CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda duru yağların qiyməti niyə bahalaşıb? VİDEO

© Sputnik / Zulfiyya GuluyevaMarketdə yağ satışı
Marketdə yağ satışı - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
İqtisadçı Vahid Məhərrəmov duru yağ istehsalında Azərbaycanın idxanldan 95 faiz asılı olduğunu söyləyir.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanda duru yağların qiyməti yenidən bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a alıcılar məlumat verib. Bildirilir ki, bahalaşma həm ölkədə istehsal olunan, həmçinin də xaricdən idxal edilən duru yağların qiymətində müşahidə olunur. Sputnik Azərbaycan satış obyektlərində duru yağların qiymətini araşdırıb.
Türkiyə və Rusiya istehsalı olan duru yağlar bahalaşıb
Alıcılar bildirib ki, ən çox qiymət artımı Türkiyə və Rusiya istehsalı olan qarğıdalı və günəbaxan yağlarının qiymətində müşahidə edilir.
Alıcı Gülüs Mahmudova Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, on gün öncə 7 manata aldığı Türkiyə istehsalı olan "Sunar" qarğıdalı yağının qiyməti 10 manat 59 qəpik olub:
"Birdən-birə duru yağın qiymət 3 manat bahalaşıb. Qiymətin bu qədər artması təbii ki, bizi də çıxılmaz vəziyyətdə qoyur".
Rusiya istehsalı olan "Zolotoye Solnışka" duru qarğıdalı yağının qiyməti isə demək olar ki, hər ay bahalaşır.
© Sputnik / Zulfiyya GuluyevaMarketdə yağ satışı
Marketdə yağ satışı - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Marketdə yağ satışı
Yerli istehsalda da qiymət artımı var
Mağazada alıcılar bildirib ki, "Zolotoye Solnışka" 5 litrlik günəbaxan yağının satış qiyməti mart ayında 20 manat 88 qəpik olub. May ayında isə bu çəkidə yağı qiyməti bahalaşaraq 23 manat 85 qəpiyə qalxıb. Hazırda isə qiyməti 26 manat 69 qəpikdir. Son altı ayın içərisində məhsul hər ay bir manat bahalaşıb.
Yerli istehsal olan 1 litrlik "Möcüzə" kərə ətirli qarğıdalı yağının qiyməti isə 7 manat 37 qəpik olub. Halbuki alıcılar bir həftə öncə məhsulun qiymətinin 6 manat civarında olduğunu söyləyir.
1 litrlik "Möcüzə" günəbaxan yağının qiyməti isə 5 manatdan 6.8 manata qalxıb.
"Araz" marketlər şəbəkəsinin adminstratoru qiymət artımının topdansatışda baş verdiyini, qiymətlərin üç gündür ki, bahalaşdığını təsdiqləyib. Bildirib ki, bahalaşma duru yağların qiymətində özünü göstərib. Satıcılar bildirib ki, hələki zeytun yağlarının qiymətində bahalaşma müşahidə olunmur.
Mağazalarda apardığımız müşahidə zamanı bəzi duru yağların üzərində köhnə qiymətin götürüldüyünün də şahidi olduq. Bəzi duru yağların üzərində hələki yeni qiymət yazılmamışdı.
Bəs görəsən duru yağların bahalaşmasının səbəbi nədir?
Rusiya Ukrayna münaqişəsi qiymətlərə təsir edib
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda qarğıdalı və günəbaxan yağlarının qiymətinin artması əsasən Rusiya və Ukrayna arasında baş verən münaqişə ilə bağlıdır. Ölkəmiz qarğıdalı və günəbaxan yağı ilə bağlı idxaldan asılıdır:
"Azərbaycan duru yağı çox az istehsal edir. Hətta Azərbaycan məhsulu adı altında bazara çıxan duru yağların xammalı xaricdən gətirilir. Dünya bazarına daha çox duru yağı Rusiya və Ukrayna çıxardır. Bu iki ölkə dünyada tələbatın təxminən 50 faizini qarşılayırlar. Ukraynadakı vəziyyət duru yağ istehsalına təsirsiz ötüşməyib. Azərbaycan da daha çox qarğıdalı və günəbaxan yağlarından istifadə edilir. Digər ölkələr palma və soya yağlarından istifadə etsə də, Azərbaycanda əsas təlabat günəbaxan və qarğıdalı yağlarınadır. Bu faktorlar qiymətlərin bahalaşmasına təsir göstərir".
