CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə balıqların sayı 10 dəfə azalıb - Balıqartırma zavodları niyə işləmir?

© AP Photo / Matias DelacroixBalıqlar, arxiv şəkli
Balıqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
Ekoloqun sözlərinə görə keçid dövründə ölkəmizdəki balıqartırma zavodlarının çoxunun fəaliyyətini dayandırması Xəzərdə balıqların sayının azalmasına təsirsiz ötüşməyib.
BAKI, 24 may — Sputnik. Xəzər dənizində balıq ehtiyatlarının 10 dəfələrlə azaldığı barədə həyəcan təbili çalınıb. Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov ötən həftə keçirilən "Ekoloji saat" verilişində bildirib ki, Xəzər dənizində bioloji resursların azalması ilə bağlı 9 ildən sonra ilk dəfə keçən il ekspedisiyalar keçirilib:
"Bu ekspedisiyalar balıq ehtiyatlarının öyrənilməsinə imkan yaradıb. 2012-ci ilə qədər biz 2005-ci ildən başlayaraq hər il tədqiqatlar aparırdıq. Keçən ilki ekspedisiyalarla 10 il öncəki tədqiqatları müqayisə etdikdə bildik ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb".
Xəzərdə balıqlar niyə azalıb?
Onun sözlərinə görə, burada bir neçə səbəb var. Səbəblərdən biri iqlim dəyişiklikləridir. Xəzər dənizinin həm üst, həm də orta təbəqəsində suyun temperaturu 4-5 dərəcə artıb: "Suda temperaturun bu cür qalxması zooplantları yandırır. Bir tərəfdən də yayda Günəşin şüalanması artır. Bu da qidalanan xırda balıqların populyasiyalarının azalmasına səbəb olub. Buna misal kilkələrdir. Kilkələr də Xəzər ixtiflorasının təxminən 60%-ni təşkil edirlər. Bu da əsas qidalanan nərə, qızılbalıq, siyənəkkimilər dəstəsinə aid olan balıqların ehtiyatlarının 10 dəfələrlə azalmasına səbəb olub".
Xəzərin çirklənməsi və brakonyerlik tüğyan edir!?
Mütəxəssislər isə Xəzərdə balığın kəskin azalma səbəbini bir sıra amillərlə izah edirlər.
Ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzərdə balıqların azaldılmasının əsas səbəbi dənizə çirkab suların axıdılmasıdır. Onun sözlərinə görə, ikinci səbəb biomüxtəlifliyin məhv edilməsidir.
Xəzərə buraxılan balıqların sayı azalıb
Ekoloq digər əsas səbəb kimi son illər Xəzərə buraxılan balıqların azalmasını göstərir. Onun sözlərinə görə, sovet dövründə Azərbaycanda balıqartırma zavodlarının sayı çox olub. Hər il bu zavodlarda yetişdirilən balıqlar Xəzərə buraxılıb ki, balıqların sayı kəskin azalmasın. Keçid dövründə ölkəmizdəki balıqartırma zavodlarının çoxu fəaliyyətini dayandırıb. Bu isə Xəzərdə balıqların sayına təsirsiz ötüşməyib:
"Bu problem təkcə bizə aid deyil. Xəzərin sahilində yerləşən 5 dövlətin hər birinin ərazisində bu problem var. Bu gün ən bahalı, keyfiyyətli sayılan bölgə və nərə balığı kimi balıq növləri yoxa çıxmaq üzrədir. Halbuki nərə dəniz balığı olsa da, süni şəkildə, zavodda yetişdirilə bilir. Zavodlar Xəzərdə qəhətə çəkilən balıqların artırılması ilə ciddi məşğul olmalıdırlar".
Balıqartırma zavodları işləyirmi?
T.Zeynalov bildirir ki, 1970-ci ildə Xəzər dənizində çəkilmə olduğundan Heydər Əliyevin tapşırığı ilə Neftçalada balıqartırma zavodu inşa edilib. Həmin zavod sayəsində dənizdə balıq qıtlığının qarşısı alınıb. T.Zeynalov balıqartırma zavodlarının sayının artırılmasının hazırkı vəziyyətdə vacib olduğunu qeyd edib.
Mehman Axundov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə balıqartırma sahəsində işlər görülür. Onun sözlərinə görə, Sahil qəsəbəsində yerləşən Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodu qızıl balıq yetişdirir. M.Axundov deyir ki, bu gün Azərbaycanda dənizə qızıl, nərə cinsli balıqlar və çəkikimilər buraxılır.
O bildirir ki, hazırda Azərbaycanda yeddi balıqartırma zavodundan üçü fəaliyyət göstərir. Axundovun sözlərinə görə, bunlar Xıllı Nərə Balıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı və Azərbaycan Təcrübi Dəniz Balıqartırma Zavodudur: "Bu balıqartırma zavodlarının sayəsində bu il dənizə 45 min ədəd qızıl balıq buraxılıb. Keçən il isə bu rəqəm 60 min olub. 565 min ədəd nərə, həmçinin çəkikimilərə aid olan 2,5 milyon ədəd kütüm balığı Xəzərə buraxılıb".
Bu il 7 milyon balıq Xəzərə buraxılacaq
M.Axundov bildirir ki, bu ilin sentyabr və oktyabr ayında dənizə 3,5 milyon çəki, belamur, kələmo balıq körpələrinin buraxılması nəzərdə tutulur. Həmsöhbətimiz deyir ki, il ərzində dənizə 7 milyon ədəd balıq buraxılması nəzərdə tutulur. Onun sözlərinə görə, 2003-cü ildən fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.
Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən ümumilikdə 45 milyon ədədə yaxın müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə çatdıqdan sonra Kür çayının mənsəbinə buraxılıb. 2007-ci ildən başlayaraq yaz-yay balıqartırma mövsümündə yetişdirilmiş nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək və daha yüksək kütləyə - 80-150 qrama malik olduqdan sonra Kür çayının mənsəbinə buraxılıb.
M.Axundov deyir ki, son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən - 1-1,2 qram daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olur: "Yəni, nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və bununla da istehsal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub".
Hansı balıqartırma zavodları özəlləşdirilib?
Apardığımız araşdırma zamanı bəlli oldu ki, Azərbaycanda vaxtilə fəaliyyət göstərən balıqartırma zavodlarının bir neçəsi özəlləşdirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirdilər ki, "D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti, "Varvara Balıq" ASC, S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun özəlləşdirilməsi üçün investisiya müsabiqəsi keçirilib.
Digər balıqartırma zavodlarının isə taleyi barədə məlumat yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
8-ci km bazarında balıq satışı - Sputnik Azərbaycan, 1920, 20.05.2022
İQTİSADİYYAT
Xəzərdə balıq kəskin azalıb
Xəbər lenti
0