CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sayt rəhbəri həbs edilib, "Yeni Müsavat"ın baş redaktoru isə istefa verib

© AFP 2024 / THOMAS SAMSONQandal
Qandal - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
"Demokratik.az" saytının baş redaktoru Osman Nərimanoğlu Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
BAKI, 6 iyul — Sputnik. Azərbaycanda sayt rəhbəri tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən "Demokratik.az" saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
“Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan isə tutduğu vəzifədən istefa verib.
Bu barədə Azər Ayxanın öz Facebook səhifəsində bildirib:

“"Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim.
Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.
Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.
Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq”.

Qeyd edək ki, Azər Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. O, uzun illərdi ki, bu qəzetin rəhbərliyində çalışırdı.

Azər Ayxan “Yeni Müsavat” qəzetindən əvvəl “7 Gün” və “Müxalifət” qəzetlərində çalışıb. 2005-ci ilin yanvarında “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini təyin olunub. Daha sonra "Yeni Müsavat" Media Qrupunun rəhbəri tərəfindən baş redaktor vəzifəsinə gətirilib.
O, 2015-ci ildə Müsavat Partiyasının üzvülüyündən də istefa verib. O, ölkə başçısının sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı alıb.
Xəbər lenti
0