CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məktəb bufetlərində yoxlamalara başlanılacaq

© AP Photo / Matt Yorkbufet
bufet - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Sorğuda iştirak edən uşaqların 31%-i həftə ərzində heç balıq yemədiyini bildirib.
BAKI, 7 iyul — Sputnik. "Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır".
Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır: "Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Digər vaxtlarını isə onlar məktəbdə keçirmirlər. Ona görə də hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir".
Toplantıda layihənin yekunlarına dair hesabat media nümayəndələrinin diqqətinə çatdırılıb.
Bildirilib ki, layihə çərçivəsində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirmə tədbirləri təşkil olunub.
Belə ki, ilkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən 30 nəfərə 12 mövzudan ibarət onlayn formada seminar keçilib. Layihənin reqlamentinə əsasən, imtahanı uğurla başa vuranlar "Məktəblilərin Qida Bələdçiləri" nişanı ilə təltif olunub və həmin şagirdlər məktəblərdəki bufetlərin fəaliyyəti, qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına dair ictimai nəzarəti həyata keçiriblər.
Daha sonra imtahanı uğurla başa vuran iştirakçıların təmsil olunduqları məktəblərin şagirdləri arasında sorğu keçirilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1 600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb.
Sorğunun nəticəsinə əsasən, layihədən əvvəl və sonra aparılan testlər şagirdlərin qida vərdişlərindəki dəyişiklikləri əks etdirib. Belə ki, layihədən əvvəl qida təhlükəsizliyi anlayışı haqqında məktəblilərin 72%-i məlumatlı olduğu halda, layihədən sonra bu rəqəm 97%-ə çatıb. Layihənin reallaşmasından sonra AQTA-nın 1003 Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı da artıb. Əvvəl Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı 51% təşkil edirdisə, layihədən sonra bu rəqəm 95%-ə çatıb.
Səhər yeməyi uşaqların fiziki və zehni qabiliyyətinə, eləcə də akademik göstəricilərinə kifayət qədər təsir göstərir. Əgər layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20%-i səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra bu göstərici 7%-ə düşüb.
Sorğuda iştirak edən uşaqların 31%-i həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15% təşkil edib. Sorğudan sonra bu göstəricilər müvafiq olaraq 18% və 5%-ə qədər azalıb.
Testin nəticəsinə görə, layihədən sonra həftədə 5 gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25%-dən 5%-ə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13%-ə, çips yeyən uşaqların sayı isə 4%-ə qədər azalıb.
Xatırladaq ki, pilot layihə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı", eləcə də UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb.
Xəbər lenti
0