CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Naxçıvana təyyarə bileti tapılmır. Əməlli-başlı dərəbəylikdir"

© BRUCE BENNETT / Getty Images via AFPAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Abunə olmaq
Bileti onlayn almaq tövsiyə olunsa da, bank kartı olmayan sakinlər ciddi problemlərlə qarşılaşır.
BAKI, 17 iyun — Sputnik. Naxçıvana getmək istəyən vətəndaşlar təyyarəyə bilet almaq problemi ilə üzləşib. Bu barədə Sputnik Azərbaycan-a Naxçıvan sakinləri məlumat verib.
"Bir həftədir ki, kassadan bilet ala bilmirəm"
Naxçıvanın Cəhri kənd sakini Kəmalə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bir həftədir ki, Naxçıvana bilet almağa çalışsa da kassada bilet tapa bilmədiyini deyib:
Şikayətçi deyir ki, kassadan ona yaxın bir həftəyə Bakı-Naxçıvan reysinə biletin qalmadığını bildiriblər:

"Kassaların qabağında növbə var. Deyirlər ki, səhər saat 6-da gedib növbə tutmaq lazımdır. Mənim maşınım yox, taksiyə də pulum... Mən necə səhər saat 6-dan kassanın qarşısında növbə tutum? Bir nəfər vasitəçi dedi ki, "20 manat hörmət edin bilet təşkil edim". Ona da razı oldum. Amma sonra dedi "bilet yoxdur". Çarəsiz vəziyyətdə qalmışıq".

Naxçıvan sakini onu da deyib ki, əvvəllər Naxçıvana İran ərazisindən keçməklə, quru yolu ilə gedə bilib:
"İndi quru sərhədi bağlı olduğundan aman-güman yerimiz təyyarədir. Anam ağır xəstədir. Qorxuram ki, burda ölüb qalar. Mən tək qadın, onu necə öz torpağına apararam? Təyyarəyə də bilet tapa bilmirəm ki, anamı aparıb evinə qoyum".
Naxçıvan sakini Sputnik Azərbaycan-a bildirib ki, ona bileti onlayn almağı tövsiyə edirlər. Amma onlayn bilet almaqda çətinlik çəkir:

"Mən yaşlı qadınam. Deyirlər bank kartı ilə bilet al. Onu da bacarmıram. Ona-buna yalvarıram ki, mənə bilet alsın".

Naxçıvana onlayn bilet almağın çətinlikləri...
Qeyd edək ki, Naxçıvan sakinlərinə onlayn bilet almaq da o qədər asan başa gəlmir. Əvvəla, onlayn bilet almaq üçün Naxçıvana gedən sərnişinin öz adına bank kartı olmalıdır.
Əgər bank kartı yoxdursa, həmin sərnişinin başqa şəxsin bank kartı vasitəsilə bilet alması sözün əsl mənasında zülmdür. Belə ki, sərnişin əvvəlcə bank kartı olan yaxın bir şəxs tapmalıdır. Nağd vəsaiti onun bank kartına yükləməlidir. Daha sonra bank kartı adına olan vətəndaş həmin sərnişinə onlayn bilet ala bilər. Amma məsələ bununla da yekunlaşmır. Əgər sərnişin başqa şəxsin bank kartı ilə özünə onlayn bilet alıbsa, hava limanında qeydiyyat zamanı həmin şəxsin şəxsiyyət vəsiqəsinin, habelə ödəniş edilən kartın üz tərəfinin surətini təqdim etməlidir. Bu zaman isə vətəndaşın rahatlığına hesablanan onlayn bilet satışı öz əhəmiyyətini itirir. Sərnişin onlayn bilet aldığı kartın sahibi ilə görüşməli, onun şəxsiyyət vəsiqəsini və kartın üz tərəfinin sürətini əldə etməlidir.
Biletlər turizm şirkətlərinə satılır?
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, problem ciddidir:

"Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir".

© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 17.06.2022
Millət vəkili Fazil Mustafa
O qeyd edib ki, biletlər gizli şəkildə məlum turizm şirkətlərinə satılır:
"Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik, əldə etdiyim məlumata görə, bu biletlər gizli şəkildə məlum turizm şirkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm. Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı. Erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin".
Deputat, həmçinin bu gün, Milli Məclisdə bu mövzuda çıxış da edib. O, bildirib ki, Azərbaycanda ən çox müzakirə edilən məsələ Naxçıvan əhalisinin gediş-gəlişi ilə bağlıdır. Təyyarə biletlərinin qiymətlərinin 60 manata qaldırılması böyük problemlər yaradır:

"Avtomobillə İrandan keçməklə Naxçıvana getmək əvvəllər 30 manat olsa da, indi 38 manata başa gəlir. Digər bir problem isə təyyarə biletlərinin yoxluğudur. Biletlərin çoxu turizm şirkətlərinə satılır, yerli əhali buna görə problem yaşayır. İkincisi, Türkiyəyə olan qiymətlər çox bahadır. Buna görə də tələbələr İğdırdan Naxçıvana gəlməklə ölkəyə qayıtmaq istəyir. Yəni bilet qiymətlərinin artması bütövlükdə Azərbaycan əhalisi üçün problemə çevrilir. Bu məsələ üzərində hökumət çox ciddi düşünməli, problem həllini tapmalıdır".

AZAL bileti onlayn almağı tövsiyə edir
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda isə bildirilir ki, aviaşirkət Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytında almağı təklif edir. Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək.
"Hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər. Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq", deyə məlumatda bildirilir.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə aviabiletlərin alınmasına dair təlimatla aşağıdakı keçid vasitəsilə videoçarxda tanış olmaq olar:
Naxçıvana və ya geri istiqamətdə reyslərə onlayn aviabilet alınarkən saytda həmçinin səyahət edən sərnişinin vətəndaşlığını seçmək üçün sahə göstərilir.
Xatırladaq ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün güzəşt nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur.
Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvanın hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0