündə Laçın və Kəlbəcərlə yanaşı, Qubadlı, Cəbrayıl, Füzuli və digər rayonlara heyvandarlıq təsərrüfatlarının köçürülməsi təmin edilib.

İndiyədək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb

Sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən Ağalıya altıncı köç karvanı yola salınıb.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Daha 62 nəfər – 13 ailə daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalı kəndinə yola salınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin ikinci mərhələsinin yekunudur. İndiyədək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.
Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq".
Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.
Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər.
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşdırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizləri, habelə iqtisadi və struktur-institusional islahatlar cari və növbəti illərdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, digər abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq. Digər tərəfdən, həmin bölgədə kommunikasiyaların açılması regionda sülhün, təhlükəsizliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaq.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək

İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.
İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.
İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə "yaşıl enerji zonası" konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.

Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir

Bu strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur.
Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək.
Xəbər lenti
0