V. Məhərrəmov bildirir ki, Türkiyədə də duru yağın qiyməti bahalaşıb. Çünki, Türkiyə də Ukraynadan xammal idxal edir.
Azərbaycan xammal istehsalında 95 faiz idxaldan asılıdır
Ekspert deyir ki, qiymətlərin bahalaşmasında əsas rol oynayan amil xammaldan asılılıqdır. Azərbaycan isə qarğıdalı və günəbaxan yağı istehsal etmək üçün 95 faiz xammaldan asılıdır. Onun sözlərinə görə, Azərbaycan 95 faiz duru yağı idxal edir.
Həmsöhbətimiz deyir ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi bu asılılığı aradan qaldırmağa çalışmalıdır. Ölkəmizdə qarğıdalı və günəbaxan əkini artırılmalıdır:
"İndi qarğıdalının mıhsuldarlığını artırmaq çətin deyil. Yeni hibrid sortlar var ki, hektara 15-16 ton məhsul götürmək mümkündür. Biz günəbaxan istehsalını da artırmalıyıq. Bunun üçün sistemləşdirmə işi aparılmalıdır, növbəli əkin sistemi yaradılmalıdır ki, məhsuldarlıq iki dəfə artsın, torpaqlarımız da münbit olsun. Bu zaman bizim idxaldan asılılığımız azalacaq. Bunu sistemləşdirmək lazımdır. Yüksək məhsuldarlıq üçün bölgənin düzgün seçilməsi və sair işlər görülməlidir ki, xammala olan təlabatın bir hissəsi yerli istehsal hesabına ödənilsin".
Azərbaycanda yağ istehsal etmək üçün qarğıdalı əkilmir
Kənd Təsərtrüfatı Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda əsasən heyvandarlıq məqsədilə siloqsluq qarğıdalı əkilir. Bir neçə özəl şirkət var ki, öz istehsalı üçün qarğıdalı və günəbaxan əkir.
Məlumat üçün bildirək ki, Azərbaycanda qarğıdalıya təkrar əkinə 110 manat subsidiya verilir.
Azərbaycanda duru yağ istehsal edən istehsalçılar isə Sputnik Azərbaycan-a bildirib ki, onlar ancaq heyvandarlıq məqsədilə qarğıdalı əkir. Duru yağ istehsalı üçün isə xammal Ukraynadan gətirilir. Ukraynada baş verən hadisələrin fonunda xammalın qiyməti bahalaşıb.
Hökumət qıtlığın qarşısını almağa hədəflənib
Hökumətdəki mənbədən isə Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda dövlətin strateji yanaşması qiymət artımının qarşısını almaq yox, məhsul qıtlığının yaranmamasıdır.
Duru yağ idxalında bu üç ölkədən asılıyıq
Məlumat üçün bildirək ki, 2021-ci ildə ölkəyə 73 milyon 609 min ABŞ dolları dəyərində 54 min 333 ton günəbaxan yağı idxal edilib. Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan, Türkiyədən və Ukraynadan tədarük edib.
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 24,975 milyon ABŞ dolları dəyərində 16 min 662 ton günəbaxan yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,5 %, kəmiyyət olaraq – 33,3 % azdır.
2021-ci ildə Azərbaycan 35 milyon 828 min ABŞ dolları dəyərində 20 min 527 ton qarğıdalı yağı idxal edib. Bu məhsulu Azərbaycan əsasən Argentinadan, Brazilyadan və Rusiyadan alıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 11,136 milyon ABŞ dolları dəyərində 6 min 898 ton qarğıdalı yağı alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34 % və 31,5 % artıb.
Xəbər lenti
0