SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistandan öhdəlikləri yerinə yetirməyi gözləyirik - Baş nazir

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanƏli Əsədov
Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 20.05.2022
Abunə olmaq
Nazir deyib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirməsini gözləyir
BAKI, 20 may — Sputnik. Mayın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfrans rejimində iclası olub. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.
Nazilər kabinetinin yaydığı məlumata görə, iclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb. Əli Əsədov bildirib ki, uzun illər ərzində müxtəlif səviyyələrdə yaranan sıx əlaqələr, habelə birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində səmərəli əməkdaşlığa şərait yaradacaq.
Əli Əsədov qeyd edib ki, cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil edib.
Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib:
"Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq".
Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib ki, bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir.
Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.
Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirməsini gözləyir.
Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.
Həmçinin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.
Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.
Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.
MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər barədə də məlumatlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0