Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankda inflyasiya məsələsi müzakirə ediləcək

© Sputnik / Murad OrujovMərkəzi Bankın binası, arxiv şəkli
Mərkəzi Bankın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
İclasda eyni zamanda, büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması əsas müzakirə mövzusu olacaq.
BAKI, 28 iyul — Sputnik. Bu gün Mərkəzi Bankda biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun iclası keçiriləcək.
Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
İclasda işçi qrupuna üzv dövlət qurumları, ictimai birlik və assosiasiya nümayəndələrinin iştirakı nəzərdə tutulub.
İclas işçi qrupunun 2022-ci il üzrə təsdiq olunmuş fəaliyyət planının ilin ilk yarısında icrası istiqamətində görülmüş işlərin müzakirəsinə həsr olunacaq, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, təbii resursların effektiv idarə edilməsi kimi məsələlər əsas müzakirə mövzusu olacaq.
İclasda effektiv idarəetmə və makroiqtisadi göstəricilər sahəsində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün görülməli işlər ətrafında fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb, 2018-ci ildə "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə" təsdiq edilib.
Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir.
Komissiya tərəfindən öz vəzifələrinin icrası məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla 19 işçi qrupu yaradılıb.
Xəbər lenti
0