QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan tərəfindən Laçın və ətrafında təxribatlar qeydə alınmayıb - MN

© AP Photo / Emrah GurelAnar Eyvazov, arxiv şəkli
Anar Eyvazov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Anar Eyvazov bildirib ki, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi və yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesini həyata keçirir.
BAKI, 1 sentyabr — Sputnik. "Artıq Laçın şəhəri və iki kənd bizim nəzarətimizdədir". Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Anar Eyvazov qeyd edib ki, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi və yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesini həyata keçirir:

"Mühəndis qoşunları tərəfindən mina axtarma işləri davam etdirilir. Qeyd edim ki, Laçın şəhərində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib. Bu minaların müharibədən sonra Ermənistan Respublikasında istehsal olunması müəyyən edilib. Bu da Azərbaycan Ordusuna və əhalisinə qarşı təcavüzün göstəricisidir".

Anar Eyvazov bildirib ki, hazırda burada olan hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır:
"Azad edilmiş digər ərazilərdə olduğu kimi, burada hər şey çox yüksək səviyyədə təşkil ediləcək".
Mətbuat xidmətinin rəisi onu da qeyd edib ki, bir həftə ərzində Ermənistan tərəfindən Laçın və Laçın ətrafı ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb: "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hər an hazırdır".
Qeyd edək ki, Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. O, bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Avqustun 25-də ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.
Xəbər lenti
0