Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

BNA-dan avtobus çatışmazlığına cavab

© Sputnik / Murad OrujovBakıda avtobus, arxiv şəkli
Bakıda avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Agentlik xətlərdə kifayət qədər avtobus olduğunu, gecikmənin yollarda tıxac səbəbindən baş verdiyini bəyan edib.
BAKI, 7 sentyabr — Sputnik. Bu gün xüsusən səhər və axşam pik saatlarında müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda müşahidə edilən gecikmələrin gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlılığı yoxdur. Adi rejimdə əgər xətlərə 2100-2200 avtobus çıxırdısa, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla xətlərə 1900-2000 avtobus çıxarılır. Bu rəqəmin sərnişin tələbatından asılı olaraq artırılması da mümkündür.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, gecikmələri yaradan başlıca səbəb yollardakı nəqliyyat sıxlıqlarıdır: "Hər hansısa bir yolda sıxlıq varsa, həmin istiqamətə əlavə avtobus buraxmaqla sıxlıqda qalan avtobusların sayını artırmış oluruq. Bunun isə dayanacaqda qalıb dəqiqələrlə avtobus gözləyən sərnişinə hər hansısa bir faydası yoxdur".
BNA-dan 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların sayının azaldılması iddialarına da aydınlıq gətirilib. Diqqətə çatdırılıb ki, hazırda bu xətt üzrə BakuBus MMC tərəfindən gündəlik olaraq 12-14 avtobus çıxarılır: "Lakin biz pik saatlarda sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsinin şahidi oluruq. Daimi olaraq bu xətdən istifadə edən sərnişinlərimiz yaxşı bilirlər ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Bayıldan şəhər istiqamətinə gələn zaman M.Useynov prospektində sıxlıqda qalırlar. Baxmayaraq ki, prospekt boyunca avtobuslar üçün xüsusi zolaqlar var, amma zolağın tələbinin pozulması sonda avtobuslararası intervalın 15 bəzən isə 20/30 dəqiqə gecikməsinə səbəb olur".
Agentlikdən marşrut avtobusların sayının azaldılmasının gediş haqqının artırılacağı ilə bağlılığına dair fikirlərə də münasibət bildirilib. Vurğulanıb ki, bu, tamamilə əsası olmayan bir iddiadır: "Yuxarıda da bildirdik ki, bu gün sərnişinlərimizin dayanacaqlarda uzun müddət avtobus gözləməsi avtobusların tıxaclarda ləngiməsi ilə əlaqədardır. Avtobuslararası intervalların tənzimlənməsinin ən düzgün yolu isə avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsinə nail olmaqdır. Bəli, bu gün şəhərimizdə 10 küçə və prospektdə belə zolaqlar var. Lakin bu zolaqların davamsızlığı və zolağın tələbinə riayət olunmaması hədəflənən səmərəli nəticələr əldə etməyə imkan vermir. Misal olaraq, elə 7A müntəzəm marşrut xətti üzrə avtobusların da keçdiyi Qara Qarayev prospektini götürək. Burada da zolaq var. Amma zolağın tələbinin bütün prospekt boyunca kobud şəkildə pozulması səbəbindən avtobuslar gecikmə ilə hərəkət etməli olurlar. Əgər bu hissədə avtobus zolağının tələbinə riayət olunarsa, o zaman pik saatlarda belə 7A müntəzəm marşrut xətti üzrə avtobuslar metronun "Əhmədli" stansiyasının qarşısındakı dayanacaqdan metronun "Qara Qarayev" stansiyasının qarşısındakı dayanacağa qədər olan məsafəni 14 dəqiqəyə qət edə bilər. Amma indiki halda bu müddət 30/35 dəqiqə, bəzən isə daha çox olur. Avtobus zolağı sərnişinlərin avtobuslarla səfərlərinin müddətini ən azı iki dəfə azaldır. Bunun özü ictimai nəqliyyatdan istifadəni stimullaşdırır. Nəticə etibarı ilə insanlar fərdi avtomobillə deyil, daha çox avtobuslarla hərəkətə üstünlük verəcəklər ki, bunun özü də bilavasitə nəqliyyat sıxlıqlarının azalması baxımından əhəmiyyətlidir".
BNA-dan o da bildirilib ki, gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət olunmayıb və bu məsələ hazırda müzakirə mövzusu deyil.
Xəbər lenti
0