Hamını sarsıtmış videonun müəllifi: "Kəlbəcərdə dəyişməyən təkcə çayın şırıltısı idi"
© Photo : Courtesy of Vasif GurbanovVasif Qurbanov
© Photo : Courtesy of Vasif Gurbanov
Abunə olmaq
Vasif Qurbanov: Hamıdan balaca olduğum üçün özümdən böyükləri incidirdim, qardaşlarıma, "gedək çaya çimməyə", ya da ki, "gedək, quzuları qaytaraq", deyirdim.
BAKI, 8 iyul - Sputnik. Bir müddət əvvəl 30 il sonra Kəlbəcərə, doğma yurduna dönən kəlbəcərlinin çəkdiyi kadrlar sosial şəbəkədə geniş yayıldı. Onun hönkürtü ilə, ah-nalə ilə çəkdiyi üç dəqiqəlik kadr hər kəs tərəfindən böyük bir film adlandırıldı.
Sputnik Azərbaycan həmin kadrların müəllifini taparaq onunla söhbətləşib.
Kənd həyatında uşaqlıq illəri daha şən, unudulmaz olur. Səhər tezdən kəndin bu başından o başına gedən, çayda çimən, bulaqdan su gətirən uşaqlar üçün bir gecədə hər şey məhv olur, çöhrələrindəki təbəssüm donur, qəh-qəhələr ərşə çəkilir, onlar elə bir gecədə böyüyür. Elə bir gecədə də qaçqın adlandırılırlar, Vasif Qurbanov kimi…
Həmsöhbətimiz Vasif Qurbanov 1978-ci ildə Kəlbəcərdə doğulub, 15 yaşında ikən Kəlbəcəri tərk edərək Ağsuda məskunlaşmalı olurlar.
© Photo : Courtesy of Vasif GurbanovVasif Qurbanovun məktəb şəkli
Vasif Qurbanovun məktəb şəkli
© Photo : Courtesy of Vasif Gurbanov
Qurbanov deyir ki, onun hər iki qardaşı I Qarabağ müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib, onlardan biri 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid, digər qardaşı isə qazi olub.
Üstündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Vasif Qurbanovun yaraları sağalmayıb.
Oranı tərk etdikdən sonra ilk dəfə Kəlbəcərə ayaq basan V. Qurbanovun çəkdiyi video isə sosial şəbəkədə geniş paylaşılıb.
Həmsöhbətimiz vətənə ayaq basdıqda torpağı qucaqlayaraq öpüb, səcdə edib, namaz qılıb: “Şəhidlərimizin torpağa qarışan o qan qoxusunu ciyərlərimə çəkdim.
İlk olaraq doğulduğum evə deyil, əzizlərimi, dost-tanışlarımı qoyaraq çıxdığımız o məzarlıqlara baş çəkdim. Elı bilirdim ki, əzizlərim orda olacaq. Elı təsəvvür edirdim ki, yenə həmin o qonşular, qohumlar ordadır. Xəyalımda mən də qardaşımla oturub söhbət edirdim. Hamıdan balaca olduğum üçün özümdən böyükləri incidirdim, qardaşlarıma, gedək çaya çimməyə, ya da ki, gedək, quzuları qaytaraq, deyirdim. Xəyalımda rəhmətlik Firəngiz xalamı da təndirdə çörək bişirən kimi təsəvvür edirdim. Uşaq vaxtı Firəngiz xala isti çörəyin arasına pendir qoyub bizə verərdi. Biz də onu böyük həvəslə, sevinərək yeyərdik”.
© Photo : Courtesy of Vasif GurbanovVasif Qurbanov hərbçi yoldaşı ilə
Vasif Qurbanov hərbçi yoldaşı ilə
© Photo : Courtesy of Vasif Gurbanov
“Analarımız bizə nə buyurardılarsa, onu edərdik, çaydan, bulaqdan su gətirərdik. Amma bunların sadəcə xəyal olduğunu anladıqda, əslində hər şeyin məhv olduğunu başa düşdükdə, real həyata qayıtdıqda hönkürtü ilə ağladım. Yenə də, bəlkə bu reallıq özü bir yuxudur deyib, dünyasını dəyişənləri çağırdım ki, səsimə səs versinlər”, - deyə o əlavə edib.
Bəlkə də bu tək onun deyil, ümumi Azərbaycan xalq 30 illik bir tarixinin dağıdılmasına görə çıkdiyi nalə, haray idi.
V.Qurbanov deyir ki, Kəlbəcər tamamilə tanınmaz hala düşüb: “Elə bil təbiət də yerini dəyişmişdi. Küçələri belə tanımaq olmurdu. Çox çətin idi…”.
Elə onu ən çox məyus edən də torpağını yerlə yeksan görmək idi.
© Photo : Courtesy of Vasif GurbanovVasif Qurbanov
Vasif Qurbanov
© Photo : Courtesy of Vasif Gurbanov
Vasif Qurbanov deyir ki, dəyişilməyən təkcə Kəlbəcərdəki çayın şırıltısı idi: “Orada gecələri başımı soyuq divarlara söykəyərək yatdım ki, qoy o daşlar doğma sahibinin istiliyini hiss etsin, bizim qayıtdığımız onlara agah olsun”.
Bir həftə boyunca Kəlbəcərdə qalan Vasif Qurbanov doğma torpağını qarış-qarış, addım-addım gəzib.
Qeyd edək ki, V.Qurbanov II Qarabağ müharibəsindən öncə də, müharibə dövründə də orduya yaxından dəstək olub.