Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İmtahanda maksimum bal toplayanların sayı niyə azalıb? İlginc səbəb

© AFP 2023 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
Abunə olmaq
Məleykə Abbaszadə orta statistik abituriyentin nəticəsinin aşağı olmasının problemə çevrildiyini bildirib.
BAKI, 10 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində heç bir abituriyentin maksimum nəticə (700 bal) toplaya bilməyib. Bu sosial platformada geniş müzakirəyə səbəb olub.
Builki ali məktəblərə qəbulun birinci mərhələsində abituriyentlər arasında nəticələrin o qədər də ürəkaçan olmaması isə müxtəlif səbəblərlə izah olunur. Kimisi bunu imtahan suallarının il-ildən çətinləşməsi, kimisi də ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirir.
İmtahanlarda yüksək bal toplayanların sayı niyə azalır?
Təhsil eksperti Elşən Qafararov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər ali məktəblərə qəbul göstəricilərinin aşağı düşməsinin əsas səbəbi imtahan suallarının məktəb proqramına əsasən tərtib olunmamasıdır. Onun sözlərinə görə, imtahanlar abituriyentlərin real bilik və bacarıqlarınən qiymətləndirilməsi fonunda aparılmalıdır.
Həmsöhbətimiz deyir ki, maksuimum bal toplamaq təhsilin keyfiyyət göstəricisi deyil. E. Qafarov iddia edir ki, DİM imtahanları keçirilən texniki quruma çevrilənədək biz bu problemi yaşayacağıq: "DİM-in öz proqramı var. İmtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. DİM-in öz vəsaitləri var. Suallar həmin vəsaitlərə əsasən hazırlanır".
E. Qafarovun sözlərinə görə, DİM-də struktur dəyişiklik aparılmalı, ölkədə testologiya mərkəzi yaradılmaldıır: "Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqca göstəricilərin aşağı düşməsi normaldır. Problem təhsil proqramında yox, imtahanı DİM-in öz fərdi proqramı əsasında keçirməsidir. Bu səbəbdən də abituriyentlər repetitor hazırlığına getməli olurlar. Bu kölgə təhsilinə şərait yaradır. Valideyn əlavə olaraq təhsil üçün pul xərcləyir. Məktəblər boşalır. Təhsil ocaqlarına inam azalır. Bir sözlə, təhsil sistemi parçalanır".
DİM sədri əksini iddia edir
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, 699 bal toplayanla 700 bal toplayan eyni səviyyədə olan uşaqlardır:
"Ümumiyyətlə, 600, 650 baldan yuxarı nəticə göstərən uşaqlar arasında pedoqoji cəhətdən heç bir fərq yoxdur. Ola bilər ki, hansısa bir materialla əlaqədar nəyisə bilməyib və ya səhv buraxıblar. Bununla əlaqədar maksimum nəticə olmayıb. Biz burada heç bir problem görmürük. Problem orta statistik abituriyentin nəticəsinin aşağı olmasıdır".
Məleykə Abbaszadə deyib ki, çətin suallara 25-30 faiz kontingent cavab verirsə, deməli suallar işləyir: "Onsuz da bu suallar hər kəsin cavab verə bilməsi üçün nəzərdə tutulmayıb".
Ən yüksək nəticəni hansı məktəblərin məzunları göstərib?
Qeyd edək ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər –Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər. II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır.
Bu imtahanda III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib.
III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.
Əvvəlki ildə necə olub?
Ötən ilki qəbul imtahanlarının təhlili isə ortaya maraqlı faktlar çıxardıb. Məlum olub ki, qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 10 faizini təşkil edib. Bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd olunub. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6 774 abituriyent 500-dən, o cümlədən 1 861 abituriyent 600-dən yuxarı bal toplayıb.
Bildirilib ki, 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 34,39%-i (640 nəfəri) I qrupun, 10,53%-i (196 nəfəri) II qrupun, 33,15%-i (617 nəfəri) III qrupun, 21,92%-i (408 nəfəri) IV qrupun abituriyentləridir.
Bu bölgələrin abituriyentləri öndədir
Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Bakı şəhərləri, Qubadlı, İsmayıllı və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12-16-sı imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Ölkənin 3 234 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 24,59%-nin təmsilçiləridir. Sayı 822 olan bu məktəblərin 81-i (9,85%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 26,28%-i onların məzunlarıdır.
Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi, Qubadlı rayonu Hal kənd, Masallı rayonu Sığıncaq kənd, Qubadlı rayonu Çaytumas kənd və Xızı rayonu 1saylı tam orta məktəblərini göstərmək olar.
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.06.2022
TƏHSİL
İmtahanlardan xaric edilən abituriyentlərə qətiyyən II şans verilməyəcək - XƏBƏRDARLIQ
Xəbər lenti
0