DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan hərbçiləri Tacikistanın şərqindəki sərhəd məntəqəsini atəşə tutublar - KİV

© Sputnik / Сыргак БактыяровTacikistan-Qırğızıstan sərhədində atışma, arxiv şəkli
Tacikistan-Qırğızıstan sərhədində atışma, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Abunə olmaq
Bu gün Tacikistan hərbçilərinin Qırğızıstanın bir kəndini üç minaatandan atəşə tutması barədə də xəbər yayılıb.
BAKI, 17 sentyabr - Sputnik. Qırğızıstan silahlı qüvvələri Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) sərhəd qoşunlarının Laxş sərhəd dəstəsinin (Tacikistanın şərqində, Düşənbədən 270 kilometr şərqdə) Sərxadçi keçid məntəqəsini bütün növ ağır texnika və silahlardan atəşə tutub. Bu barədə RİA Novosti Tacikistanın MTDK-nin sərhəd qoşunlarının mətbuat mərkəzinə istinadən məlumat yayıb.
“Yerli vaxtla saat 11.50-də Qırğızıstan Silahlı Qüvvələri Laxş sərhəd dəstəsinin Sərxadçı keçid məntəqəsini ağır və avtomat silahlardan atəşə tutub. Atışma bu gün də davam edir”, - deyə mətbuat xidmətindən bildirilib.
Bir qədər əvvəl Tacikistan hərbçilərinin Qırğızıstanın Dostuk kəndini üç minaatandan atəşə tutması barədə xəbər yayılmışdı. Bu barədə Rusiya mediası şənbə günü Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.
“2022-ci il sentyabrın 17-də saat 11.15-ə (Bakı vaxtı ilə 9.15 - red.) Batken rayonunun Dostuk kəndi Tacikistan tərəfdən minaatanlardan atəşə tutulub. Tacikistan tərəfi üç minaatandan kəndə atəş açıb”, - deyə mətbuat mərkəzinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin Batken vilayətində dislokasiya olunmuş bölmələri düşmənin hücumunu dəf edir.
Qeyd edək ki, Kolletiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, qurumun Katibliyi Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.
Onun sözləriunə görə, təşkilat atəşkəs rejimini və Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri arasında başlayan danışıqları alqışlayır.
“Biz əminik ki, bu mürəkkəb sərhəd problemini həll etmək, gərginliyi azaltmaq və münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün qarşılıqlı məqbul yollar tapılacaq. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətləri həll etmək üçün yalnız siyasi və diplomatik üsullardan istifadə edilməlidir”, - deyə təşkilat rəsmisi bildirib.
Həmçinin vurğulanıb ki, KTMT katibliyi vəziyyəti diqqətlə izləyir və hazırda yaradılmış atəşkəsin uzunmüddətli və davamlı olacağına ümid edir:
“Münaqişə yalnız danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir, insanların ölümünə yol vermək artıq mümkün deyil", - deyə qurum sözçüsü əlavə edib.
Xatırladaq ki, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 24 vətəndaşının öldüyünü, 103 nəfərin yaralandığını bildirib.
Bu gün Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) Sərhəd Xidmətinin mətbuat mərkəzi səhər saatlarında Qırğızıstanın sərhədyanı Paski Arık kəndi yaxınlığında minaatanlardan atəşə tutulması barədə məlumat yayıb.
Xəbər lenti
0