DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanın şimalında meşə yanğınları nəticəsində bir nəfər ölüb

© AFP 2024 / Cesar Mansomeşə yanğınları
meşə yanğınları  - Sputnik Azərbaycan, 1920, 04.09.2022
Abunə olmaq
Qazaxıstan hökuməti evlərini itirmiş vətəndaşlar üçün təcili olaraq yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə başlamaq barədə göstəriş verib.
BAKI, 4 sentyabr - Sputnik. Xilasedicilər Qazaxıstanın şimalındakı Kostanay vilayətinin kəndlərindən birində baş vermiş yanğın zamanı dağıntılar altından ölən bir nəfərin cəsədini çıxarıblar. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yuri İlyin bildirib.
Cümə günü Qazaxıstanın şimalında meşə yanğını baş verib, şənbə günü yanğın yaxınlıqdakı kəndlərə yayılıb, oradan 1841 nəfər təxliyə edilib.
Yanğın 100-dən çox evi yararsız hala salıb. Yanğınlar nəticəsində 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmaqla 10 nəfər xəsarət alıb.
Son məlumatlara görə, yanğının sahəsi 9400 hektardır. Söndürmə işlərinə 600 nəfər, 91 texnika, üç təyyarə, beş yanğınsöndürmə qatarı cəlb olunub.
Bazar günü səhər Lesnoye kəndində yanğınlar söndürülüb, Amankaraqay və Ozernoye kəndlərində isə lokallaşdırılıb.
"Bu gün səhər Amankaraqay kəndində dağıntıları təmizləyərkən bir nəfərin ölüm faktını aşkar etdik - bu, 1936-cı il təvəllüdlü əlildir", - deyə İlyin bazar günü brifinqdə bildirib.
Nazirin sözlərinə görə, evakuasiya zamanı ərazi inspektoru kişiyə məlumat verib, lakin o, bundan imtina edib.
“Lakin buna baxmayaraq, bir nəfərin ölümü faktı ilə bağlı istintaq tədbirləri aparılacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Qazaxıstan hökumətinin respublikanın şimalındakı Kostanay vilayətində meşə yanğınları nəticəsində dəymiş zərərin ödənilməsi üçün ehtiyatdan vəsait ayıracağı bildirilir. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Əlixan Smailov bazar günü Kostanay vilayətində irimiqyaslı təbii yanğınların nəticələrinin aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirib.
Eyni zamanda qeyd olunur ki, Smailov evlərini itirmiş vətəndaşlar üçün təcili olaraq yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə başlamaq barədə göstəriş verib.
"Biz tez işləməliyik ki, tikintini tez başa çatdıraq. Bu məsələ prezidentin şəxsi nəzarətindədir", - mətbuat xidməti baş nazirin sözlərindən sitat gətirib.
Bundan əlavə, hökumət başçısı Sənaye Nazirliyinə Kostanay vilayətinin zərər çəkmiş ərazilərində nəqliyyat əlaqələrinin bərpasını və bütün mühəndis və infrastruktur obyektlərinin fasiləsiz fəaliyyətini təmin etməyi tapşırıb. Kənd Təsərrüfatı Nazirliyi, zərurət yaranarsa, rayon rəhbərliyi ilə birlikdə zərər çəkmiş fermerlərə və şəxsi yardımçı təsərrüfat sahiblərinə köməklik göstərəcək.
Xəbər lenti
0