Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalaşan və ucuzlaşan ərzaqlar - İNFOQRAFİKA

Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycanda qida məhsulları son bir ildə 21,3 faiz bahalaşıb. Ötən ay ən çox bahalaşma toyuq yumurtasında qeydə alınıb.
BAKI, 19 iyul — Sputnik. Azərbaycanda ən çox bahalaşan və ən çox ucuzlaşan qida məhsulları bəlli olub.
Bu ilin iyun ayında ötən ilin iyun ayına görə ölkədə qida məhsulları 21,3 faiz yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 5 ayında ərzaq məhsulları ötən ilin müvafiq dövrünə nisbətən 19 faiz qalxıb. Lakin ötən ay may ayına görə qiymətlər 1,2 faiz ucuzlaşıb.
Ən çox yumurta bahalaşıb
Keçən ay may ayına görə ən çox bahalaşma toyuq yumurtasında (8,8 faiz artım) qeydə alınıb. Hazırda ağ toyuq yumurtası 13-14 qəpiyə satılır.
Ötən ay may ayına nisbətən ikinci ən çox yüksəlmə kərə və bitki yağlarının qiymətlərində olub - 1,4 faiz. Son bir il ərzində isə kərə və bitki yağlarının qiymətləri 16 faiz qalxıb.
Sonrakı yerdə mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətləri dayanır - 1,1 faiz artım. Son bir ildə mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətləri 10,9 faiz yüksəlib.
Qənd, cem, bal, şokolad və konfetlərin qiymətləri də ötən ay 1 faiz yüksəlib. Son bir ildə isə bu məhsullar üzrə qiymətlər 11,9 faiz qalxıb.
Süd və süd məhsulları ötən ay 0,8 faiz bahalaşıb. Son bir ildə isə süd və süd məhsulları, yumurta 10,2 faiz qalxıb.
Çörək, çörək məmulatları və yarmalar da ötən ay 0,7 faiz yüksəlib. Son bir ildə isə çörək, çörək məmulatları və yarmalar 18,9 faiz bahalaşıb.
Meyvələr də ötən ay 0,4 faiz qalxıb. İyun ayında ötən ilin iyun ayına görə, meyvələr 20,9 faiz bahalaşıb.
Ən çox ucuzlaşma tərəvəzlərdə olub
İyun ayında may ayına görə ən çox ucuzlaşma isə tərəvəzlərdə qeyd alınıb. Belə ki, tərəvəzlərin qiymətləri 13,8 faiz aşağı düşüb. Lakin keçən ay ötən ilin iyun ayına nisbətən tərəvəzlərin qiymətlərində kəskin artım müşahidə edilib - 71,1 faiz.
Qeyd edək ki, ümumiyyətlə, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, qiymətlərində olub.
Ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1 faiz ucuzlaşıb, əvvəlki ilin iyun ayına nisbətən isə 20,6 faiz yüksəlib.
Xəbər lenti
0