Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda satılan dərmanlar niyə keyfiyyətsizdir? Rəsmi açıqlama

© Depositphotos.com / Javiercorrea15dərman
dərman - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Vətəndaşlar da Türkiyədən alınıb gətirilən dərman preparatlarının ölkəmizdə satılan dərmanlarla müqayisədə daha keyfiyyətli olduğunu söyləyirlər.
BAKI, 24 sentyabr — Sputnik. Ölkədə insanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O qeyd edib ki, hətta qiymətlər qardaş Türkiyə ilə müqayisədə kifayət qədər yüksəkdir:
"Dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problemlər var. Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəyəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və bizə təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır".
Vətəndaşlar ölkəmizdə satılan dərmanların keyfiyyətindən narazıdır
Qeyd edək ki, dərmanların keyfiyyət məsələsi tez-tez müzakirəyə səbəb olur. Hətta ölkə vətəndaşları bəzi dərman preparatlarını təkcə qiyməti baha olduğu üçün deyil, keyfiyyətində fərq olduğundan, xaricdən almağa üstünlük verir. Mütəmadi olaraq sosial şəbəkələrdə Türkiyəyə gedən şəxslərdən dərman preparatı almaq üçün xahiş dolu statuslara da rast gəlinir.
Vətəndaş Gülşən Abbasova "Keppra" adlı dərman preparatını almaq üçün hər üç aydan bir Türkiyəyə gedən yaxınlarına müəyyən məbləğdə pul verir. Həmsöhbətimiz deyir ki, bu dərman preparatının ölkədə satılanı ilə Türkiyədən gətiriləni arasında ciddi keyfiyyət fərqi var. Onun sözlərinə görə, ölkədə satılan dərman preparatlarının müalicədə o qədər də təsiri olmur.
Aygün Məcidova adlı sakin Sputnik Azərbaycan-a bildirib ki, Türkiyədən aldığı "Panadol" dərman preparatı ilə müqayisədə Azərbaycanda aldığı eyni dərman arasında ciddi keyfiyyət fərqi var. A.Məcidova deyir ki, Türkiyədən aldığı dərmanı qəbul etdiyi andan bir neçə dəqiqə sonra təsirini hiss etsə də, Azərbaycandan aldığı dərman eyni təsir göstərməyib.
"Əlbir olub bir ayı bir şir ilə"?
Hətta vətəndaşlar arasında dərman biznesi ilə məşğul olanların xaricdəki dərman istehsalçıları ilə bu məsələdə sövdələşdiyinə dair fikirlər də mövcuddur. İddialara görə, Azərbaycana dərman idxalı ilə məşğul olan şəxslər aldıqları dərman preparatlarının qiymətinin aşağı olması üçün onun tərkibinə qatılan maddələrin miqdarının azaldılması, bu yolla qiymətinin aşağı salınmasına nail olurlar.
Əczazçılıq mütəxissi,provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, on-on beş il bundan əvvələ qədər Azərbaycana Hindistan, Pakistan və Kipr kimi dövlətlərdən keyfiyyətsiz dərmanlar idxal edilib. Amma Tarif Şurası tərəfindən dərmanların qiymətləri tənzimləndikdən sonra belə hallar mövcud deyil.
Mütəxəssis bildirir ki, xarici ölkələrdə rəsmi fəaliyyət göstərən dərman zavodlarında müxtəlif keyfiyyətdə dərman istehsal etmək mümkün deyil. Onun sözlərinə görə, zavodda dərman vasitələri istehsaldan öncə qarışdırlır. Daha sonra laboratororiyada yoxlanılır istehsala verilir. Bundan sonrakı mərhələdə tableşdərilir, ampulaşdırılır. Dərman vasitələrinə yalnız qablaşdırılması zamanı istehsalçı ölkəyə görə fərq qoyulur. Məlumatlar ixrac edildiyi ölkənin dilində verilir: "
E.Hüseynov bildirir ki, hansısa zavodda dərmanının ucuz başa gəlməsi üçün aşağı keyfiyyətdə dərman istehsalı mümkün deyil: "Onda gərək bunun üçün sifarişçi yeni zavod inşa etsin. Bir zavodda iki keyfiyyətdə dərman istehsalı mümkün deyil. Çünki dərmanlar istehsal edildikdən sonra istehal olunduğu ölkənin müvafiq qurumları tərəfindən yoxlanılır.
Almaniyada dərmanların keyfiyyətini yoxlayan ayrıca qurum var. Türkiyıdə əczazçılıq zavodunun özünün laboratiyasında dərman vasitələri yoxlanılır. Hətta dərman preparatlarında dərmanın tərkibinə qatılanların tablet üzrə bərabər paylanılması da yoxlanılır. Belə halda zavodda Azərbaycana ixrac olunacaq dərmanların aşağı, istehsalçı ölkədə satılacaq dərman vasitələrinin yüksək keyfiyyətdə istehsalı mümkün deyil".
E.Hüseynov deyir ki, bu gün Azərbaycana əvvəlki illərlə müqayisədə daha keyfiyyətli dərmanlar idxal olunur. Buna da səbəb hazırda Azərbaycanın dərman bazarında Avropa istehsalı olan dərmanların üstünlük təşkil etməsidir.
Rəsmi qurum inkar edir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ölkəmizə idxal edilən dərman vasitələrinin keyfiyyəti Azərbaycan Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinin yoxlanılması Laboratoriyasında yoxlanılır: "Azərbaycan Respublikasına idxal edilən dərman vasitələri həmin dərman vasitələrinin normativ texniki sənədində göstərilmiş bütün keyfiyyət parametrlərinə görə yoxlanılır".
Quumdan bildirilib ki, dərman vasitələrinin keyfiyyətinə təsir edən amillər daşınma və saxlanma şəraiti, istehsal şəraiti, insan faktoru və digər səbəblər ola bilər.
O ki, qaldı idxalçı şirkətlərin istehsalçı şirkətlərlə sövdələşərək dərmanları ucuz almaq üçün onların aşağı keyfiyyətdə istehsalına nail olması barədə səslənən fikirlərə, ona Analitik Ekspertiza Mərkəzi belə cavab verib:
"Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmamışdır. Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz, çünki, etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da, öz növbəsində istehsalçının adına ziyan olmuş olar. Əsassız iddialardır. Kimdəsə hər hansı əsaslı fakt olarsa, Mərkəzə müraciət etmələri tövsiyə olunur".
Dərman preparatlarının keyfiyyətinə necə nəzarət edilir?
Qeyd edək ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.
Dərman vasitəsi Dövlət Qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür.
Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış Laborator tədqiqatlar şöbəsin təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir. Laboratoriya region ölkələrinin bu sahədə fəaliyyət göstərən laboratoriyaları sırasında ən inkişaf etmiş və öndə gedən laboratoriyasıdır.
Xəbər lenti
0