Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsilin bitmək bilməyən problemi: Fənlər üzrə müəllim sayında niyə qeyri-bərabərlik var?

© pixabay / PexelsMəktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 13.06.2022
Abunə olmaq
Dərs saatının azlığı bir çox müəllimlərin bölgələrdə təhsil verməkdən imtina etməsinə səbəb olur.
BAKI, 13 iyun — Sputnik. Bəzi fənlər üzrə müəllimlərin sayı çox olsa da, digər fənlər üzrə müəllim sayında çatışmazlıqlar var.
Təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, hazırda təkcə Bakıda ibtidai sinif şagirdlərinin sayı 6 452, ingilis dili müəllimlərinin sayı 4 min 11, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı 3 min 882 olsa da, bəzi fənlər üzrə bunun tam əksini görmək mümkündür.
Statistikaya istinad edən ekspert bildirir ki, hazırda 4 min 432 orta ümumtəhsil məktəbində 151 min müəllim tədris prosesində iştirak edir. Ümumiyyətlə, bəzi fənlər üzrə müəllim sayının çox olması həm həmin fənlərdə dərs saatlarının çoxluğundan, həm də daha öncəki illərdə yaranmış vəziyyətdən sui-istifadə hallarından qaynaqlanır:
"2009-cu ildən etibarən müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada keçirilməyə başladı. 2009-cu ildən Bakı, 2011-ci ildən isə respublika üzrə orta ümumtəhsil məktəblərində müəllim olmaq istəyənlər imtahandan keçirlər. Lakin buna qədər mövcud vəziyyətdən sui-istifadə halları olub ki, bu da müəllim sayının süni şəkildə artmasına gətirib çıxarıb".
Ekspertin sözlərinə görə, 2013-cü ilədək hər il 20-30 min müəllim tələbatdan daha çox işə qəbul olunurdu. Bu səbəbdən ibtidai siniflər üzrə müəllimlərin sayı çoxdur. Bəzən say çoxluğu ilə əlaqədar problemlər də yaşanır, həmin müəllimlərin maaşı daha az olur.
Cari vəziyyətə nəzər salan K.Əsədov qeyd edir ki, təkcə ötən ildə 61 min adam müəllim olmaq üçün sənəd vermişdisə, onlardan yalnız 9 mini işə qəbul olunmuşdu.
"Aylıq dərs saatlarının rolu da xüsusi əhəmiyyətə malikdir. Bir sıra fənlər istisna olmaqla, kimya, informatika kimi fənlər üzrə aylıq dərs saatlarının az olması bu sahədə müəllim sayının azalmasına da təsir edib. Rus bölməsində riyaziyyat, fizika, kimya fənləri üzrə müəllim çatışmazlığı var. Təsəvvür edin, ibtidai sinif müəlliminin ən azı 25 saat aylıq dərsi olursa, qeyd etdiyim fənlər üzrə bu təxminən 6-7 saatdır", - K.Əsədov deyib.
Ekspertin sözlərinə görə, Bakı şəhərində hər 9 şagirdə bir müəllim düşür. Müxtəlif ölkələrdə isə bu norma hər 8 şagirdə bir müəllimdir.
K.Əsədov bölgələrdə də müəyyən fənlər üzrə müəllim çatışmazlığının olduğunu deyib: "Bəzən vakant yer olur, gənclər gedib işləyir. Lakin 1-2 ildən sonra onlar geri qayıtdıqda, yenidən eyni problem yaranır".
Problemi necə həll etmək olar?
Çıxış yollarından danışan Kamran Əsədov bildirir ki, əvvəllər bir çox müəllimlər imtahansız qəbul olunduğu üçün dərs bölgüsü ilə bağlı problem yaranırdı. Nəticələri zəif olan müəllimlərin müqavilələrinə xitam verməklə bu problemin həlli mümkündür.
Ekspert vəziyyətdən çıxış yolunu stabil vəzifə maaşının müəyyənləşdirilməsində görür: "Dərs saatından asılı olmayaraq, həmin fənn müəllimləri 300-500 manat maaş alarlarsa, bu zaman problemi həll etmək mümkün olar".
Siniflərdə şagird sayını azaltmaqla dərs saatını artırmaq olarmı?
K.Əsədov qeyd edir ki, siniflərdə şagird sayının 30 olmasının səbəbi məktəblərdə əlavə siniflərin olmaması ilə bağlıdır: "Biz həmişə deyirik ki, siniflərdə şagird sayı 20-dən çox olmamalıdır. Belə olan halda məktəblər ikinövbəli olacaq ki, bu da valideynlər tərəfindən müsbət qarşılanmayacaq. Əlavə korpus tikmək də mümkün deyil. İstənilən halda proqnozlaşdırmaq mümkün deyil ki, məktəbə növbəti illərdə axın necə olacaq".
Təcrübədən çıxış edən ekspert qeyd edir ki, əvvəllər şagird sıxlığı müşahidə olunan məktəblərin bir hissəsinə indi müraciət, axın yoxdur:
"Cari vəziyyətə nəzər salsaq, görərik ki, növbəti tədris mövsümü üçün bu günədək 160 min uşaq birinci sinfə qəbul olub. Elə məktəblər var ki, siniflər boşdur, eləsi də var ki, orada yer yoxdur. Uşaq sayının çox olduğu məktəblərdə əlavə siniflər açmaq olar. Lakin təəssüf ki, məktəblərin sinif tutumu yetərli deyil".
Digər təhsil eksperti Elşən Qafarovsa hesab edir ki, regionlarda xüsusən də xarici dil fənləri üzrə müəllim çatışmazlığı var. Aylıq 5-6 saat dərsə görə ucqar rayonlara gedib fizika, kimya, informatika müəllimi işləmək istəyənlər demək olar ki, yoxdur. Çünki Bakıdan fərqli olaraq, bölgələrdə repetitora 50-80 manat və ya daha çox pul verənlər yoxdur. Bu səbəbdən də regionlarda müəyyən fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur.
E.Qafarovun fikrincə, vəziyyətdən çıxış yolu ümumtəhsil məktəblərində çalışan müəllimlərin maaşının 2-2.5 dəfə artırılmasıdır. Bundan başqa, differensiallaşmış əməkhaqqı sistemi tətbiq edilməlidir:
"Hər bir müəllim əldə etdiyi uğura görə fərqli əmək haqqı almalıdır. İnanıram ki, sertifikasiyadan sonra müəllimlər müəyyən kateqoriyalara bölünəcək və differensiallaşmış əməkhaqqı tətbiq ediləcək. Sertifikasiya mümkün qədər tez keçirilməlidir ki, qeyri-peşəkar, yaxud da peşəkarlıq səviyyəsi aşağı olan müəllimlər peşəkarlarla əvəzlənsin".
Onu da əlavə edək ki, təhsil eksperti Kamran Əsədov Bakı şəhəri üzrə apardığı araşdırma zamanı maraqlı bir statistika ortaya çıxarıb. Belə ki, hazırda paytaxtda 1140 fizika, 905 kimya, 885 rus dili, 740 informatika, 59 fransız dili, 53 alman dili müəllimi var. Göründüyü kimi, bəzi fənlər üzrə müəllim sayı həddindən artıq çox olsa da, bəzi fənlər üzrə müəllim sayı kifayət qədər azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0