CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda taksi qiymətləri bahalaşacaq?

© Baku Transport AgencyTaksi
Taksi  - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Nəqliyyat eksperti taksilərdə qiymət artımına əsasən yanacağın qiymətlərinin bahalaşmasının təsir etdiyini söyləyir.
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin iclasında müzakirə edilib.
Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb. Dəyişiklik layihəsində Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödənilməsi nəzərdə tutulub.
Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
Bəs görəsən bu taksi qiymətlərinə təsir edəcəkmi?
Taksi sürücüsü Azər Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 9 ildir taksi fəaliyyəti ilə məşğul olur. O, hər ay "Fərqlənmə nişanı" əldə etmək üçün taksi sürücülərinin 18 manat 40 qəpik Bakı Nəqliyyat Agentliyinə ödəniş etdiyini söyləyir. Bildirir ki, bundan əlavə 30 manat isə Dövlət Sosial Müdafiə Fonduna pul ödəyirlər.
Taksi sürücüsünün sözlərinə görə, bu tərəfdən də 12 manat icbari tibbi sığorta haqqının ödənilməsi tələbi onların xərcini daha da artıracaq: "Biz ayda nə qazanırıq ki, bu qədər bizi yükləyirlər. Onsuz da hər ay qazancımızın 50 manatını büdcəyə ödəyirik. İndi bu xərc olacaq 52 manat. Elə taksi sürücüsü var ki, günə 20 manat qazanmır. Həmdə qazandığımızın hamısı özümüzə qalmır. Bunun yanacaq haqqı, ehtiyat hissələrinə çəkilən xərclər də var. Əlbəttə ki, narazıyıq".
Digər taksi sürücüsü Tahir Salmanov isə işlətdiyi taksini kreditlə götürdüyünü söyləyir. Onun sözlərinə görə, taksini kreditə götürmək üçün bəri başdan 1200 manat pul ödəyib. Hər gün isə 20 manat avtomobil sahibinə ödəniş edir: "Bəs düşünmürlər ki, mən balalarıma çörək aparmalıyam? 50 manat büdcəyə ödəyirik. Gündə 30 manat qazanc olur, onun da 20 manatını kreditə ödəyirəm. Gündə heç 10 manat evimə çörək pulu apara bilmirəm. Mənim nəyimə lazımdır icbari tibbi sığorta? Onsuz da xəsxəstəxanaya getməyə vaxtım yoxdur. Səhərdən axşama qədər yollardayam".
Taksi sürücüləri söyləyir ki, bu tədricən taksidə qiymətlərin bahalaşmasına səbəb olacaq.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi sürücülərinin icbari tibbi sığortaya cəlb edilməsi heç bir halda taksi qiymətlərini bahalaşdıra bilməz. Onun sözlərinə görə, taksidə qiymət artımına əsasən yanacağın bahalaşması səbəb olur:
"Bir ay ərzində 12 manat o qədər də böyük məbləğ deyil. Hər vətəndaş icbari tibbi sığorta xidmətlərindən faydalanır. Həmçinin də sürücülər. Əslində icbari tibbi sığorta elə əsas taksi sürücülərinə lazımdır ki, onlar vaxtı-vaxtında müayinədən keçsinlər. Bu sistemi gələcəkdə təkminləşdirilib taksi sürücülərinin xəstəliklərini müşahidə etmək olar. Çünki, taksi sürücüləri arasında sürücülük üçün təhlükəli xəstəlikləri olanlar az deyil".
E.Muradlının sözlərinə görə, 12 manat icbari tibbi sığorta haqqını yalnız rəsmi qeydiyyatdan keçən taksi sürücüləri ödəyəcək:
"Ölkəmizdə 60 minə yaxın taksi sürücüsü var. Amma onların heç iki mini qeydiyatda deyil. Bu qərar onsuz da bütün taksi xidməti göstərənlərə aid deyil. Çünki, taksi sürücülərinin çoxu qanunsuz fəaliyyət göstərir. Xüsusilə taksi şirkətləri ilə əməkdaşlıq edən sürücülərin fərqlənmə nişanı yoxdur. Bakı Nəqliyyat Agentliyi nədənsə yerli taksi şirkətlərinə "fərqlənmə nişanı" tələbi qoyur, amma Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətlərindən "fərqlənmə nişanı"tələb etmir".
Xəbər lenti
0